
Gündəm / Siyasət / Cəmiyyət
25-01-2024, 14:00
292
Məktəb, məktəbli, cinayət, qətl... - Pərvanə Bayramqızı yazır
ÖNDERTV.ORG
Məktəb, məktəbli, cinayət, qətl... bir-birinə zidd olan, tamamilə uzaq mövzulardır. O qədər uzaq ki, heç sözləri tələffüz edəndə qulaq qafiyəsi kimi də səslənmir. Məktəb deyəndə ağıla elm, bilik, parlaq gələcək və qayğıkeş, ikinci valideyn sayılan müəllim gəlir. Məktəbli hara, bıçaq hara? Görəsən, qatilə uşaqlıqda odu göstərib "cızzadır, əl vurma" deyən bıçağın təhlükəsini necə anladıb?Əsəbi oğlan uşaqları görəndə düşünürəm ki, görəsən, nevropatoloqa, yaxud psixoloqa aparılıbmı? Sinirlərində narahatlıq olanlar çox vaxt müayinə olunmurlar, əsəb, gərginlik onları daima narahat edir, axırda aqressiyalarını hansı bir formadasa göstərirlər. Bunun ən dəhşətlisi məktəblinin qətlə yetirilməsidir. Beynini öyrənməyə işlətməli, dərslə məşğul etməli olan məktəbli niyə bu həddə çatsın ki? Tərbiyə və mühitlə yanaşı, bir də sinir sisteminin pozğunluğu var. Vaxtında yoxlanmalı, problemi olanları təyin edib nəzarətdə saxlamaq lazımdır. Valideynlər ayıq olmalı, həkimlərlə əlaqə saxlamalıdırlar.
Aparat işləməyəndə onu yumruqlayıb təpikləyən oğlan görmüşdüm.
"Uşaqdır" deyib keçmək olmaz.
Uşaqlarda müşahidə edilən yaxşı və pis cəhətlər onlar böyüdükcə xarakterə çevrilir. Ya valideynlərin, ya da nənə-babanın ərköyün böyütdüyü uşaq cəmiyyətə qarışanda özü də əziyyət çəkir, ətrafdakıları da incidir.
Ərköyün böyüyənlərdə hövsələsizlik, ədabazlıq, eqoistlik yüksək dərəcədə olur. Əgər beləsini rəhbər təyin edərlərsə, həmin müəssisənin işçilərinin vay halına. Yerli-yersiz danlanacaq, həyəcan içində olacaqlar. Əsəbi uşaqların böyüyəndə aparıcı vəzifədə olması insanlar üçün dözülməzdir. Psixi problemləri olan birini vəzifəyə gətirib işçiləri xofda saxlamaq haqsızlıqdır. Bu gün cəmiyyətdə rastlaşdığımız pis cəhətlərlə "zəngin" olanların əksəriyyəti "pis uşaq" olanlardır. "Pis uşaq" ifadəsinə irad tuta bilərsiniz, amma israrlıyam. Ətrafınızda olan uşaqlara baxın, görəcəksiniz. Elə uşaqlar görəndə gələcəkdən narahat oluram. Valideynlərinə deyə bildiklərim də olur, bilmədiklərim də.
Uşaq olanda tay-tuşlarımdan "pis uşaq" dediklərim, təəssüf ki, indi də pis adamlardır. Məndən uzaq olmalarına sevinmirəm, nə fərqi var yanlarındakı adamlara zərər verirlər. Başqa ölkədə olanları da millətimizin haqqında mənfi fikir formalaşdırırlar.
Vəzifəsindən sui-istifadə edənləri görəndə "get filan işi gör, sənə kofet verəcəm" deyən anaları xatırlayıram. Konfet şərtidir. Məqamından asılı olaraq o başqa şirnikləndirici əşyaya da çevrilə bilir.
Həyasız və əsəbi rəhbərlər işçilərin sağlamlığı üçün zərərlidirlər.
Uşaqları vaxtında düzgün yetişdirməliyik ki, zərərli rəhbər olmasınlar.