Həyat üçün yaranan  təhlükə gündən-günə artır...
17-08-2023, 16:57
181

Həyat üçün yaranan təhlükə gündən-günə artır...

ÖNDERTV.ORG



Yer kürəsinin məhsuldar qatının azaldılmasının qarşısını almaq dünya dövlətləri, eləcə də Azərbaycan hökumətindən ötrü həyati əhəmiyyət daşıyır.
“Biz bu gün həyatımızda mövcud olan konforta görə, təbii ki, elm və texnikada vaş verən inqilabi yüksəlişə borcluyuq. Hər bir inqilab isə yaradıcı, proqressiv olmaqla yanaşı, eyni zamanda qurbanlar tələb edir, dağıdıcı, destruktiv yeniləşmə ilə müşayiət olunur”.Bu fikirləri texniki elmlər doktoru, professor, Beynəlxalq Eko-Energetika Akademiyasının həqiqi üzvü Fuad Vəliyev qəzetimizə müsahibəsində bildirdi.
Qeyd etdi ki, indi elə bir dövr çatıb ki, hər il atmosferə 40 milyard ton karbon qazı buraxılır. Beynəlxalq Meteorologiya Təşkilatının dəyərləndirməsinə görə, hazırda Yer atmosferində CO2-nin konsentrasiyası son 800 min il ərzində rekord səviyyəyə çatmışdır. Heç şübhəsiz, bu, qlobal istiləşmə prosesinin əsas səbəblərindən biridir və nəticə etibarilə Yer kürəsinin orta temperaturu nəzərəçarpacaq dərəcədə artmaqdadır və milyardlarla ton çirkli, zəhərli, toksik emissiyalar, davamlı olaraq, hər saat, hər gün ətraf mühiti zəhərləyir - çaylara, dənizlərə axıdılır, atmosferə buraxılır, torpağa atılır, yer biosferindəki çox kövrək enerji-maddə balansı pozulur və son olaraq planetimizdə həyatın varlığına yaranan təhlükə gündən-günə artır.
Araşdırmalar nəticəsində məlum olur ki, Yer kürəsinin resurs imkanları barədə illüziyaya qapılmağa dəyməz. Bu məsələyə aydınlıq gətirmək üçün belə bir təcrübə aparaq. Yer kürəsinin kiçik modeli kimi bir alma götürək. Onu dörd yerə bölək. Planetimizin, bildiyiniz kimi, 3/4-ü okeanlardan, dənizlərdən ibarətdir. Yalnız bir hissəsini quru ərazi təşkil edir. Quru ərazinin nümunəsinə misal olaraq almanın 1/4-ni yenidən iki hissəyə ayıraq. Çünki quru ərazilərin təxminən yarısı səhralar, buzlaqlar, qayalıqlar, kənd təsərrüfatı üçün yararsız sahələrdir. Əlimizdə Yer kürəsinin cəmi 1/8 -i, kiçicik bir hissə qaldı ki, onun da yalnız çox nazik üst qabığı torpağın məhsuldar qatını təmsil edir və bu qatın özü də eroziya, duzlaşma və s. nəticəsində ildən-ilə azalır.
Yer kürəsinin məhsuldar qatının azaldılmasının qarşısını almaq dünya dövlətləri, eləcə də Azərbaycan hökumətindən ötrü həyati əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycan hökuməti müəyyən addımlar atır. İctimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrini cəlb etməklə, ətraf mühitin mühafizəsi sahəsində qərarlar hazırlanır. Ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, əhali arasında ekoloji təbliğatın, maarifləndirmənin gücləndirilməsi sahəsində işlər görülür.
Bu prosesdə hökumətə güclü dəstək verən təşkilatlar arasında həmkarlar ittifaqlarının özünəməxsus rolu var.
Yaşıl iş yerləri, layiqli əməyin təşviqi və təşkili, mövcud iş yerlərinin qorunması və digər məsələlərə dair layihələrin həyata keçirilməsində həmkarlar ittifaqları fəal iştirak edir. 
Həmkarlar ittifaqları təşkilatları, hökumətə dəstək olaraq, ölkə ərazisində, xüsusilə də işğaldan azad olunan torpaqlarımızda ekoloji tarazlığın bərpasına töhfə vermək məqsədilə minlərlə ağacın əkilməsini təşkil edib.
