“Tribunalardan bu cür dəstək gözləmirdim” - Ukraynalı atıcı + Yenilənib
21-08-2023, 00:44
93

“Tribunalardan bu cür dəstək gözləmirdim” - Ukraynalı atıcı + Yenilənib

ÖNDERTV.ORG

Atıcılıq idmanı üzrə dünyada son 5 ilin ən böyük oyunu Bakıda davam edir. 

ÖNDERTV.ORG xəbər verir ki, dünya çempionatının bugünkü final yarışları 25 metr məsafəyə tapançadan atəş üzrə qadınların mübarizəsi ilə başlayıb.

Yarışın qızıl medalına 40 xalla Almaniya təmsilçisi Doren Vennekamp sahiblənib. Ukrayna isə yığması dünya çempionatında ilk medalını əldə edib.
Belə ki, ukraynalı Olena Kosteviç 31 xalla öz komandasına gümüş medal qazandırıb. 25 xalla bürünc medala yiyələnən Latviya atleti Aqate Rasmane komandasının bu dünya çempionatında ilk uğuruna səbəb olub.
Bu yarışda finala düşmüş Latviya, Tailand, Cənubi Koreya və Tayvan komandasının üzvləri öz ölkələrinə “Paris-2024” Yay Olimpiadasında iştiraka lisenziya qazandırıblar.
***
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 25 metr məsafədə pnevmatik tüfəngdən atəş açma yarışlarında qızıl medal qazanan Doreen Vennekamp bu növdə 2023-cü il üzrə ən yüksək reytinqə malik olan atletdir.
Dünya rekordçusu olan idmançı yarış haqda təəssüratlarını bölüşüb:
“Finala kimi hər şey mənim üçün yaxşı oldu. Həlledici yarışda isə istəyimə çata bildim. Gördüyünüz kimi, medal boynumdadır. Ukrayna təmsilçisi Olena Kosteviçlə aramızda çox yaxşı rəqabət oldu. O, finalın gedişində önə keçə bildi. Bu, təsadüf deyildi. Olena olimpiya medalları qazanan çox güclü idmançıdır. Diqqətimi toplayıb sona yaxın bir neçə sərrast atışla onu keçə bildim”.
28 yaşlı atıcı iddialı danışaraq birinci pilləyə layiq olduğunu bildirib:
“Qızıl medal mənim üçün sürpriz olmadı. Çünki, reytinqdə birinci sıradayam. Yarışdan qabaq Olena mənə yaxınlaşıb dedi ki, məğlub edilməzsən, bunu göstər. Final göstərdi ki, mən həqiqətən birinci yerə layiqəm”.
***
Pnevmatik tüfəngdən 50 m məsafəyə 3 mövqedən atəş üzrə kişilər arasında yarışda Avstriya təmsilçisi Aleksander Şmirl qızıl medal qazanaraq atıcılıq üzrə dünya çempionu tituluna yiyələnib.
Çexiyalı Pyotr Nimburski 459.2 xalla gümüş medal sahibi olub. Yarışın bürünc medalı 450 xal toplayan hindistanlı Akhil Şeorana çatıb. Hindistanlı oyunçunun öz ölkəsinə olimpiya lisenziyası qazanmasını Beynəlxalq Olimpiya Komitəsi də xəbər edib. “Paris-2024”-ə digər lisenziyaları öz ölkələrinə Avstriya, İsveçrə və Finlandiya atletləri qazandırıblar.
***
Dünya çempionatının rəsmisi: “Azərbaycan hər zaman möhtəşəm evsahibliyi ilə diqqət çəkib”.
İSSF-in stend atıcılığı üzrə texniki nümayəndəsi Abdullah Əli Əl Motava Əl-Hammadi yarışla bağlı təəssüratlarını bölüşüb.
Qurumun Qətərdən olan rəsmisi təşkilatçılıqla bağlı yüksək fikirlər səsləndirib:
“Bura mənim üçün çox doğmadır. Azərbaycana İslam Həmrəyliyi Oyunlarında, həmçinin, ötən il dünya kubokunda gəlmişdim. Azərbaycan hər zaman möhtəşəm evsahibliyi ilə diqqət çəkib. Bu dəfə də həmçinin. Açılış mərasimindəki gözəlliyi hər kəs gördü. Atıcıların rahat hazırlaşması və atəş açması üçün hər cür şərait yaradılıb. Mükafatlandırma mərasimi də qonaqların ürəyincə təşkil olunur. 100-dən çox ölkədən 1200-dən çox atıcı cəlb olunub ki, bu da dünya çempionatının möhtəşəmliyindən xəbər verir.
