15 iyun Milli Qurtuluş Günü Ümummilli lider  Heydər Əliyevin siyasətinin təntənəsidir
Dünən, 21:21
22

15 iyun Milli Qurtuluş Günü Ümummilli lider Heydər Əliyevin siyasətinin təntənəsidir

ONDERTV.ORG

“Nə qədər Azərbaycan var, mən yaşayacağam. Mən Azərbaycanda əbədi olacağam. Ona görə ki, müstəqil Azərbaycan dövləti əbədi olacaq"
 
Heydər Əliyev 
 
 
 
Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi həkk olan 1993-cü il 15 iyun hadisəsindən 33 il ötür. 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlət müstəqilliyini qoruyub saxlamaqla xaos və parçalanma təhlükəsindən qurtardığı tarixi gündür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli lider Heydər Əliyevdir. 
15 İyun - Milli Qurtuluş Günü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildiyi, Azərbaycan xalqının gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası olan tarixi gündür. Heydər Əliyevin ikinci dəfə - 1993-cü ilin 15 iyun tarixində siyasi hakimiyyətə gəlişi, nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilası, qurtuluşu idi. Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə böyük sıçrayış baş verdi. Həmin tarixə qədər baş verən hadisələr, xalqı, bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda, xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Dahi Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. 15 iyun 1993-cü il tarixində baş verən hadisə - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil həyatının yeni səhifələrini yazdı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu və dövlətçiliyimizi yoxolmaq təhlükəsindən qurtardı. 
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
 
Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.
 Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Ümumilli liderin siyasi kursu  bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz tarixi nailiyyətlər qazanır. 44 günlük möhtəşəm Zəfərimizlə bu tarixi günü əsl bayram ovqatı ilə qarşılayırıq.  Artıq çağdaş dünya tarixinə ən mükəmməl hərbi əməliyyatlar dövrü kimi düşən 44 günlük İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilin torpaq həsrətinə, nisgilinə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, dünya bir daha Azərbaycanın hansı imkanlara malik olduğuna şahidlik etdi. Müqəddəs Vətən müharibəsində Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu nümayiş etdirdi. Düşməndən təmizlənmiş Qarabağımızda artıq yeni həyat başlayıbdır. 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımız Böyük Qayıdışı gözləyir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri ilə bu torpağın sahibinin Azərbaycan xalqı olduğunu bir daha təsdiqləyir. Torpaqlarımız şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edildi. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.
Bu Qələbənin müəllifi 15 iyun 1993-cü il tarixini Milli Qurtuluş Günü kimi əbədiləşdirən, Azərbaycanın müstəqilliyinin sarsılmazlığını təmin edən, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Prezident İlham Əliyev Zəfərimizin baş memarı və əsas hərəkətverici qüvvəsi olmaqla Azərbaycan tarixinə adını qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı. Tarixi Zəfər Azərbaycanın inkişafı, bölgənin firavan gələcəyi üçün yeni perspektivlər açır. Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri sayəsində ən yüksək zirvələri fəth edir. 15 iyun – Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla yanaşı, dövlət quruculuğu və sabit inkişaf yolunun başlanğıcıdır. Bu gün Azərbaycan xalqı bu sabitliyin və müstəqilliyin bəhrəsini görür. Sabitlik olmadan heç bir inkişafın mümkün olmadığı reallığını isə bu günün mahiyyətində aydın şəkildə görmək mümkündür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə atılan ilk sabitlik addımları, bu gün qüdrətli Azərbaycanın varlığını təmin edən bünövrəyə çevrilmişdir. Bu səbəbdən də 15 iyun təkcə keçmişin qurtuluşu deyil, həm də gələcəyin təminatıdır. Milli Qurtuluş Günü Azərbaycanın XX əsrdə qazandığı müstəqilliyin qorunub saxlanılması və inkişafın təmin edilməsidir. 15 İyun xalqımızın qurtuluşdan başlayıb, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərlə nəticələnən şərəfli yolunun başlanğıcıdır. Bu yol, Azərbaycanın hər zaman müstəqil, güclü və qalib dövlət kimi yaşamasının ən möhkəm qarantıdır.
Əsədova Vüsalə Maarif qızı
Azərbaycan İdman Akademiyası

Oxşar xəbərlər