ZƏFƏRİN MÜBARƏK,VƏTƏN!
7-11-2023, 23:42
39

ZƏFƏRİN MÜBARƏK,VƏTƏN!

ÖNDERTV.ORG

Zəfər qoxulu 3 il...
Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsi xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. 
Azərbaycan xalqı bütövlükdə öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək dünyanın dörd bir tərəfinə öz gücünü göstərdi. Ərazi bütövlüyümüz birmənalı şəkildə təsdiq edildi. Bütün dünya gücümüzə şahid oldu. Məğlubedilməz sərkərdə, Azərbaycan xalqının böyük oğlu cənab İlham Əliyev, eyni zamanda güclü bir diplomat olduğunu da bütün dünyaya sübut etdi. 30 il düşmən tapdağında qalan torpaqlarımız məhz əzmli sərkərdəmizin qüdrəti, eyni zamanda onun düşünülmüş diplomatiyası nəticəsində azad edildi. 
Azərbaycan xalqının ümumilli lideri, ulu öndər Heydər Əliyev öz nitqlərində işğal altında olan torpaqlarımızın bir gün mütləq geri qayıdacağını söyləmişdir. Ümumilli liderimizin xalqımızın qarşısında verdiyi söz müzəffər sərkərdəmiz, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildi.
Xocalı qurbanlarının, Gəncə, Bərdə, Tərtər kimi bölgələrimizdə düşmən tərəfindən qətlə yetirilən günahsız insanların qisası alındı. Ordumuz dəmir yumruqla işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. 8 noyabr xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqı böyük qələbənin sevincini yaşadı. “Qarabağ Azərbaycandır!” ifadəsini iliklərimizədək hiss etdik, böyük qürur və fəxarət hissi ilə bu iki kəlimənin sevincini yaşadıq. Füzuli, Ağdam, Kəlbəcər, Cəbrayıl, Laçın, Zəngilan, Qubadlı kimi rayonlarımız azad edilərək gerçək sahibinə geri qaytarıldı. 
İllərdir düşmən tapdağında inləyən, Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın döyünən qəlbi, xarıbülbülün vətəni cənnət Şuşamız azad oldu. Şuşa həsrətimizə son qoyuldu. Şuşanın alınması ilə ordumuz hərb tariximizə daha bir şanlı salnamə yazdı. Ordumuzun döyüş taktikası bütün dünyanı heyrətləndirdi. Azərbaycan əsgəri əsl mərdlik və cəsarət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu istehkamlar darmadağın edildi. Torpaqlarımız yüksək hərbi peşəkarlıqla geri qaytarıldı.
“Qarabağ Azərbaycandır və nida işarəsi!” deyən Ali Baş Komandan, cənab İlham Əliyev böyük əzəmət və iradə ilə sözünə əməl etdi. Rəşadətli ordumuz ən yüksək şəkildə qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı azad etdi. 
Deyirlər, torpaq, əgər uğrunda ölən varsa, vətəndir. 44 günlük Vətən müharibəsində də xalqımızın el qeyrətli oğulları torpaqlarımızın hər qarışı uğrunda canlarını qurban verdilər. Belə çətin gündə vətənin müdafiəsinə qalxdılar. Böyük əzmlə vuruşaraq şəhidlik zirvəsinə ucaldılar. Şair demişkən, “Vətən uğrunda ölənlər ölümündən doğular”.
Bəli, bu gün vətənin bölünməzliyi uğrunda qəhrəmancasına canını qurban verən şəhidlərimiz ölümlərindən doğuldular. Əgər bu həyatda yaşayarkən onları ailələri, yaxınları tanıyırdısa, şəhidlik kimi müqəddəs ada layiq görüldükdən sonra bu igidləri bütün Azərbaycan xalqı tanıdı. Onların haqqında dastanlar yazıldı, nəğmələr qoşuldu. Dumanlar başında dastana dönən şəhidlərimiz öz qanları ilə tarix yazdılar.
Şəhid qanı axmayan torpaqdan vətən olmaz. 3 min şəhid verdik vətən torpağı uğrunda. Bu dünyadan Poladlar, Mübarizlər, Cəbrayıllar, Xudayarlar, Adillər, Xansular, Fərminlər, İbrahimlər, neçə-neçə qəhrəman oğullar gəlib keçdi.
Vətənin hər qarışı uğrunda qan töküb şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız! Adı da, özü də dastana dönən şəhidlərimiz! Ruhunuz qarşısında baş əyirik. Qəhrəmanlar heç zaman ölmür. Onlar daim yaşayır və gələcək nəsillərin qürur mənbəyi kimi yaşayacaq.
Bu gün şanlı qələbəmizin ildönümünü qeyd edirik. Bütün Azərbaycan xalqı zəfər sevinci yaşayır. Haqq yolunda qalibiyyətimizin qürurunu qeyd edirik. 
Gözün aydın, Azərbaycan! Yaşa, var ol, Azərbaycan xalqı! Zəfərin mübarək!
Gülxar RƏHİMLİ,
 Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“XAÇMAZ”.

Oxşar xəbərlər