Fərid Şəfiyev: COP29-un Azərbaycana həvalə edilməsi ölkəmizin nüfuzundan xəbər verir
13-01-2024, 19:29
31

Fərid Şəfiyev: COP29-un Azərbaycana həvalə edilməsi ölkəmizin nüfuzundan xəbər verir

ÖNDERTV.ORG



BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsi mühüm hadisə olacaq. Bununla bağlı iki amili qeyd etmək yerinə düşər. İlk növbədə, belə bir mötəbər tədbirin Azərbaycana həvalə edilməsi ölkəmizin nüfuzundan xəbər verir. Eyni zamanda, bu hadisə Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən olduğunun göstəricisidir.
Bu fikirləri  açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
COP28-in ərəb dünyasının ən zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən təşkil edildiyini xatırladan BMTM-in sədri bildirib: “Tarixə nəzər salsaq görərik ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarına adətən, neft ölkələrinin ev sahibliyi etməsi artıq faktdır. Vurğulanmalıdır ki, COP-a ev sahibliyi etmiş ölkələr həm regionda və həm də dünyada kifayət qədər nüfuzu olan ölkələrdir. Buna iki aspektdən yanaşma mümkündür. Bəzi ölkələr güclü neft ölkəsi olan BƏƏ-dən sonra bu mötəbər tədbirə ev sahibliyinin digər neft ölkəsi olan Azərbaycana verilməsinə qısqanclıqla yanaşırlar. COP29-un ölkəmizə həvalə edilməsi bir daha onu göstərir ki, neft istehsal edən Azərbaycan kimi ölkə alternativ enerjinin inkişafına fikir verir. Deməli, güclü neft ölkələri alternativ enerjinin inkişafını diqqətdə saxlayırlar”.
Azərbaycanda bir sıra mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdıran Fərid Şəfiyev ölkəmizin 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30-40 faizə çatdırılmasını hədəf kimi qarşıya qoyduğunu qeyd edib. Ölkəmizin bu istiqamətdə müxtəlif dünya ölkələri ilə münasibətlərindən danışan BMTM-in sədri Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olmasını da diqqətə çatdırıb. O, COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərarın da məhz BƏƏ-də qəbul edilməsinin təsadüfi hadisə olmadığını vurğulayıb.
“Azərbaycanın enerji sahəsində və BƏƏ ilə həyata keçirdiyi layihələrdən biri də “Masdar” layihəsidir. Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr 2021-ci ildə imzalanıb. Bu müqavilələr əsasında qurulan əməkdaşlıq çərçivəsində 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasının - Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulub”, - deyə Fərid Şəfiyev diqqətə çatdırıb.
Ölkəmizin alternativ enerji ilə bağlı Rumıniya, Gürcüstan və Macarıstanla ortaq layihələrinin olduğunu qeyd edən BMTM-in sədri deyib: “Bu layihə alternativ enerjinin Avropaya və adıçəkilən ölkələrə daşınmasının təminini özündə ehtiva edir. Bu da təbii olaraq Azərbaycanın alternativ enerji ilə bağlı öhdəliyini göstərir və ölkəmiz bu öhdəliyi ardıcıl yerinə yetirir”.

Oxşar xəbərlər