8 noyabr - Şanlı Zəfər tariximiz.
4-11-2022, 22:16
190

8 noyabr - Şanlı Zəfər tariximiz.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman və rəşadətli ordumuz Ermənistanın yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı qəsbkardan azad etmək məqsədi ilə 2020-ci il sentyabrın 27-dən başladığı və 44 gün ərzində həyata keçirdiyi Zəfər yürüşündə möhtəşəm tarixi qələbə qazandı. Azərbaycanın qəhrəman oğulları 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək Azərbaycan xalqına böyük qələbə sevinci bəxş etdilər. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi.44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan xalqının mübarizliyini, ölkəmizdə xalq-ordu-rəhbər vəhdətinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Müharibənin ilk günlərindən başlayaraq işğal altında olan kəndlərin, qəsəbələrin, şəhərlərin azad olunması xalqımızın qələbə ruhunu yüksəltməklə bərabər Azərbaycan dövlətinin gücünü göstərdi. 44 gün ərzində dövlətimiz BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Bu şanlı Zəfəri bizlərə bəxş edən yenilməz Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Beləliklə sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu gün xalqımız milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu tarixi qələbəni yüksək səviyyədə qeyd edir. 
44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qızlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq. Şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Azərbaycan xalqının Zəfəri, qələbəmiz əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaqdır.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri.


ÖNDERTV.ORG

Oxşar xəbərlər