Müasir Azərbaycan tarixinin yeni, şanlı mərhələsi ŞƏRH
12-01-2024, 21:20
52

Müasir Azərbaycan tarixinin yeni, şanlı mərhələsi ŞƏRH

ÖNDERTV.ORG

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində regionda vəziyyət, sülh prosesi, qarşıda dayanan vəzifələr haqqında ətraflı danışdı. Dövlətimizin başçısının müsahibəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması prosesi xüsusilə diqqət mərkəzində oldu.
Bunu  açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu, hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Bu amil müasir tariximizin yeni mərhələsinin başlanğıcı sayıla bilər.

“Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Hazırda qarşıda dayanan ən əsas hədəflərdən biri sülhə nail olmaq və Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziyalara müsahibəsində dediyi kimi, sülh müqaviləsinin imzalanması üçün real şərait mövcuddur. Ancaq bir məsələ var ki, müəyyən beynəlxalq dairələr Ermənistana yalan vədlər verərək sülhdən uzaqlaşdırmağa çalışır. Ötən il Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra baş verənlər buna nümunədir. Belə ki, havadarları Ermənistana Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı səviyyəsində sanksiyalar tətbiq edəcəklərini vəd vermişdilər. Rəsmi İrəvan da onlara inanaraq sülh sazişi üzrə təkliflərə cavabını uzadırdı. Təkliflərini 70 gün sonra Bakıya təqdim etməsinin səbəbi də budur. Həmin cavabda Qarabağ erməniləri ilə bağlı heç bir məqam yoxdur. Digər bir məsələ isə ondan ibarətdir ki, erməni tərəfi sülh sazişinin imzalanması prosesində hansısa zəmanətçilərin olmasını istəyir. Rəsmi Bakı isə bunu qəbul etmir. Çünki üçüncü qüvvələrin tərəf olması gələcəkdə region üçün yeni problemlər yarada bilər. Prezident İlham Əliyev müsahibəsində hansısa zəmanətçiyə ehtiyac olmadığını qətiyyətlə bəyan etdi. Ermənistan konstruktivlik nümayiş etdirəcəyi, Azərbaycanın ədalətli təkliflərini qəbul edəcəyi təqdirdə sülh sazişinin imzalanması çox yaxındır. Burada Zəngəzur dəhlizinin açılması da vacib rol oynayır. Dövlətimizin başçısının dediyi kimi, “Azərbaycandan Azərbaycana maneəsiz keçid” təmin olunmalıdır. Üçüncü ölkələrə gediş-gəlişə isə sərhəd yoxlamaları, gömrük rüsumları tətbiq oluna bilər. Əks halda, Azərbaycan Ermənistanla heç bir sərhəd məntəqəsi açmayacaq”, - deyə F.Yıldırım qeyd edib.
Dövlətimizin başçısının Böyük Qayıdışla bağlı xoş müjdələr verdiyini də diqqətə çatdıran deputat ata-baba yurdu olan Malıbəyli kəndinə də bu il qayıdışın gerçəkləşəcəyi ilə bağlı sevincini ifadə edib: “Mənim üçün çox xoşdur ki, ata-baba yurdum olan Malıbəyli kəndinə də bu il qayıdış gerçəkləşəcək. Həmin ərazilər tamamilə dağılmış vəziyyətdədir. Azərbaycan Prezidenti keçmiş köçkünlərin 2026-cı ilin sonuna qədər öz doğma yurdlarına qayıdacaqlarını bildirdi. İnanırıq ki, dövlətimiz bu prosesi ən yüksək səviyyədə həyata keçirəcək”.
Fatma Yıldırım vurğulayıb ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə müasir tariximizin yeni, şanlı mərhələsi başlayıb. Dövlətimizin başçısı da müsahibəsində növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsas səbəbini də bu amillə əlaqələndirib. Azərbaycan dövləti və xalqı yeni mərhələdə yeni hədəflərə doğru qətiyyətlə addımlayacaq və bu mərhələdə gücümüz və qüdrətimiz daha da artacaq.

Oxşar xəbərlər