
Gündəm / Siyasət / Cəmiyyət
6-02-2024, 15:46
279
Xuraman Muradova: Uca Rəbbim müzəffər xalqın MÜZƏFFƏR OĞLUNU qorusun!
ÖNDERTV.ORG
Son günlərdə bütün ölkə ictimaiyyəti böyük ruh yüksəkliyi ilə prezident seçkilərinə hazırlaşır. Səmimi etiraf edək ki, ötən ilin son günlərində Xankəndindən, Xocalıdan Türk dünyasını salamlayan Müzəffər Ali Baş Komandanımızın qürur dolu çıxışlarının təsiri ilə xalqımız bir daha qələbə ruhu ilə zəfər günlərinin sevincini yaşadı...
Qalib bir ölkənin vətəndaşı kimi bu günləri yaşamaq izaholunmaz dərəcədə möhtəşəm duyğudur... Bunu bütün varlığınla hiss etmək hətta qışın sərt çağları olsa belə bahar kimi səadət gətirir adamın ömrünə... Bu duyğudan ən çox pay alan yəqin ki, yaradıcı adam, yaradıcı təxəyyül olur...
Zəfərin bəxş etdiyi əzəmət və ilahi bir hüzur hissi ilə yaşadığımız ötən günlərə boylanmaq, həmin günləri səhifələmək isə bir ayrı qürurdur...
Həmin günlərdə Ali baş komandanın azad Qarabağa ilk səfəri zamanı bir hadisə heç unutmayacağım xatirələrlə yaddaşımda iz qoydu... Füzulidə bir çay evində adamlar oturub çay içdiyi vaxtda Cənab Prezident idarə etdiyi maşını saxlayır və orda oturan adamlara tərəf gedir. Çox təsirli bir mənzərə idi. Hamı ayağa qalxıb ona sarı yüyürür və “Qarabağ! Qarabağ!” deyirdi. Bu kadrları izləyəndə çox duyğulandım... Necə ki, övladımız bizə adımızı yox “Ana”, “Ata” deyə müraciət edir, həmin an anladım ki, Ali baş komandan bu xalqdan ötrü “Qarabağ” imiş, lap övladın “Ata” deyə doğma səslənişi kimi...
Biz O Atanın dəmir yumruğu, yolgöstərənliyi, əzmi və yenilməz iradəsi ilə 44 günlük böyük, şərəfli bir yol yürüdük...
Sözün həqiqi mənasında əfsanə kimi günlər yaşadıq. Lap Çingiz Aytmatov demişkən, “Əsrə bərabər gün”lər...
Və İlham Əliyev müdrik siyasəti ilə bütün dünyaya bəyan etdi ki, O, mənfur qonşularımızın 200 illik torpaq iddialarını 20 il düşünüb-daşındı və 44 günün içində sülh yolu ilə tamamladı, uzaqgörən siyasəti, ağlı, müdrikliyi, cəsarəti, dünyagörüşü, mərhəməti, insansevərliyi ilə hər bir azərbaycanlının prezidenti olmağı bacardı...
Görkəmli dövlət xadimi, yeni əsrin yeni lideri olan İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etməsindən düz 20 il zaman ötür. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. 1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini bütün dünya gördü. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü ildə keçirilən seçkilərdə onun layiqli davamçısı İlham Əliyevi dəstəkləyərək Prezident seçdi.
Yaşatdı xalqına böyük bir Zəfər
Zülmə min-min qılınc çalan Komandan!
Ürəyi dağ boyda, Ruhu göy qədər
Könüllərdə məlhəm olan Komandan!
Dövlət Başçımız, Ali Baş Komandanımız, Cənab Prezidentimiz İlham Əliyev şərəfli ömrünün 20 ilini millətinə, məmləkətinə fəda edən böyük ürəkli Türkdü...