Əl-Hammadi dünya çempionatındakı uğurlu çıxışla “Paris-2024” Olimpiya Yay Oyunlarına lisenziya qazanmaq istəyən azərbaycanlı atletlərlə bağlı bunları deyib:
“Azərbaycanlı kişi və qadım atıcıların yüksək səviyyədə olduğunu və yüksələn xətt üzrə inkişaf etdiklərini bilirəm. Hazırda dünya çempionatında elit idmançılar çıxış edir. Adından da göründüyü kimi, dünyanın ən güclü atletləri burada cəmlənib. Dünya çempionatı yerli atıcılar üçün yaxşı təcrübədir. Ümid edirəm ki, növbəti yarışlarda medal sıralamalarında Azərbaycandan olan atıcıların da adlarını görəcəyik”.
***
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir. Bu gün kişilər 50 metr məsafəyə 3 mövqedən atəş açma yarışı keçirilib. Sözügedən kateqoriyada Avstriya təmsilçisi Aleksandr Şmirl qalib olub.
O, mükafatlandırma mərasimindən sonra müsahibə verib. 33 yaşlı atlet əvvəlcə təəssüratlarını bölüşüb:
“Bu gün mənim çox gözəl gündür. Təsnifat mərhələsində istəyimə nail olub, finala vəsiqə qazandım. Medallar uğrunda mübarizə aparan səkkiz idmançının hər biri çox güclü və peşəkar idi. Bütün diqqətimi yarışa və öz çıxışıma yönəldə bildim. Nəticədə istəyimə nail olaraq qızıl medal qazandım. 
- Bu, Azərbaycana neçənci səfərinizdir və təəssüratlarınız necədir?
- Bura 8-ci gəlişimdir. Azərbaycanda ilk dəfə 10 il bundan əvvəl olmuşam. Hər gəlişimdə paytaxtınızda dəyişiklikləri görürəm. Bakı zaman keçdikcə daha da gözəlləşir. Yarışla bağlı hər şey yüksək səviyyədə təşkil olunub. Bakı Atıcılıq Mərkəzi çox mükəmməldir. Burada yarışmaq xoşuma gəlir.
- Qızıl medalı kimə həsr edirsiniz?
- Bu medalı məni dəstəkləyən, yanımda olan və ən çətin anımda qələbəyə təhrik edən hər kəsə həsr edirəm.
- Təsnifat mərhələsində dəqiq atışlarla yadda qaldınız. Finalda da eyni formada çıxış etdiniz. Bu, çox nadir hallarda olur. Adətən fərqli nəticələr qeydə alınır. Buna necə nail oldunuz?
- Haqlısınız, mən təsnifatda yaxşı çıxış etdim. Bundan sonra final üçün diqqətimi toparlamağa çalışdım. Əsas mərhələ çox da çətin olmadı. Çünki startdan yaxşı xal topladım  və sona qədər bu cür davam etdim.
- “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandınız. Bu barədə nə düşünürsünüz?
- Əvvəlki illərdə olimpiadalara qatılmaq yönündə şanssızlıq yaşamışdım. Buna görə lisenziya qazanmamışdım. Çox şadam ki, Paris-2024-də iştirak edə biləcəyəm. Amma mənə görə ən böyük nailiyyət dünya çempionu olmaqdır.
***
Ukrayna komandası bu gün atıcılıq üzrə dünya çempionatında ikinci gümüş medalını qazanıb.
Dairəvi stend atıcılığı üzrə qarışıq komanda növündə yarışda ukraynalı İrina Maloviçko və Mikola Milçev qızıl medalı ABŞ-ın Vinsent Hankok və Cuel Ostin Smit cütlüyünə 1 xalla uduzaraq əldən verib. Böyük Britaniya komandasının Bakıda keçirilən dünya çempionatında ilk medalı bu yarışda Ben Levelin və Co Amber Ratter cütlüyünün qazandığı bürünc medal olub.
ABŞ komandasının təcrübəli siması, kişilər arasında 3-qat olimpiya çempionu olan Vinsent Hankok Azərbaycan paytaxtının onun üçün uğurlu olduğunu söyləyib:
