Sülh danışıqlarına düyün salmaq istəyənlər - TƏHLİL
17-06-2023, 10:09
56

Sülh danışıqlarına düyün salmaq istəyənlər - TƏHLİL

ÖNDERTV.ORG

Ermənistanın Laçın dövlət sərhəd xidmətindən buraxılış məntəqəsində baş vermiş erməni təxribatı və Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hadisə xain düşmənin riyakarlığının növbəti nümunəsi oldu. Dünən Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün yaxınlığında sərhədçilərimizin atəşə tutulması təsadüfi hadisə deyildi.

Xatırladaq ki, 15 iyunda Ermənistan silahlı qüvvələri Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətini pulemyotla atəşə tutublar.Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb.
Məhz sülh prosesi üzrə danışıqların intensivləşdiyi bir vaxtda bu təxribatın törədilməsindəki əsas hədəf əldə olunmuş ilkin razılaşmaları pozmaq xarakteri daşıyırdı. Qubadlı rayonundakı və Naxçıvanın Sədərək rayonundakı mövqelərimizin ermənilər tərəfindən atəşə məruz qalması bu prosesin davamıdır.
Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, ermənilərin məqsədi bu idi ki, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törədilsin.

"Eyni zamanda həmin ətrafda xaos yaransın. Amma məqsədlərinə çata bilmədilər və heç vaxt da çata bilməyəcəklər. Üstəlik, onların bütün bənzər provokasiyaları mütləq bir şəkildə öz başlarında çatlayacaq.
Sadəcə məsələnin başqa bir tərəfi də var və həmin "tərəf" həqiqətən ciddi heyrət doğurur. Belə ki, qondarma rejimin nümayəndələri, bədnam təmsilçiləri iddia edirlər ki, Azərbaycan tərəfi məlum məntəqəni yaratmaqla guya bunları "blokada" vəziyyətinə salıb. Amma əsaslandıra bilmirlər ki, söhbət hansı blokadadan gedir. Bilirsinizmi niyə əsaslandıra bilmirlər? Çünki söylədikləri cəfəngiyyatdır. Absurddur! Orada heç bir blokadadan söhbət gedə bilməz. Azərbaycan sadəcə suveren torpaqlarında öz təhlükəsizliyinin təminatı ilə bağlı addımlar atır. Vəssalam! Üstəlik, bu addımlar günü-gündən genişlənəcək və daha tutumlu olacaq", - deyə deputat bildirib.

 Hərbi ekspert Ədalət Verdiyev isə qeyd edib ki, Ermənistan tərəfinin Laçın Sərhəd Nəzarət Məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına odlu silahlardan atəş açaraq Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralaması birmənalı olaraq Ermənistanın sülh barəsində verdiyi bəyənatların beynəlxalq ictimaiyyəti azdırmaq üçün atdığı addımlardan biridir.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Amerikalı analitik İrina Tsukerman vurğulayıb ki, danışıqlar prosesində irəliləyişi dayandırmaq və yekun sülh sazişinin imzalanmamasına çalışan açıq şəkildə qərarlı qüvvələr var.

"Əgər Paşinyan öz müdafiə nazirliyini rəsmi xarici siyasət xətti ilə apara bilmirsə, nəzarət edə bilmirsə bu, sülh sazişinin və danışıqların gələcəyi üçün yaxşı heç nə vəd etmir. Bakı heç vaxt bu cür təxribatlara güzəştə getməyib. Ona görə də erməni qruplaşmaları bu yolla nə isə əldə edə biləcəklərini düşünürlərsə, yanılırlar", - deyə o bildirib.
Politoloq həmçinin əlavə edib ki, Ermənistan heç kimin həqiqətən məsul olmadığı, parçalanmış dövlətdirsə, bu, Paşinyanın irəli sürdüyü və ya imzaladığı hər hansı vədlərin, razılaşmaların və siyasətin təhlükəsizliyini aşağı salır.
"Keçirilən bütün danışıqlara baxmayaraq, bu təxribatların niyə baş verdiyinin cavabı hələ də sirr olaraq qalır. Danışıqlar prosesi zamanı hələ də davam edən sərhəd təxribatlarının necə mümkün olduğunu birbaşa öyrənməyin vaxtı çatıb", - deyə o əlavə edib.
Xəbər verdiyimiz kimi, hazırda "Laçın" sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb. Bildirilib ki, baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçid açılmayacaq. Ermənistan hakimiyyətindəki qüvvələr növbəti dəfə öz cəmiyyətlərinin rifahını öz maraqlarına qurban verirlər. Bu təxribatların fonunda isə sülhü dəstəkləyən xarici təşkilatlar və ölkələr mütləq şəkildə Ermənistana ciddi təzyiqlər göstərməlidirlər. Əks halda Ermənistanın silsilə təxribatları sülh prosesinə ciddi zərbələr vura bilər.



ÖNDERTV.ORG

Oxşar xəbərlər