Ömrünün Cumhurbaşqanlığa adanmış 20 ilini Əsrə bərabər yaşamış Dahi İnsandı...
O, Müqəddəs Savaşın ən Böyük Mücahididi...
O, Şuşa böyüklükdə Qalanın fatehidi...
Bu məmləkətin Laçın, Xankəndi, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocalı, Füzuli boyda yarasını Bayraqla sarıyan şəfalı Təbibdi, Loğmandı...
O, Azərbaycan Silahlı Qüvvələrinin adının haqqını verən Ali Baş Komandanıdır.
O, inanılmaz fiziki gücə və iradəyə sahib, son dərəcə savadlı, mədəni, alicənab, bilgiləri ilə bütün dünyaya meydan oxuyan Əfsanə kimi Adamdı...
O, sadəcə Şuşa fatehi, Qarabağın xilaskarı, Vətən savaşı Qəhrəmanı deyil – Könüllərimizin Fatehi və bizim hamımızın Qəhrəmanımızdır...
O, Ulu Öndərin uca Türk Millətinə ən qiymətli HƏDİYYƏSİDİR!..
O, bu xalqın Ər qeyrətli Atasıdır...
***
42 yaşında ölkəmizin ən ali vəzifəsinə seçilən cənab İlham Əliyev, ötən 20 il içində xalqımıza qələbələr, zəfərlər, uğurlar yaşatdı. Bizi uğursuzluq zolağından çıxaran lider, Ata vəsiyyətinə əməl edərəl Ulu Öndərin müqəddəs ruhunu şad etdi, gələcək nəsillərə yol göstərdi, üfüq və qanad verdi... O, xalqını, xalqı da onu bağrına basdı. – Bunun parlaq ifadəsidir ki, 2020-ci ilin Qalib Azərbaycanına, 2023-cü ilin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanına inanan – bu günləri görən müdrik xalqımız, 2003-cü ildə olduğu kimi, 2008, 2013, 2018-ci illərdə də İlham Əliyevə etimad göstərdi, səs verdi. 2023-cü ilin bu günlərində də yeganə Prezident olaraq xalq yenə də onu görmək istədi, Ona etimad göstərdi. Xalqın müdrikliyi, Prezidentin xalqcanlılığı və öz sözünün sahibi, içdiyi andına sadiqliyi, əhdinə vəfadarlığı bu günkü parlaq tarixi faktlar işığında çox möhtəşəm görünür.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilənədək, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti, Milli Məclisin üzvü, Milli Olimpiya Komitəsinin Prezidenti, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, YAP sədrinin birinci müavini, (sonralar partiyanın sədri), Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Milli Məclisin nümayəndə heyətinin rəhbəri, AŞPA sədrinin müavini, AŞPA-nın Büro üzvü, Azərbaycan Respublikasının Baş naziri kimi çox fərqli və çox önəmli vəzifələr daşımışdı.
Çağdaş dünya birliyinin ən təcrübəli liderlərindən olan İlham Əliyevin təltiflərinin yalnız bir qismini xatırlatmaqla, onun beynəlxalq səviyyədəki nüfuzunu aydın görmək mümkündür:
“Rumıniya Ulduzu” ordeni (11.10.2004), Səudiyyə Ərəbistanının “Kral Əbdüləziz” ordeni (08.03.2005), Polşanın “Xidmətlərə görə” Böyük Xaç ordeni (26.02.2008), Ukraynanın I dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22.05.2008), Latviyanın “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10.08.2009), Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24.04.2010), Bolqarıstanın “Stara Planina” ordeni (14.11.2011), Belarusun “Xalqlar dostluğu” ordeni (28.08.2012), “Serbiya Respublikasının lentli Ordeni” (22.02.2013), Türkiyənin “Dövlət nişanı” ordeni (12.11.2013), Ukraynanın “Azadlıq” ordeni (18.11.2013), Qazaxıstanın “Altın Kıran” (“Qızıl qartal; 24.08.2022) ali ordeni, Türk Dünyasının Ali Ordeni (12.11.2021) və başqa fəxri ordenlər...
