Vətən Müharibəsi Qəhrəmanı: “Gənclərin Həmrəylik Festivalı”na gənc döyüşçülərin adından qatılmaq qürurvericidir
24-12-2023, 22:37
183

Vətən Müharibəsi Qəhrəmanı: “Gənclərin Həmrəylik Festivalı”na gənc döyüşçülərin adından qatılmaq qürurvericidir

ÖNDERTV.ORG


“Gənclərin Həmrəylik Festivalı”nda həm gənc kimi, həm də gənc döyüşçülərin adından qatılmaq həm qürurverici, həm də böyük məsuliyyət idi. Bildiyiniz kimi, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Prezident, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə düşmənə qarşı əks-hücum əməliyyatı aparıb. Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi və iradəsi ilə Ordu-Xalq vəhdəti təşkil edilərək düşmənin beli həm döyüş meydanında, həm də siyasi arenada qırıldı”. 
Bu fikirləri müsahibəsində Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Qəzənfər Ağayev bildirib.
“Biz də Ali Baş Komandanın müsəlləh əsgərləri kimi dövlət başçımızın çağırışlarına hər an adekvat cavab verib, onun ətrafında “Dəmir yumruq” kimi sıx birləşməyə hazırıq. Eyni zamanda Ali Baş Komandanın doğum gününü, Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan!”, - deyə Vətən Müharibəsi Qəhrəmanı vurğulayıb.

Vətən müharibəsində keçdiyi döyüş yolu haqqında danışan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölüyünün komandiri olmuş Qəzənfər Ağayev daha sonra deyib: “Döyüş yolumuz Kəlbəcər istiqamətindən başlamışdı. Murovdağ və Talış yüksəkliyi, Suqovuşan qəsəbəsi, eyni zamanda, Ağdam rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm”.

Qeyd edək ki, dövlətimizin başçının müvafiq sərəncamları ilə baş leytenant Qəzənfər Ağayev "Suqovuşanın azad olunmasına görə" və digər medallarla təltif olunub. O, eləcə də “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. Ən ali mükafatlardan sayılan bu adı 83 hərbi qəhrəmanımız daşıyır.
Xatırladaq ki, bu gün Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, ölkənin aparıcı tələbə və könüllü təşkilatlarının dəstəyi ilə Bakı Kristal Zalında ilin ən möhtəşəm gənclər tədbiri – “Gənclərin Həmrəylik Festivalı” keçirilib.
Festivalda iştirakçılar arasından söz alan gənclər təşkilatlarının üzvləri, idmançılar, yaradıcı gənclər, könüllülər və qazilər hazırkı uğurlarımızın bünövrəsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilən gənclər siyasətinin dayandığını vurğulayıblar.

On minlərlə gəncin iştirakı ilə təşkil edilən festivalın həyata keçirilməsində əsas məqsəd ərazi bütövlüyünü tam bərpa etmiş ölkənin qürurlu vətəndaşları olan gənclərin sevinc dolu 2023-cü ilini yola salmaq olub.

Oxşar xəbərlər