
Gündəm
30-10-2025, 21:40
385
ZƏFƏRİN 44 GÜNÜ. ŞƏKİ XATİRƏLƏRİ.
ONDERTV.ORG
2020-ci ilin yay ayları idi. Hər il olduğu kimi daimi yaşadığım Bakının istisindən qaçıb doğma ata evimdə - Şəkidə istirahət edirdim. Şəhər demək olar ki, adi həyatını yaşayırdı. Ona görə “demək olar” yazdım ki, bütün ölkədə, hətta az qala bütün dünyada olduğu kimi həmin ilin əvvəllərindən başlayaraq məlum virus səbəbindən karantin rejimində yaşayırdıq.Bu yeni virus bizim təqribən son 30 ildə mübtəla olduğumuz erməni faşizmi virusu ilə müqayisədə zəif görünürdü. Düzünü deyəcəyəm, bu ikinci virusdan qurtulacağımıza üstündən üç onillik keçməsi səbəbi ilə xalq arasında ümidlər xeyli azalmışdı. Yay fəsli sona çatmışdı və Bakıya qayıtmaq istəyirdim, amma…
Heç kimin gözləmədiyi halda həmin il sentyabrın 27-də səhər saat 6-da xəbər gəldi ki, Ermənistanın Silahlı Qüvvələri bir neçə istiqamətdən bizim sərhəd boyu yaşayış mövqelərimizə və hərbi obyektlərə hücum etmişlər. Nəticədə mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar var. Ən əsası isə ölkəmizin milli təhlükəsizliyinə qarşı real hərbi təhdid olduğu üçün Silahlı Qüvvələrimizə əks-hücum əmri verildi.
Sonradan tarixə “44 günlük müharibə” adı ilə düşəcək Qarabağ müharibəsi belə başladı. Mən həmin günləri doğulub 20 yaşıma qədər yaşadığım doğma şəhərimdə keçirməyə, bir YouTube video bloqeri olaraq bu günlərin tarixini məhz orada video xronikaya köçürməyə qərar verdim.
Həmin gündən hər kəs kimi mənim də həyatım ancaq cəbhədən gələn xəbərlərin məzmunu ilə sıx əlaqədə keçməyə başladı. Şəkinin həmin müharibədə həlak olan ilk şəhidinin tabutu bir neçə gündən sonra gəldi. O gündən başlayaraq mən şəhidlərin cənazələrinin ailələri ilə vidalaşmağa gətirilərək oradan dərhal dəfn edilmək üçün aparılması prosesini videoya köçürməyə başladım.
Çox tezliklə bu prosesə şifahi qadağan qoyulduğu barədə həmin tədbirlərdə reproduktorlardan elan verilməyə başladı. Bu azmış kimi, İnternetdən, həmçinin VPN İnternet filtrindən istifadə edənlərin guya sonradan araşdırılıb cəzalandırılacağı barədə də elanlar səslənməyə başladı.
Şükürlər olsun ki, əvvəla yaşım və zəngin həyat təcrübəm, daha sonra pensiyada olan keçmiş dövlət qulluqçusu kimi bu sahədə mövcud qayda-qanunları, həmçinin jurnalist və tanınmış You Tube bloqer olaraq media qayda və qanunlarını bilməyim çox karıma gəldi. Bir çox hallarda “ilişərkən” vəziyyətdən çıxmağı dilimin köməyi ilə bacardım.
Bir neçə dəfə smartfonla çəkiliş edən mənim kimi “əcinnələri” ovlamaq tapşırığı olan Milli Təhlükəsizlik və Polis əməkdaşları, həmçinin mülki geyimdə olan birisinin guya müharibə şəraitində qayda və qanunların işləmədiyini deyərək çəkdiyim kadrları yanımdaca sildirmələri məni taktikanı dəyişməyə vadar elədi. Smartfonu pencəyimin altından skotçla sinəmə bağlayaraq həndəvərini də şarfla maskalamaqla video çəkilişləri davam etdirməyə başladım. Bu dəfə hətta ikiqat qarantiya üçün bir qırağa çəkilib yeni çəkdiyim videonu dərhal virtual yaddaşa köçürüb smartfonun Qalereyasından çıxarırdım.
Eyni zamanda bütün bu günlər ərzində Şəki rayonuna hər gün 1-3 şəhid tabutu gətirilir və dəfn edilirdi. 44 gün ərzində Şəki rayonu 60-dan çox şəhid verdi. Çox təəssüf ki, şəhər ictimaiyyətinin vaxtında yazıb deməyinə baxmayaraq şəhər rəhbərliyi ilk gündən müdriklik göstərib Şəkinin 44 günlük şəhidləri üçün operativ qaydada ayrıca yer ayırmadı, hər şəhid şəhərdə və kəndlərdə ailə üzvlərinin dəfn olunduğu yerdə dəfn edildi. Ancaq müharibənin sonuna yaxın bunun mənəvi dəyərini deyəsən anladılar, şəhidlər üçün yer ayrıldı, lakin artıq gec idi.
Ata Evimdə daimi yaşayış olmadığı üçün təbii ki, orada stabil İnternetim də yox idi. Çəkdiyim kadrları soyuq oktyabr axşamlarında Bəxtiyar Vahabzadə adına parkdakı çayxananın İnternetindən istifadə etməklə skamyada oturaraq saf-çürük və montaj edir, gələcək filmimdən fraqmentləri Sosial şəbəkələrdə paylaşırdım.
Nəhayət, Ali Baş Komandan Zəfər çaldığımızı elan etdiyi dəqiqədə özümü gecə ikən Avtovağzala çatdırıb Bakıya çıxan ilk şəxsi avtomobillə paytaxta yola düşdüm. Məqsədim ayrıca Zəfər və Şuşanın alınması çoşqularını məhz ölkənin paytaxtında videoya almaq idi. Səhər tezdən mən Bakıya çatanda artıq küçələr insanlarla, bayraqlı avtomobillərlə dolu idi.
Nəticədə 18 dəqiqəlik “Şəkinin II Qarabağ şəhidləri” sənədli filmini, 12 dəqiqəlik “Qarabağdan Qələbə müjdəsi” və 8 dəqiqəlik “Bakıda Şuşa çoşqusu” xronikalarını çəkib “Etibar Aliyev” adlı YouTube kanalımda yerləşdirə bildim.
Mən bu Zəfərin hərbi gedişi, siyasi tərəfləri, tarixi əhəmiyyəti, mənəvi tərəfləri haqqında bir kiçik məqalə çərçivəsində heç nə yazmadım, bu haqda onsuz da çox yazılıb, hələ çox da yazılacaq. Sadəcə Zəfər günü ərəfəsində öz xatirələrimi paylaşdım. Bir müddət keçəcək, cəmi 23 saatlıq əməliyyatla Ordumuz Qarabağda qalan əraziləri də azad edəcək, Xankəndiyə bu dəfə zəfərlərin son akkordu olan Qələbə Bayrağımızı sancacaqdı. Qarabağın adından “Dağlıq” sözü, torpağından isə erməni və digər separatçıların özləri çıxarılacaq, məhz o gündən hüquqi olaraq Suverenliyimiz də bərpa olunacaqdı.
Qarabağ Azərbaycandır!
■
ETİBAR Əliyev
23 oktyabr 2025-ci il.



