DAŞLARI YIĞMAQ ZAMANIDIR.
14-03-2024, 14:46
40

DAŞLARI YIĞMAQ ZAMANIDIR.

ÖNDERTV.ORG

Ürəyimdən gələn, ağlımın süzgəcindən keçib beynimdə formalaşan bəzi fikirləri sizinlə paylaşmaq istəyirəm.

Tarixi günlərin çox qəribə bir xüsusiyyəti var. Həmişə belə olub ki, xalqların taleyində  mühüm dönüş yarandığı zamanlarda heç kim bu hadisələrin gələcəkdə Tarix kitablarına düşəcəyini ağlına belə gətirmir. Həmin günlərin Tarixi olduğunu yalnız Əlahəzrət Zaman öz süzgəcindən keçirdikdən sonra möhürünü vurub təsdiq edir.

Mənim həyatımda belə Tarixi günlər sonu Müstəqillik Aktı ilə bitən Dirçəliş və Meydan hərəkatı, Azadlıq uğrunda mübarizə illəri olan 1988-92-ci illər olub. Daha sonra 2020-ci ildəki məlum Zəfərlə bitən 44 günlük  müharibə də eynən həmin Tarixin şanlı səhifəsinin yazıldığı dövr kimi yadda qaldı.

Amma Tarix təkcə yuxarıda sadaladığım mübarizə və müharibə yolları ilə yazılmır. Həmin yollar xarici düşmənlərə qarşı yönəlmiş üsullardır. Həmişə bu mərhələdən sonra, ölkələrdə daxili problemlərin də tədricən həll edilməsi mərhələsi başlayır.

Əmin olmaq istəyirəm ki, bizdə də məhz həmin mərhələnin ilk rüşeymləri görünməyə başlayıb. Dövlət başçısı da seçkilərdən sonra daxildə dəyişikliklərin olacağı anonsunu vermişdi. Diqqətli olanlar nədən söhbət getdiyini yəqin anlayırlar, onları sadalayıb yazımı daha da uzatmaq istəmirəm.

Ancaq bir məsələni xüsusi qeyd etmək istəyirəm. Düzdür, son günlərdə izlədiyimiz mühüm kadr və struktur dəyişiklikləri, paytaxtın bəlasına çevrilən xroniki tıxaclardan qurtulmaq üçün görülməyə başlayan radikal tədbirlər, televiziya məkanının dezinfeksiyası tədbirləri və digərləri təqdirəlayiqdir. Lakin hər bir ailəyə dəxli olan başqa bir problem də var ki, xalqın əksəriyyəti ilk növbədə o istiqamətdən hərəkət gözləyir.

Bu artıq əndazədən çıxmış qiymətlərdir ki, xalqın artıq ona tablaşacaq gücü qalmayıb.  Başa düşürük, Qarabağ yenidən tikilir-filan və buna vəsait lazımdır. Yeri gəlmişkən, həmin vəsaiti nədən biz xalq olaraq ödəməliyik, beynəlxalq qanunlara görə Ermənistanı nədən məhkəməyə verib kompensasiya almırıq? Bu ayrıca məsələdir, sadəcə ştrix kimi yazdım.

Yaxşı, maaş və pensiyaları, sosial ödənişləri cirə ilə yox, lazım olduğu qədər, məsələn, ən azı iki dəfə artırmaq olmursa, o zaman Dövlət heç olmasa baş alıb çapan qiymətləri cilovlaya bilməzmi? Dərhal hansısa divan professoru bu məqamda sazını əlinə alıb deyəcək ki, bazar iqtisadiyyatıdır-filan, dövlət bu işə qarışa bilməz və sairə.

Sən Allah, hərəsi artıq 8 manata (!) satılan qrildə bişmiş toyuqları güldürməyin, qoy oturmuşuq. Mən düz 50 ildir iqtisadçıyam və nə yazdığımı yaxşı bilirəm. Oralara heç girmədən həmin "professorlara" bir köndələn sual verim, qurtarsın getsin. Bəs necə olur ki, bazar iqtisadiyyatı olan əksər ölkələrdə, hələ Qərbi və Avropanı demirəm, məlum ərəb ölkələrində belə, əhali yağ-bal içində yaşaya bilir? 

Güman edirəm ki, dövlət dəyişikliklərə həm də bu istiqamətdən başlamalıdır. Qələbə çalmış bir ölkənin xalqı artıq firavan yaşamağı çoxdan haqq edib!

ETİBAR ƏLİYEV 
13 mart 2024 il.

Oxşar xəbərlər