Qlobal istiləşmənin qarşısının alınması üçün müəssisələrdə təmizləyici qurğuların dəqiq işləməsi, atmosferə buraxılan karbon qazının utilizasiya edilməsi vacib amillərdəndir. Həmkarlar ittifaqlarının fəaliyyətində bu vacib amilin reallaşmasına böyük əhəmiyyət verilir.
Şəxsi avtomobillərdən az istifadəyə, insanların ictimai nəqliyyata üstünlük verməsinə də diqqət yetirmək lazımdır. Bunlar texniki cəhətdən həyata keçirilməsi mümkün olan tədbirlərdir. Məsələn, bilirik ki, müasir avtomobillərin faydalı iş əmsalı, orta hesabla, 0,2-yə bərabərdir. Bu o deməkdir ki, avtomobilinizin bakındakı hər 10 litr benzinin yalnız 2 litri faydalı işə sərf olunur və mühərriki hərəkət etdirir. Qalan 8 litri zəhərli enerji şəklində ətraf mühitə atılır... Azərbaycan hökuməti ekoloji cəhətdən təmiz avtomobillərin sayının artması üçün bu ildən yaşı 10 ildən çox minik avtomobillərinin ölkəyə idxalını məhdudlaşdırıb.
İkinci vacib addım müəssisələrin, xüsusilə sənaye müəssisələrinin ekoloji standartlara-ISO standartlarına keçməsidir. Bildiyimiz kimi, planetimiz plastik tullantılar zibilxanasına çevrilməkdədir. Təbiətin bəlasına çevrilmiş plastik materialların istehsalı isə get-gedə artır. Təkcə son üç il ərzində dünya üzrə milyard tondan artıq plastik kütlə istehsal edilmişdir. Müqayisə üçün deyim ki, 1960-cı illərdə bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1 faizə qədər idi. Lakin hazırda bu göstərici 12 faizdən çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycanda istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-cu illə müqayisədə təqribən 2,5 dəfə artıb, eyni zamanda 2009-cu illə müqayisədə 5 dəfə çox plastik qablaşdırıcı idxal edilib. Ölkədə hər il orta hesabla adambaşına 24 kiloqram plastik tullantı yaranır.
Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı tədbirlər görülməsi zəruridir. Son illərdə Azərbaycanda da bu istiqamətdə bir çox məqsədyönlü işlər görülüb.
Ölkədə emal və xidmət müəssisələrinin qurulmasına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb.
Tullantıların toplanması üçün 37 şəhər və rayonda 153 konteyner yerləşdirilib.  Alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə təbliğat işləri davam etdirilir, polietilen torbalara alternativ olan parça və kağız torbaların istehsalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşlər keçirilir.
Həmkarlar ittifaqları müəssisələrdə iqlim dəyişikliyi ilə bağlı ədalətli keçidin təmin olunması prosesində fəal iştirak edir. İşçilərin hüquqlarının qorunmasını, onların keçid prosesində işsizliklə üzləşməmələrini diqqətdə saxlayır.
Araşdırmalar göstərir ki, havanın temperaturu 30 dərəcədən yuxarı qalxdıqda iş yerlərində bədbəxt hadisələrin başvermə riski 5-7 faiz, temperatur 38°C-dən çox olduqda isə qəzaların başvermə ehtimalı 10-15 faiz artır.
Həddindən artıq istilər zamanı işçilərin necə qorunması həmkarlar ittifaqlarının daimi nəzarətindədir. İş saatlarının uyğunlaşdırılması və işçilərə verilən fasilə, onların içməli su təchizatı, risk qrupunda olan işçilərin günəş şüasından mühafizəsi və sair vaxtaşırı yoxlanılır.
Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb. Mütəxəssislərin fikrincə, bu, həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir.

Oxşar xəbərlər