Marina Laqutina: “Bakı və İrəvanın dünya tarixinə düşmək şansı var” - MÜSAHİBƏ
2-01-2024, 13:04
60

Marina Laqutina: “Bakı və İrəvanın dünya tarixinə düşmək şansı var” - MÜSAHİBƏ

ÖNDERTV.ORG



2023 bütün Cənubi Qafqaz regionu üçün əlamətdar il oldu. Azərbaycan bütün ölkə ərazisində suverenliyini bərpa etdi. Bundan əlavə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması ehtimalından danışmaq üçün ciddi əsaslar mövcuddur. 
“Vestnik Kavkaza” informasiya agentliyinin ingiliscə versiyasının baş redaktoru Marina Laqutina 2023-cü ildə Cənubi Qafqaz regionunda baş vermiş əlamətdar hadisələrə toxunub:
- Mənə elə gəlir ki, ən əlamətdar hadisə kimi Azərbaycanın Qarabağda konstitusiya quruluşunu tam bərqərar etməsini adlandırmaq olar. Sentyabrda separatçı “hökumət” (dırnaqlar bizə məxsusdur - red.) özünü buraxdığını elan etdi və ölkənin ərazi bütövlüyü tamamilə bərpa olundu. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra üç il ərzində danışıqlar yolu ilə buna nail olmaq mümkün olmurdu. Lakin hər şey Azərbaycanın bir günlük lokal antiterror tədbirləri ilə həll olundu. Bu, ölkənin tarixində böyük bir mərhələ oldu və sülh sazişinin imzalanmasına yol açdı.
Onu da qeyd etmək olar ki, 2023-cü ildə Cənubi Qafqaz, Xəzər regionu, Mərkəzi Asiya ölkələri arasında regional əlaqələr dərinləşib və inkişaf edib. Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa olunması, Rusiya Federasiyasının isə Gürcüstan vətəndaşları üçün vizaların ləğv edilməsi də vacib məqamlardır. Rusiya Federasiyası ilə Cənubi Qafqaz ölkələri arasında ticarət dövriyyəsi artıb.
Azərbaycan-İran münasibətləri kimi regional aspekti xatırlamağa da ehtiyac var. Bu müstəvidə müxtəlif hadisələr baş verdi. 2023-cü ilin əvvəlində faciəvi hadisə yaşandı  - Azərbaycanın Tehrandakı səfirliyində terror aktı baş verdi, bundan sonra Azərbaycan diplomatik missiyası bu ölkədəki fəaliyyətini dayandırdı. Lakin cari il ərzində Azərbaycan və İran hökumətləri Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası üçün yol xəritəsini müəyyən etdilər.
Əgər hərbi-siyasi əməkdaşlıqdan danışırıqsa, bu zaman heç də müsbət olmayan, lakin diqqətçəkən hadisə baş verdi. Söhbət Ermənistanın bir ildən artıq müddət ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) məhəl qoymamasından gedir. Bu, Moskva ilə İrəvan arasında münasibətlərə mənfi təsir göstərdi.
- Siz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması perspektivinə toxundunuz. Bu nə dərəcədə gözləniləndir? Ermənistanda həm parlament, həm də “küçə” müxalifətinin nümayəndələri Azərbaycanla sülhün əleyhinədirlər. Eyni zamanda, Ermənistanın hakim dairələrinə yaxın ekspertlərin bir çoxu, məmurlar, eləcə də iqtidaryönlü deputatlar isə nikbindirlər.
- Hər ölkədə müxalifət var, lakin biz İrəvanın rəsmi mövqeyinə və ölkə liderlərinin bəyanatlarına əsaslanmalıyıq. Ona görə də qəti şəkildə deyə bilərik ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunandan, Qarabağda separatizm məsələsi bağlanandan sonra sülh müqaviləsinin imzalanması perspektivi həmişəkindən daha yaxındır. Əvvəllər İrəvan müqaviləyə ciddi-cəhdlə Qarabağın müəyyən statusunu və sair məsələləri daxil etməyə çalışırdı. İndi bu məsələlər artıq gündəmdə yoxdur, sazişin bağlanması üçün praktiki olaraq heç bir maneə qalmayıb və sazişin mətni, əsasən, razılaşdırılıb. Yeri gəlmişkən, bu barədə hər iki tərəf danışıb.
