Ermənistanla sülh müqaviləsi bu ölkədə imzalana bilər
18-10-2023, 14:29
92

Ermənistanla sülh müqaviləsi bu ölkədə imzalana bilər

ÖNDERTV.ORG



44 günlük müharibə, onun nəticələri, davamında diplomatiya sayəsində qazanılan uğurlar, Xankəndiyə, Xocalıya, Ağdərəyə bayrağımızın sancılması son günlər fəxr və qürur hissi yaşatmaqdadır. Bu günəqədər gedən proseslər göz qabağındadır, lakin, proses tam yekunlaşmayıb. Əsas məqam qarşıdadır. Söhbət sülh müqaviləsinin imzalanmasından gedir.
Məlum olduğu kimi, İspaniyanın Qranada adasında beştərəfli görüş təşkil olunmuşdu. Azərbaycan orada Türkiyənin də iştirakını təklif etmişdi. Makron isə buna qarşı çıxdı. Nəticədə İlham Əliyev Qranada görüşünə getməkdən imtina etdi. Çünki, orada yaranmış anti-Azərbaycan mühitində, Cənubi Qafqazdan kilometrlərlə uzaq məsafədə yerləşən ölkələrlə bu regionun məsələsini müzakirə etmək hər hansı məntiqə sığmırdı.

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı bu ilin sonuna kimi Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu deyib. Azərbaycanın da isədiyi budur. Lakin, mövcud vəziyyətdə sülh müqaviləsinin imzalanması üçün platforma baxımından problem yarandığı görünür. Belə ki, Ermənistan Rusiyanın vasitəçiliyindən mümkün qədər qaçır. Paşinyanın MDB dövlət başçılarının Bişkekdə keçiriləcək görüşündə iştirak etməkdən imtinası bunu deməyə əsas verir. Paşinyan Rusiya masasına otursa "əli aşından da, vəli aşından da olacağ"ını düşünür. Belə ki, Ermənistan bu masaya əyləşərsə bəzi iddialarından əl çəkməlidir, eləcə də Qərbin dəstəyindən də məhrum olmaq riski var.


Kreml də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Qərb ölkələrindən birində imzalanmasını istəmir. Hər Brüssel və Vaşinqton görüşündən sonra Moskva görüşünün olması bunu deməyə əsas verir. Ermənistanın Rusiya ilə münasibətlərinin pis olduğunu nəzərə alsaq Moskva formatı bu müqavilə üçün uğurlu variant sayılmır.
Azərbaycan sülh müqaviləsi ilə bağlı qəti mövqeyini bildirib. Rəsmi Bakının Makronun iştirakı ilə hər hansı danışıqlar prosesində iştirak etmək fikri yoxdur. Cənubi Qafqazla bağlı məsələnin elə bu regionda həll olunmağı daha məqsədə uyğun olar. Bu məqamda ən yaxşı variant kimi Gürcüstan qalır. İlham Əliyevin Gürcüstan səfərində də mesaj bu idi. Belə ki, Azərbaycan yeni bir vasitəçilik mexanizmi ortaya qoyur. Həmçinin, Gürcüstan da bu məsələdə maraqlıdır. Qərb və Rusiyanın prosesdə iştirak etmədiyi mühitdə Bakı və İrəvanın anlaşma şansı daha çoxdur.

Oxşar xəbərlər