Heydər Əliyev Azərbaycanın qardaş Özbəkistanla əlaqələrinə həmişə xüsusi önəm verib - Səfir
10-05-2023, 22:08
157

Heydər Əliyev Azərbaycanın qardaş Özbəkistanla əlaqələrinə həmişə xüsusi önəm verib - Səfir

ÖNDERTV.ORG


Heydər Əliyev Azərbaycanın qardaş Özbəkistanla əlaqələrinə həmişə xüsusi önəm verib.
Bu barədə Trend-ə müsahibəsində Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanov deyib.
"Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı vaxtlarda Özbəkistanın rəhbəri vəzifəsini tutan Şərəf Rəşidovla sıx dostluq əlaqələrinə malik olub. Hərtərəfli savadlı və dərin ziyalı şəxs olan Heydər Əliyev bizim tariximiz, mədəniyyətimiz və ənənələrimizə səmimi qəlbdən heyran olmuşdu. Bu gün biz Prezident İlham Əliyevin bu fəaliyyəti davam etdirməsi ilə qürur duyuruq. Özbəklərdə belə bir ifadə var: "Ota duosini olqan inson heç kaçon kam bulmaydi", tərcüməsi belədir: "Ata duasını alan insan heç vaxt əskik qalmaz". Bu hikməti öz əcdadlarının işinin sınanmış və etibarlı davamçıları olan liderlərimizin fəaliyyətinə tam aid etmək olar. Nümunə olaraq 2010-cu ildə Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını göstərmək olar. Bundan başqa, ötən ilin iyun ayında Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri Daşkənddə Heydər Əliyevin adına küçənin açılışı ilə başladı. Bütün bunlar xalqlarımız və dövlətlərimiz arasında dostluğun və qarşılıqlı anlayışın möhkəmlənməsində Heydər Əliyevin xidmətlərinin təsdiqidir", - səfir deyib.

Əşrəfxanov qeyd edib ki, bu gün Özbəkistanda Heydər Əliyevin yubileyi münasibətilə qardaş Azərbaycanla eyni səviyyədə çoxlu sayda beynəlxalq və mədəni-maarifçilik tədbirləri keçirilir, Ulu Öndərin həyat və fəaliyyəti haqqında verilişlər yayımlanır.
"O, əsl vətənpərvər olmaqla doğma torpağa, xalqa sevginin, vətəndaşlıq ideyalarına sadiqliyin, humanizmin, yüksək əxlaqın və mədəniyyətin nümunəsi idi. Onun bütün həyat və fəaliyyəti yüksək vətənpərvərlik məfhumunun təcəssümü idi. O, özünün hər saatını, dəqiqəsini Azərbaycana xidmətə həsr etmişdi, daima vahid məqsəd, vahid ideya uğrunda - respublikanı firavan və çiçəklənən, Azərbaycan xalqını isə xoşbəxt və öz sərvətlərinin əsl sahibi kimi görmək üçün mübarizə aparırdı. Ulu Öndər Heydər Əliyevin xatirəsi qəlblərimizdə daima yaşayacaq və dövlətlərimiz arasındakı münasibətlərin əlamətdar hadisələr xronikasını yeni nailiyyətlərlə doldurmaq üçün möhkəm təməl rolunu oynayacaq", - deyə səfir sonda bildirib.

ÖNDERTV.ORG

Oxşar xəbərlər