
Gündəm
20-11-2025, 23:30
243
“Məişət zorakılığı və onun həlli yolları” mövzusunda tədbir keçirildi.
ONDERTV.ORG
Sumqayıt Bələdiyyəsinin Gender Bərabərliyi Komissiyasının təşkilatçılığı ilə “Məişət zorakılığı və onun həlli yolları” mövzusunda geniş maarifləndirici tədbir keçirilib.Tədbir Sumqayıt Bələdiyyəsinin akt zalında təşkil edilib və müxtəlif dövlət, bələdiyyə və ictimai qurumları və icma nümayəndələrini bir araya toplanıb.
Tədbirin keçirilməsində əsas məqsəd məişət zorakılığının yaranma səbəbləri, formaları, sosial təsirləri, hüquqi müdafiə mexanizmləri və zorakılıq hallərinə qarşı mübarizə yolları barədə iştirakçıları geniş məlumatlandırmaq, həmçinin problemlərin həlli üçün institusional əməkdaşlığı gücləndirmək olub.
Tədbirdə məişət zorakılığının anlayışı və hüquqi tərifi, zorakılığın fiziki, psixoloji, iqtisadi və sosial formaları, zorakılığa səbəb olan ailədaxili və ictimai amillər, risk qrupları və erkən müdaxilə ehtiyacı, zərərçəkənlərin hüquqi müdafiə yolları, hüquq-mühafizə və sosial xidmətlərin rolu, psixoloji yardım, reabilitasiya və məsləhət xidmətləri, maarifləndirmə və icma dəstəyinin zəruriliyi mövzuları müzakirə olunub.
Tədbiri çıxış nitqi ilə başlayan Sumqayıt Bələdiyyəsinin “Gender Bərabərliyi Komissiyası”nın sədri Nərmin Mehdiyeva qeyd edib ki, məişət zorakılığı təkcə ailənin daxili problemi deyil — cəmiyyətin təhlükəsizliyinə yönəlmiş ciddi sosial təhdiddir. Zorakılığın qarşısı yalnız hüquqi tədbirlərlə deyil, həm də maarifləndirmə, sosial dəstək və icma səviyyəsində əməkdaşlıqla alınmalıdır. Zərərçəkənlərin qorunması üçün müraciət kanallarının əlçatanlığının artırılması xüsusi əhəmiyyət daşıyır. Gender bərabərliyinin gücləndirilməsi zorakılığın azalmasına bilavasitə təsir göstərir.
Tədbirdə iştirak edən qurumların nümayəndələri — Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın aparıcı məsləhətçisi Aynur Eyvazova, Hacı Zeynalabdin bələdiyyəsinin sədri Əsli Qasımova, Corat bələdiyyəsinin sədr müavini Nuradə Məmmədova və məhəllə komitə sədrləri — tədbirin əhəmiyyətini xüsusi vurğulamışdırlar.




