
Gündəm
10-02-2026, 00:48
149
Maarifləndirici görüş və təlim təşkil edilib.
ONDERTV.ORG
Ümidli Gələcək İctimai Birliyinin sosial xidmətləri olan “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzi və Azərbaycan Uşaq Qaynar Xəttinin əməkdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Humanitar Kollecin dəvəti ilə təhsil müəssisəsində oxuyan tələbələrlə maarifləndirici görüş və təlim təşkil ediblər.Birgə əməkdaşlıq çərçivəsində keçirilən tədbir “İnsan alveri: anlayış, risklər və qarşısının alınması mexanizmləri” mövzusuna həsr olunub.
Təlim zamanı iştirakçılara insan alverinin mahiyyəti və formaları, bu cinayətin hüquqi tənzimlənməsi, sosial və psixoloji nəticələri, eləcə də insan alverinə məruz qalma baxımından risk qrupları barədə ətraflı məlumat verilib. Eyni zamanda, insan alverinə cəlbetmə üsulları, manipulyasiya və aldatma yolları, onlayn mühitdə mövcud olan təhlükələr, erkən aşkarlama əlamətləri, ilkin müdaxilə və aidiyyəti qurumlara düzgün yönləndirmə mexanizmləri praktik nümunələr əsasında izah olunub.
Maarifləndirmə çərçivəsində insan alverinin və məişət zorakılığının qarşısının alınmasında mövcud dövlət və ictimai mexanizmlərin rolu xüsusi vurğulanıb. Bu istiqamətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə Baş İdarəsinin 152 Qaynar Xətti, eləcə də uşaqlar üçün nəzərdə tutulmuş 116111 Uşaq Qaynar Xətti barədə ətraflı məlumat verilib, həmin xidmətlərin fəaliyyət prinsipləri, müraciət qaydaları və əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, real həyat təcrübələrinə əsaslanan müzakirələr aparılıb, həmçinin insan alveri ilə mübarizədə fərdi məsuliyyət, təhlükəsiz davranış və erkən reaksiya mexanizmlərinin vacibliyi bir daha vurğulanıb.
Tədbir gənclərin hüquqi maarifləndirilməsi, onların potensial risklərdən qorunması və cəmiyyətdə insan alverinə qarşı mübarizə sahəsində məlumatlılığın artırılması baxımından mühüm əhəmiyyət daşıyıb.
#uşaqhüquqlarınınmüdafiəsi #insanalverineqarşimübarize #heydaraliyevfoundationoffical #ailəqadınvəuşaqproblemləriüzrədövlətkomitəsi #ümidligələcək