“Bakıda keçirilən dünya kubokunda da qalib olmuşdum. Burada yenə qızıl medal qazandım. Bakı möhtəşəmdir. Atıcılıq Mərkəzi də çox gözəldir. Uzun illərdir ki, yarışlarda çıxış edirəm. Bura gəldikdə özümü öz evimdəki kimi hiss edirəm. Mərkəzinizdə çıxış etməkdən çox xoşum gəlir. Maraqlıdır ki, Bakı mənim üçün hər dəfə düşərli olur”.
O, ilk atışlar zamanı etdiyi səhvlərdən sonra əsəbi olmadığını bildirib:
“Final görüşünün əvvəlində bir-iki atış zamanı hədəfdən yayındım. Buna görə əsəbi deyiləm. Əksinə çox rahat idim. Xoşbəxtəm ki, mənim belə komanda yoldaşım var. O, məni kompensasiya etdi”.
Cuel Ostin Smit isə Vinsentlə birlikdə çıxış edən zaman rahat çıxış etdiyini bildirib:
“Biz eyni ştatda yaşayırıq. Uzun müddətdir ki, bir yerdə məşq edirik. Ona görə də anlaşmağımızda heç bir problem yoxdur. Üzərimdə təzyiq hiss etmirəm, çox rahatam. Öz evimizdə yarışır kimi davrandım”.
***
Ukraynalı atıcı: “Atışa başlayanda tribunalardan bu cür dəstək gözləmirdim”.
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında dairəvi stend atıcılığının qarışıq komanda növündə gümüş medal qazanmış Mikola Milçevlə İrina Maloviçka müsahibə verib.
- Sizi Azərbaycanda görməkdən məmnunuq. Siz də kifayət qədər xoşbəxt görünürsünüz.
- M.M.: Azərbaycana ilk səfərimiz deyil. Bir neçə dəfə burada olmuşuq. Və deyim ki, hər dəfə böyük məmnunluq hissi ilə buraya gəlirik.
- Dünya çempionatı ilə bağlı təəssüratlarınız necədir?
- M.M.: İndiyə qədər bir çox dünya çempionatlarında iştirak etmişəm. Açıq deyim, heç yerdə bu cür təşkilatçılıq görməmişəm. Bu, əksər ölkələr üçün əsl nümunədir. Bakıda hər şey fenomenal şəkildə təşkil olunub. Təşkilatçılara xüsusi minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, yarışlar başladığı kimi də başa çatacaq.
- Tribunalarda sizi xeyli sayda azərbaycanlı dəstəkləyirdi. Bu, sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- İ.M.: Açığı, atışa başlayanda tribunalardan bu cür dəstək görəcəyimizi gözləmirdim. Yarışın gedişində azarkeşlərin səsini eşitməyə başladıq. Bu cür dəstək bizə əlavə motivasiya və özünəəminlik verdi. Hər birinə təşəkkür edirəm.
- Yarışın əvvəlində atışlarınız dəqiq idi, hətta 3-qat olimpiya çempionu olan rəqibiniz Vinsent Hankoku üstələyirdiniz. Sona yaxın büdrəməyinizə nə səbəb oldu?
- M.M.: Belədir, bəzən alınır, bəzən də yox. Bir çox faktorlar səbəb ola bilər. Mübarizə indi başa çatıb. İsti başla nəsə demək çətindir. İmkan olan kimi analiz edib, harda səhvə yol verdiyimizi müəyyənləşdirəcəyik. Bəlkə də “qızıl”ı daha çox istəməyimiz bizi “yandırdı”.
- İki epizodda tribunalara baxıb, başınızdakı papağı çıxardınız. Bunun xüsusi səbəbi vardı, yoxsa təşəkkür növüdür?
- M.M.: Tribunadan bizə möhtəşəm dəstək gəlirdi. Bu jesti etməklə azarkeşlərə təşəkkür etdim. Onlar da jestimi alqışla qarşıladılar.
- Məşhur azərbaycanlı atıcımız Zemfira Meftaxetdinova Sidney-2000 olimpiadasında qızıl medal qazanmışdı. Siz də həmin vaxt eyni uğura sevinmişdiniz. Zemfira xanımla münasibətiniz var?
- M.M.: Əlbəttə. Həm də çox yaxşı münasibətə sahibik. O, bizim ən yaxın dostlarımızdan biridir və biz onu çox sevirik.











ÖNDERTV.ORG

Oxşar xəbərlər