Prezidentin Fəxri elmi adlarını yada salaq:
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (07.02.2004), Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru (01.03.2004), Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25.03.2004), Bilkənd Universitetinin fəxri doktoru (14.04.2004), Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12.10.2004), Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23.09.2005), Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24.04.2007), İordaniya Universitetinin fəxri doktoru (29.07.2007), Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18.02.2008), Moskva Dövlət Universitetinin fəxri professoru (21.02.2008), Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22.05.2008), Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28.11.2008), Belarus Dövlət Universitetinin fəxri professoru (12.11.2009), Çinin Renmin Universitetinin Tarix üzrə fəxri professoru (11.12.2015) və başqa fəxri adlar...
Əlbəttə, beynəlxalq nüfuz ölkə içində qazanılmış nüfuzun inikası, davamıdır.
İlham Əliyevin prezidentliyi dönəmində çəkilən yollar, qazılan tunellər, salınan körpülər... Azərbaycandan keçən yaxud Azərbaycandan başlayan böyük nəqliyyat xətləri, bir sözlə, infrastruktur layihələri qeyri-adi dərəcədə həyati və fövqəladə dərəcədə önəmli olub, ölkəmizə üstünlüklər gətirdi (gətirir).Bəli, dövlət başçısının sarsılmaz siyasi iradəsi, qəbul edilmiş proqramlar, alternativlərin ən yaxşısı olan yol xəritələri nəhayətdə öz bəhrəsini verdi – bizi böyük Zəfərə götürdü...
Ötən illər ərzində Azərbaycan Prezidenti xarici münasibətlərdə dövlətimizi ləyaqətlə təmsil etdi. İlham Əliyev hər xarici səfərində, hər beynəlxalq platformada xalqımıza qürur yaşatdı, bu gün də qürur yaşadır, gələcəkdə də qürurumuz olacaq.
O, Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, eləcə də, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə ləyaqətlə əməl edilməsinin təminatçısı olduğunu əməldə parlaq şəkildə sübut etdi.
Prezident Ali Baş Komandan olaraq, Silahlı Qüvvələrimizin qüdrət qazanması, istənilən tapşırığı qüsursuz yerinə yetirməsi üçün var gücü ilə çalışdı, çalışır və bu yolda yürüyənlərə örnəkdir.
Ötən illərdə dövlət büdcəsində hərbi xərclərin çəkisi xüsusi şəkildə artırılaraq elə səviyyəyə çatdırıldı ki, işğalçı dövlətin ümumi büdcəsi ilə müqayisə olundu. Azərbaycan Respublikasının hərbi doktrinasını ali qanunvericilik orqanına təqdim edən Prezident, dövlətin həmçinin çox vacib sosial-iqtisadi proqramlarını təsdiq etdi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarını yeni çağırışlara uyğun dizayn etdi.
Heç təsadüfi deyil ki, 44 günlük müharibədən sonra da Orduya ayrılan vəsaitlər azaldılmadı – daha da artırıldı və bu həyati qərarın nə dərəcədə effektiv olduğu göz qabağındadır: ərazi bütövlüyümüz və Qarabağda dövlət suverenliyimiz tam bərpa olundu!
200 illik bir torpaq iddiasını, bitməyən savaşı 20 ilə durdura bilən dövlət başçısının adı daim könlümüzdə, qələmimizdə, kitabımızdadır! Başı ucaltdığı üçrəngli bayrağımız kimi daim uca olsun! Tanrı Ali Baş Komandanımızı qorusun!
Tanrı Türk Dünyamızı qorusun!
Xuraman Muradova
Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,
Türk dünyası “Onur” və “Altın yıldız” medallı,
Humay Milli Mükafatı laureatı,
Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Türkiyə Yazarlar Birliyinin üzvü