Ona görə də 2024-cü ildə sülh müqaviləsinin imzalanacağını gözləmək olar və biz bunun gələn ilin birinci rübündə olmasını istərdik, çünki Ermənistanla Azərbaycan arasında razılaşma regionda sabitliyin ciddi elementinə çevriləcək. Bütün qonşu dövlətlər, o cümlədən Rusiya bunda maraqlıdır. Bilirsiniz ki, hazırda nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirilir və Cənubi Qafqaz çox mühüm nəqliyyat qovşağıdır, yalnız orada sülh olduqda bu layihələr tam gücü ilə fəaliyyət göstərə bilər. Mən görürəm ki, Rusiya rəhbərliyi buna nail olmaq üçün səylər göstərir. Moskva danışıqların aparılması və sazişin imzalanması üçün platforma təqdim etməyə hazırdır, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda Sankt-Peterburqda keçirilən görüş də nümayiş etdirmiş oldu. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi unikal presedent olacaq. Dünyada davamlı olaraq münaqişələr, mübahisələr yaranır. Sülh müqaviləsi və gələcək iqtisadi əməkdaşlıqla bitən nümunələr çox azdır. Bakı və İrəvanın dünya tarixinə düşmək şansı var.
- Ötən ilin yekunlarından danışarkən Ermənistan rəhbərliyinin qəribə davranışına toxunmaya bilmərəm. İrəvan Qərbə tərəf getməyə hazırlaşırdı, Ermənistanın baş naziri və Ermənistanın digər rəhbərləri KTMT, MDB və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində baş tutan tədbirlərə məhəl qoymadılar. Amma ilin sonunda Ermənistan sanki Rusiyaya doğru dönüş etdi, Nikol Paşinyan Sankt-Peterburqa getdi. Doğrudur, Aİİ sammitində o, iqtisadi məsələləri geosiyasətdən ayırmağa çalışdı. İrəvanın bu cür var-gəl etməsini necə izah etmək olar və İrəvan hələ də nə zamansa Qərbə doğru gedə bilərmi?
- Coğrafi cəhətdən Cənubi Qafqazda yerləşən Ermənistan necə Qərbə doğru üz tuta bilər? Amma siz düzgün qeyd etdiniz ki, ötən il Ermənistan rəhbərliyi Qərblə yaxınlaşma və Rusiya Federasiyasından uzaqlaşma strategiyasını seçdi. İrəvan Azərbaycan və Rusiyanın iştirakı ilə üçtərəfli görüşlərdən də imtina edib. Eyni zamanda, Ermənistan rəsmilərinin Avropa və ABŞ-yə tez-tez səfərləri oldu. Ermənistan Avropa İttifaqının müşahidə missiyasını öz ölkəsinə dəvət etdi ki, Azərbaycanla sərhəddə nəyisə müşahidə etsin. Sonra bu missiya genişləndirildi. İrəvan Fransadan silah tədarükü ilə bağlı müqavilələr bağlayıb. Tendensiya aydın idi. Amma mənə elə gəlir ki, Ermənistan öz milli maraqlarından çıxış etməlidir, hansısa uzaq Avropa inteqrasiyası ilə bağlı illüziyalar qurmamalıdır.
Fransa, ABŞ - bunlar Ermənistandan minlərlə kilometr məsafədə yerləşirlər, istənilən ölkənin hərəkətverici qüvvəsi isə iqtisadiyyatdır. Onu inkişaf etdirmək üçün İrəvan qonşuları ilə münasibətlər qurmalıdır. Elə buna görə də Nikol Paşinyan dekabrda Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçdu. Nikol Paşinyan deyib ki, o, iqtisadiyyatla geosiyasəti bir-birindən ayırır. Amma məncə, bu bir az sadəlövh bəyanatdır. Ermənistan rəhbərliyi öz əhalisinin maraqlarından çıxış edərək öz qərarlarını və onların nəticələrini düşünməli, aşkar uduzduqları geosiyasi oyunlara son qoymalıdır.

Oxşar xəbərlər