Azərbaycanın maraqlarını heçə saymaq Avropa Şurasına müsbət heç nə qazandırmayacaq - ŞƏRH
24-01-2024, 19:24
232

Azərbaycanın maraqlarını heçə saymaq Avropa Şurasına müsbət heç nə qazandırmayacaq - ŞƏRH

ÖNDERTV.ORG

Avropada və dünyadakı bəzi qərəzli və ədalətsiz təsisatlar kimi, Avropa Şurası da Azərbaycanın qələbələrini, son zamanlar qazandığı uğurları qəbul edə bilmir. Qurumun deputatları bu məsələlərlə bağlı ermənipərəst, ədalətsiz və qərəzli mövqelərini xüsusilə Azərbaycanın siyasi proseslərin astanasında olduğu bir vaxtda daha açıq şəkildə nümayiş etdirirlər.
Bu sözləri açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov söyləyib.
Politoloq qeyd edib ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycana qarşı əsassız bəyanat səsləndirməsi təsadüfi deyil. Avropa Şurasında bu mövqenin əsassız iddialarla, bəhanələrlə ifadə edilməsi təəssüf doğurur. Onlar fikirlərini bu şəkildə əsaslandırırlar ki, Azərbaycan Avropa Şurasının nümayəndələrini Laçın dəhlizinə buraxmayıb və Avropa Şurası ölkəmizdə prezident seçkilərini müşahidə etmək üçün dəvət olunmayıb. Lakin Avropa Şurası həmin təşkilatdır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ildən bu təşkilata üzv olmaq üçün müraciət edib. Əslində bizim o zaman bu təşkilata üzv olmaq üçün müraciət etməyimizin əsas səbəbi keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı idi. Yəni, o zamanlar Azərbaycan ərazisinin bir hissəsi işğal altında idi. 1992-ci ildə etdiyimiz müraciətə təxminəm 10 ildən sonra cavab verildi və 2001-ci ildə Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü oldu. Avropa Şurasına üzv olduqdan sonra Azərbaycan ilə bu qurum arasında münasibətlər çox yüksək səviyyədə olub. Lakin münasibətlərin yüksək səviyyəsinə baxmayaraq, torpaqlarımızın 30 ilə yaxın işğal altında olduğu dönəmdə Avropa Şurası tərəfindən Ermənistana qarşı hər hansı ciddi bəyanat səsləndirilmədi, heç bir sənəd qəbul edilmədi. Məhdudiyyətlə bağlı addımın atılmaması bizə onu deməyə əsas verdi ki, artıq Avropa Şurası da qərəzli, ədalətsiz yanaşmasından əl çəkmək istəmir.
Avropa Şurasının bu gün bəzi ermənipərəst qüvvələrin, bir sıra qərəzli və ədalətsiz güclərin alətinə çevrilməkdə olduğunu vurğulayan Xəyal Bəşirov qeyd edib: “Fransa və onun təsiri altına düşən Almaniya bu məsələdə Avropa Şurasının sükanını öz əlinə alıb və onu idarə edir. Bir sözlə, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mikrofonların düyməsi təşkilatı istədikləri kimi idarə edən Fransa, Almaniya kimi qüvvələrin əlindədir.
Əslində, Azərbaycan Avropa Şurasının da aid olduğu coğrafiyada əhəmiyyətli mövqeyə malik dövlətdir. Bu gün onlar Azərbaycana sıradan bir üzv kimi baxmamalıdırlar. Avropa Şurasının hazırda 46 üzvü var və onlardan 27-si Avropa İttifaqına üzv dövlətdir. Həmin dövlətlərin coğrafiyasına nəzər yetirsək, Azərbaycan regionun enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir”.
Politoloq vurğulayıb ki, Azərbaycan qarşı əsassız ittihamların səsləndirilməsi, məkrli və hiyləgər oyunların qurulması, əslində, ölkəmizdən çox Avropa Şurasına zərər verəcək. Çünki biz bütün təsisatlara, beynəlxalq hüququn subyektləri olan dövlət və təşkilatlara bərabər əməkdaşlıq qura biləcəyimiz tərəfdaş kimi baxırıq. Bu gün Avropa Şurasına Azərbaycan nə qədər lazımdırsa, Azərbaycana da Avropa Şurası bir o qədər lazımdır. Əgər bizim ümummilli maraqlarımıza və qələbəmizə kölgə salmaq istəyirsə, Avropa Şurasından çıxmaq Azərbaycan üçün hər hansı ciddi əhəmiyyət kəsb etmir. Çünki bizim əsas məqsədimiz bu təşkilatdan, onun tribunasından keçmiş münaqişə üçün istifadə etmək idi, lakin AŞPA bu istiqamətdə heç bir iş görmədi. Çünki bu təşkilat da, onun ayrı-ayrı təsisatları da keçmiş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinə qərəzli, ədalətsiz yanaşdılar.
“Düşünürəm ki, bu gün Avropa Şurası da, onun parlamenti də özünün bu addımları ilə öz maraqlarına xidmət edən Fransa, Almaniya kimi dövlətlərin alətinə çevrildiyini göstərməklə, əslində, oyuncaq təsisat olduqlarını bir daha göstərdi. Təbii ki, bu, günümüzdə ən çox təşkilatlanmış region olan Avropanın və onun təşkilatlarının nüfuzuna çox ciddi zərbədir. Fikrimcə, Avropa Şurası və üzv dövlətlər bu məsələdə həssaslıq göstərməlidir. Çünki Azərbaycanla zor dilində danışmaq, ona yuxarıdan aşağı baxmaq və maraqlarını heçə saymaq nəinki Avropa Şurasına, heç bir təşkilata və dövlətə müsbət heç nə qazandırmayacaq”, - deyə X.Bəşirov qeyd edib.

Oxşar xəbərlər