Deputat: Dövlət başçımızın müsahibəsində gələcək hədəflərlə bağlı aydın mesajlar verildi
11-01-2024, 21:33
59

Deputat: Dövlət başçımızın müsahibəsində gələcək hədəflərlə bağlı aydın mesajlar verildi

ÖNDERTV.ORG

"Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycanın 20 il ərazində keçdiyi yol, regionda mövcud vəziyyət, Ermənistanla sülh danışıqlarının hazırkı durumu, Zəngəzur dəhlizi və digər məsələlərlə bağlı fikirlərini ifadə etdi. Dövlətimizin başçısı, eyni zamanda müəyyən xarici dairələrin ölkəmizə qarşı apardıqları kampaniyalarla bağlı mövqeyini açıqladı. Bütövlükdə, müsahibə həm də ölkəmizin gələcək hədəfləri baxımından aydın mesajların verilməsi ilə də diqqəti cəlb edir.
Bu fikirləri  açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Hazırda qarşıda dayanan ən əsas hədəflərdən biri sülhə nail olmaq və Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, sülh müqaviləsinin imzalanması üçün real şərait mövcuddur.
Deputatın sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunda sülh, sabitlik və inkişafın təmin olunmasında maraqlıdır. Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan qarşı tərəfə sülh sazişi imzalamaq təklifi edən ölkədir. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez imzalanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu vurğulayıb. Bu məqsədlə qarşı tərəfə qarşılıqlı məqbul məkanın seçilməsini və ya dövlət sərhədində görüş keçirilməsini təklif edib. Qarabağda keçirilən antiterror tədbirlərindən sonra sülh müqaviləsinin imzalanması üçün imkanlar daha da yaxşılaşıb.
Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərin yaradıldığını qeyd edən dövlətimizin başçısı müsahibədə deyib: “Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq”.
Sevinc Fətəliyevanın fikrincə, ötən ay Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan baş nazirinin Aparatının müəyyən razılaşmalara dair birgə məlumat açıqlaması da sülhə doğru ciddi addım kimi qiymətləndirilə bilər. Bu hadisələrin özəlliyi ondan ibarətdir ki, tərəflər heç bir vasitəçi olmadan, birbaşa təmaslar nəticəsində bu razılaşamaya nail olublar. Dekabr ayında baş vermiş bu hadisə etimad quruculuğu tədbiri kimi hesab edilə bilər. Eləcə də, ötən ilin noyabrında delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi də müsbət inkişaf kimi qiymətləndirilməlidir. Azərbaycan tərəfi bu nəticələri nəzərə alaraq 2024-cü ildə hadisələrin inkişafına nikbin baxır. Öz tərəfimizdən təbii ki, legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüququ əsas götürərək üzərimizə düşən müsbət münasibəti göstərməyə davam edəcəyik. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda sülhün təmin olunması üçün bir sıra beynəlxalq aktorlar Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüsləri ilə çıxış edir. Amma bəzi xarici dairələr də var ki, öz maraqları naminə bölgədə gərginliyin mövcud olmasında maraqlıdır. Rəsmi Bakı isə regionda sülhə xidmət edən beynəlxalq təşəbbüsləri dəstəkləyir.
“Azərbaycan Prezidenti yerli televiziyalara müsahibəsində müəyyən xarici dairələrin, xüsusilə Fransanın Cənubi Qafqazda gərginlik yaratmaq üçün atdığı addımlara da münasibət bildirdi. Eləcə də, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən işlər, bu platformanın önəmi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında roluna dair fikirlər ifadə olundu. Ən önəmlisi odur ki, dövlətimizin başçısı Böyük Qayıdışın növbəti müjdəsini verdi. Belə ki, bu il beş şəhərə - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalıya qayıdış reallaşacaq. Həmçinin bir sıra kəndlərə də keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunacaq”,- deyə deputat vurğulayıb.

Oxşar xəbərlər