ŞAHİN ALLAHYAROV– ŞƏHADƏTİ İLƏ ZİRVƏYƏ YÜKSƏLƏN QƏHRƏMAN ÖMRÜ
4-11-2025, 01:14
255

ŞAHİN ALLAHYAROV– ŞƏHADƏTİ İLƏ ZİRVƏYƏ YÜKSƏLƏN QƏHRƏMAN ÖMRÜ

ONDERTV.ORG

​​​​Bəzən bir ömür vardır – illərin uzunluğu ilə deyil, yaşananların ucalığı ilə ölçülər. Bəzən bir insan varlığını çılpaq gerçəklik deyil, özündən sonra qoyduğu izlərlə təsdiqləyər. Və bəzən bir ad elə bir məna daşıyar ki, artıq o ad təkcə bir ömrün deyil, bütöv bir millətin rəşadət salnaməsinin ayrılmaz parçasına çevrilər. Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov da məhz belə ömrün sahibidir  qısa, lakin şərəfiyyətli, iztirabdan üstün olan, vətənə sədaqətin ən yüksək ifadəsi olan bir ömür…
Tarixin ən ağır 30 ilini başı dik yarıb keçən oğullara verilən addır  Qəhrəman adı. 
Azərbaycan xalqı 30 il boyunca yurd nisgili, torpaq həsrəti, məcburi köçkünlüyün acısı ilə yaşadı. Bu iztirab dolu illər elə bir gecə bitmədi, elə bir səhər dinmədi; xalqımız bu ağrını sinəsinə çəkə-çəkə böyütdü. Lakin zaman yetişəndə haqqın, ədalətin və tarixin qapısını açanlar məhz bu Vətən oğulları oldu öz canını sipər edən, özünü torpağa-yurda amanət edən fədakar qəhrəmanlar.
Onlar torpağın yaddaşına qanları ilə Zəfər sözü yazdılar. Onlar milli qürurumuzu 30 illik əsarətdən qurtardılar. Və bu böyük yolun önündə gedənlərdən biri də Şahin Allahyarov idi – cəsarəti ilə irəliləyən, qayıtmağı düşünməyən, yalnız Şuşa deyə-deyə döyüş meydanına çıxan bir igid.
Şamaxıdan Şuşaya uzanan igidlik ömrünə ekskursiya edək:
1993-cü ilin 29 yanvarında Şamaxıda dünyaya göz açan Şahin, uşaq yaşlarından təmkinli, mərd və ailə tərbiyəsi ilə bişmiş bir övlad kimi yetişirdi. 1995-ci ildən Qubada yaşaması, Zizik kənd məktəbində təhsil alması Şahinin həyatında yeni izlər yaratdı. Hər kəsin tanıdığı, dəyər verdiyi, təvazökar, cəsarətli bir gənc kimi formalaşdı.
Ailəli idi… İki övladı var. Taledən gələn qəribə bir hikmət kimi  hələ dünyaya gəlməmiş körpəsinə atasının adı verildi. 😔Bu gün balaca Şahin atasının miras qalan şərəfini daşıyan bir övlad, bir varisdir.
Hərb yolunu seçən Vətən Müharibəsi Qəhrəmanı! 
Şahin 2011–2012-ci illərdə hərbi xidmətə yollandı və elə orada qərar verdi ki, onun yolu vətən keşiyindən keçir. 2016-cı ildən etibarən Dövlət Sərhəd Xidmətində xidmətini davam etdirməyə başladı. Zaqataladan Qazaxa, adi vəzifədən kəşfiyyatçılığa yüksələn Şahinin xarakterində ən çox görünən cizgi cəsarət idi. Kəşfiyyatçı olmaq hər kəsin seçə biləcəyi yol deyildi, lakin onun üçün bu, adi qərar idi – çünki qorxmayanlar bu yolu seçir.
27 sentyabr isə Şahinin döyüşə dönən tale yolu oldu. 
2020-ci il… Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə işğal altındakı torpaqların azad olunması üçün müzəffər yürüşə başladı. Şahin artıq illərlə hazırlaşdığı meydanda idi. Füzuli, Cəbrayıl, Xocavənd… hər biri mübarizə, hər biri qan, hər biri qürur dolu döyüşlər.
