Ermənistan hazırda rusiyal sülhməramlılarının yerləşdiyi ərazilərdəki hərbçilərini son nəfərədək çıxarmasa, Azərbaycan məcbur qalaraq sərt addımlar atmalı olacaq...Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdə olan qarabağlı ermənilərin silahlı dəstələri sakitləşmək bilmir. Onların sakitləşməsinə imkan da verilmir, çünki bu diversiya dəstələrindən Bakıya təzyiq vasitəsi kimi istifadə etmək istəyən qüvvə var.
Həmin dəstələrin mövqelərinə silah-sursat, ərzaq və yanacaq daşınması prosesi də səngimir. Daşıma prosesini isə RSK-nın zirehli maşınları müşayiət edirlər. Rusiya bayrağının olduğu bu hərbi texnika erməni separatçıların təhlükəsizliyinin təminatı üçündür, çünki RSK komandanlığı düşünür ki, Rusiya bayrağının olduğu hərbi vahidlər Azərbaycan Ordusunun legitim hədəfinə çevrilməyəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycanla yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə qarabağlı separatçılardan istifadə etmək qərarırna gəlib.
İrəvanın tam kapitulyasiyası və ermənilərin ordusunun darmadağını ilə başa çatmış 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat hazırda yaşanan problemlərin ümumiyyətlə, yaranmasına imkan verməməli idi.
Zəngəzur dəhlizi layihəsi reallaşmağa başlamalı, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan ərazisindəki dəstələri dərhal çıxarılmalı, rusiyalı sülhməramlılar qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyasını təmin etməli, onillərlə davam etmiş erməni işğalında viran qalmış ərazilərdəki mina sahələrinin istisnasız olaraq hamısının xəritələri Bakıya verilməli, sülh danışıqları başlanmalı və sonucda yekun sülh sazişi imzalanmalı idi.
Rəsmi Bakı üçtərəfli bəyanatdakı şərtlərin istisnasız olaraq hamısını (!) yerinə yetirib və yetirməkdədir. Rusiya Federasiyası bu sənəddən bölgədə geosiyasi mövcudluğun təmin etmək, qorumaq və imkan yaranarsa, daha da artırmaq üçün istifadə edir. Ermənistana gəldikdə isə, baş nazir Nikol Paşinyanın çoxsaylı vədlərinə, bəyanatlarına və açıqlamalarına rəğmən, rəsmi İrəvan üçtərəfli bəyanata adi kağız parçası qismində yanaşır.

Müharibə başa çatandan bəri ötən müddətdə sülhün əldə edilməsi əvəzinə bölgədə yeni, sürəkli gərginliklə müşahidə olunan və son vaxtlar gərginliyin süni şəkildə dəfələrlə intensivləşdiyi vəziyyətin yaradılmasının səbəbləri də məhz budur.
İrəvanla Moskva üçtərəfli bəyanata sadiq olduqlarını, sənəddəki şərtlərin, tələblərin və xüsusilə də bəndlərin şərtsiz yerinə yetirilməsinin təminatı ilə bağlı zəruri proseslərin getməsinə ehtiyac duyulduğunu desələr də, məhz Rusiya Federasiyası və Ermənistan sözügedən sənədin faktiki olaraq qüvvədən düşməsinə şərait yaradıblar.
Ermənistanın aqressiv ritorikası ilə müşayiət olunan destruktiv siyasəti, sülh gündəliyinə qarşı yönəlmiş fəaliyyəti, danışıqlar prosesində fasiləsiz olaraq maneələr və əngəllər yartamaq cəhdləri, xüsusilə də Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən şərti dövlət sərhədindəki mövqelərimizin sporadik atəşə tutulması kimi halları Rusiya zahiri narahatlıq, batini razılıqla seyr edir.
RF-nin Xarici İşlər Nazirliyi vəziyyətlə bağlı mütəmadi bəyanatlar verir, qarşıdurma tərəflərini anlaşmağa və vahid mövqe əldə etməyə çağırır, sülh sazişinin imzalanmasında ən maraqlı tərəf olduğunu vurğulayır.
Rusiyanın aktivliyini başadüşüləndir: Moskva bölgədəki təsir rıçaqlarını itirmək istəməyərək Azərbaycanla Ermənistan arasındakı danışıqlarla müzakirələrdə əsas vasitəçi, sülhyaradıcı qüvvə və diskussiyaların moderatoru olduğunu hər vasitə ilə ön plana çəkir.
Belədə çox bəsit sual yaranır: Rusiya sülhə can atırsa, Zəngəzur dəhlizi layihəsinin maksimum qısa müddətdə həyata keçirilməyə başlanmasında maraqlıdırsa və ümumiyyətlə, Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olmasını istəyirsə, nə üçün Ermənistanın aqressiv davranışını səngitmək üçün əməli addımlar atmır?
Sualın cavabı bəlli olsa da, Moskva rəsmi olaraq mövqeyini açıqlamayıb və çətin ki, açıqlasın.
Üçtərəfli bəyanatın qüvvədən düşmüş və hüquqi qüvvəsin itirmiş anlaşma sayılması üçün rəsmi İrəvanın bütün cəhdlərini müşahidə edən Moskva üçün əsas məsələ Ermənistanın Qərbə meyllənməsinin qarşısını almaqdır.
Nikol Paşinyan hakimiyyətinin məqsədləri asan təxminlənir: Rusiyanın təsirindən çıxmaq, ölkə ərazisindəki 102 saylı hərbi bazanın çıxarılaraq Rusiyaya yollanmasına nail olmaq və kollektiv Qərbin himayə çətirinin altında olmaq.
Təbii ki, prosesin ağrılı, itkilərlə müşayiət ediləcəyini N.Paşinyan anlayır və Kremlin qəzəb eksponentini zəiflətmək üçün sürəkli olaraq Moskva ilə təmasa keçir, Rusiyaya səfərlər edir və ermənilərin Rusiyaya sadiq müttəfiq, strateji tərəfdaş qismində bundan sonra da qalacaqlarını vurğulayır.