Lakin onun ən böyük arzusu Şuşa idi.
Şuşaya gedən yol – şəhadətə gedən yol onun ən arzuolunan yolu oldu. 
8 noyabr Zəfərinin həlledici döyüşləri baş verərkən Şahin Allahyarov da o döyüşlərin içində idi. Şuşanın alınması təkcə hərbi əməliyyat deyildi  yüz illərin qisası, Qarabağ sevgisinin böyük intiqamı idi. O, bu mübarizənin önündə, qaya-kəsək qaranlığında irəliləyən kəşfiyyatçılar sırasında idi.
Və məhz Şuşa uğrunda gedən son döyüşdə Şahin şəhidlik zirvəsinə yüksəldi.
Şəhidlik… ən uca pay, ən halal məqamı oldu Şahinin... 
Onun müqəddəs cismi doğma Quba torpağında Zizik kəndində torpağa tapşırıldı. Amma ruhu Şuşanın azad havasında dolaşmağa davam etdi.
Qəhrəmanlığı isə dövlət tərəfindən taçlandı. 
Şahin Allahyarovun adını Azərbaycan dövləti əbədiləşdirdi:
Ən Ali yüksək adlardan olan "Vətən Müharibəsi Qəhrəmanı” adına laqiq görüldü. 
“Vətən uğrunda” medalı
“Şuşanın azad olunmasına görə” medalı onun şərəfli ömür yolunun mükafatlarına oldu. 
Bu adlar sadəcə kağız üzərində yazılan sözlər deyil  bunlar millətin minnət borcudur. O borc ki, heç vaxt ödənməz, yalnız anılar, hörmət və ehtiramla yaşadılar.
Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinə adının verilməsi isə minlərlə uşağın hər gün Şahinin xatirəsini yaşadacağı, onunla böyüyəcəyi ən nəcib addımlardan biridir.
Ocağında milli tərbiyə, özü ilə ucalıq gətirən ömrü deməsəm olmazdı... 
Şahin elə bir ailədə böyümüşdü ki, orada milli dəyərlər təkcə söz deyil, həyat tərzi idi. Atası Hüseynbala kişinin işığı, ailənin birliyi, tərbiyəsi Şahinin xarakterində öz əksini tapmışdı. Bu gün hər kəs Hüseynbala kişini və onun qəhrəman  oğlunu fəxrlə anır. Və bu gün ata ilə oğul cənnətdə bir yerdədir. Dünya onları ayırsa da, əbədiyyət onları birləşdirdi.
Allah hər ikisinə rəhmət etsin.
Qəhrəmanlar ölmür, onlar sadəcə xalqın yaddaşında ölməzliyə çevrilir
Şahin Allahyarov haqqında nə qədər yazılsa azdır. Çünki onun ömrü qısa yaşanmış, amma minilliklərə iz buraxmış bir ömürdür. Bir ömrün böyüklüyü yaşadığı illərlə deyil, xalqa qoyduğu irslə ölçülür. Şahin o irsi qanı ilə yazdı.
O, bu millətin övladı kimi gəldi, bu millətin ölümsüz qəhrəmanı kimi getdi.
Mən də bir vicdan borcu bilirəm ki, onun haqqında gələcək nəsillərə bu məlumatların ötürülməsində zərrə qədər də olsa nəsə payım olsun. 
Tanrı bütün şəhidlərimizə rəhmət etsin. Onlar bu xalqın alın yazısına şərəf gətirən, taleyinə zəfər yazan ən uca varlıqlardır.
Ruhun şad olsun əziz qardaşım! 

Nəhayət Şirinova
ADPU-nun Quba filialı
Heydər Əliyev Lektoriyasının müdiri
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Oxşar xəbərlər