QARA  GÖZLÜ BİLƏRZİK"   romandan parça
2-08-2025, 10:56
443

QARA GÖZLÜ BİLƏRZİK" romandan parça

ONDERTV.ORG

​​​​ Aralarında xain olduğunu bilsə də, Elzanın şübhələndiyi biri yox idi.
İtinə qulluq edən Bəşir rolunu hələ ki, məharətlə  oynayırdı. 
 Elza istəsəydi,  cəsusu araşdırıb qısa bir zamanda tapardı. Ancaq bu ağır  günlərində belə  işlərlə məşqul olmağı vaxt itgisi hesab edirdi. Çünkü ondan daha vacib işləri var idi Elzanın.     Mərkəz artıq "Ayka"dan üz döndərmişdi. O, təhlükə ilə üzləşəcəyini  hiss edirdi. Ox hər an yaydan çıxa bilərdi. Bir yandan da daxildə baş verən xəyanətlər onun bütün əsəblərini pozmuşdu. 
 Elzanın iti Gümüş əvvəllər Bəşirə elə öyrəşmişdi ki, yanından bir an belə uzaqlaşmırdı. Son zamanlar isə onu nəinki yanına, heç evin həndəvərinə də buraxmaq istəmirdi.
Elza artıq Gümüşün hərəkətlərindən xainin Bəşir olduğunu təxmin etmişdi. Apardığı sonuncu əməliyyatdan sonra tək qaldığını, Moskvadan dəstək gəlmədiyini görüncə Bəşirin məsələsini təxirə salmışdı. 
 Elzanı Azərbaycanda keçirəcəyi ağır bir əməliyyat gözləyirdi.
Cəbrayıl axtarışda olduğu üçün ikinci dəfə hazırladığı "Qaragöz"  əməliyyatına oğlunu qatmaq istəmirdi.
 Ona görə Cəbrayılı Moskvaya  göndərmək qərarına gəldi: 
-Buralarda dayanma, get Vladimirin  yanına. Yarımçıq  qalan işlərimi tamamlayım, mən də gələcəm, - dedi.
Cəbrayıl neçə illər idi ki,  özüylə gəzdirdiyi qara qaşlı qızılın  milyonlar dəyərində olduğunu bilməmişdi. Bilərziyin qiymətini eşidəndə yer ayağının altından qaçdı sanki.
Anası ilə illər öncə aralarında olan söhbəti xatırladı:
-Cəbrayıl, al bunu, Yasəmən böyüyəndə onun qoluna taxarsan. Bu qaragözlü bilərziyi göz bəbəyiniz kimi qoruyun, o, nə vaxtsa sizin  həyatınızı dəyişə bilər.
Cəbrayıl qaragöz sözünü ilk dəfə anasının Moskvadan gəlmiş qonağı Boris Buryatzedən    eşitmişdi. Onun adicə bir söz olduğunu zənn edib, maraqlanmamışdı. 
İrina Buqrimovanın evində apardıqları əməliyyatın  "Qaragöz" adlandırıldığından da xəbəri olmamışdı. 
 Əməliyyat başa çatdıqdan üç gün sonra Gürcüstana qayıdan Cəbrayıl qara qaşlı bilərziklə bərabər hər biri 0.2 karat olan 8 ədəd mavi brilyant daş gətirib anasına vermişdi.
Elzanın 
sandıqcasında nadir tapılan rəngbərəng brilyantlar, qızıl üzüklər, boyunbağılar olmasına baxmayaraq, qara qaşlı bilərziyi əlinə alar-almaz ağlı başından çıxmışdı. 
 İçərisində maye varmış kimi görünən qara brilyantın əhatəsinə misli görünməyən daşlardan  işlənmiş kipriklər bərq vurduqca canlı bir gözün ona baxdığını görüb üşənmişdi. 
 Bu unikal bilərziyi xeyli gizli saxladıqdan sonra Elza onu qoluna taxıb  
 Başkeçiddə Xasan adlı  məşhur zərgərə aparmışdı.
Bu onun erməni zərgərinin yanına ikinci gəlişi idi.  
O, bura ilk dəfə Cəbrayıla hamilə olarkən əri ilə gəlmişdi. Zəfər Xasan ustaya:
-Usta, bir buna bax gör, dərdi nədi ki, gün ərzində beş dəqiqə geri qalır? - deyə,  saatı qolundan açıb ona vermişdi.
Xasan saata baxan kimi:
-Ara, ara, matax, "Luç". Özüdə ki, qızıl. Ara, bunun qiyməti yoxdu e, - demişdi...
 Elza dükana girib qızılı zərgərə göstərmişdi. 
Xasan bilərziyi əlinə alar - almaz  həyəcanını gizlədə bilməmiş, qalın qaşlarını düyünləyib  üz - gözünü turşumuşdu. Qadını tək görüb bir yolla bilərziyi ələ keçirmək üçün:
-Yox, man qızıl almıram, - deyərək, onu geri qaytarmışdı.
Elza əli ilə kətili işarə edib:
- Oturmaq olar? - deyə, icazə istəyəndə, 
- Buyurun,
buyurun, - deyərək, zərgər canfəşanlıqla   oturacağı müştəriyə tərəf çəkmişdi.
Elza əyləşib:
-Usta, mən bunu satmaq niyyətiylə gətirməmişəm. O qara brilyantın ətrafındakı kipriklərin hansı materialdan olduğunu bilmək istəyirəm,- demişdi. 
 Xasan bilərziyi əlinə alanda nitqi tutulmuşdu. O, qadından ikinci dəfə əntiq əşyanı saymazyana alıb böyüdücü şüşənin altında bir də gözdən keçirmiş, ağız - burnunu əyib:
-Adi taşlardı, camaxatı o kadar saxta taşkaşlarla aldadırlar ki! Qara pırlanta dedığın da təmiz mala oxşamır, - deyib, bilərziyi kobudluqla masanın üstünə atmışdı.
Ustanın bu hərəkətindən xoşlanmayan Elza
bilərziyi masanın üstündən götürüb acıqlı - acıqlı ayağa qalxmışdı.
Sol əlini paltosunun cibindən çıxarıb barmağında
par-par parıldayan
mavi qaşlı  üzüyünü zərgərə tərəf uzatmış:
-Mən naşı deyiləm, ağlın başqalarına getməsin, daşqaşları səndən də yaxşı tanıyıram. Məni aldada biləcəyini xəyalından belə keçirmə. Əgər, bu daşın nə olduğunu mənə deyə bilmirsənsə, burda zərgər kimi işləməyə haqqın yoxdur. Götür dəmir - dümürünü daxmanı da bağla, get bacardığın işin qulpundan yapış, camaatı aldatma. Zərgərsənsə, işini bilməlisən, - demişdi.
Xasan usta gənc qadının danışığından çəkinmiş, müştərinin ovucundakı bilərzikdən, barmağındakı üzüyündən son dərəcə dəbli geyimindən, kübar görnüşündən onun adi biri olmadığını anlayıb özünü yığışdırmışdı:
-Verin o bilarzıxa bir də baxım.
Elza üzünü bozardaraq:
-Lazım deyil, sən artıq, fikrini söylədin, - deyə, qapını çırpıb ustanın yanından çıxmışdı.
  Zərgər dükanı tələm-tələsik bağlayıb onun ardınca getmişdi. Kənardan dayanıb qadını müşahidə edənlərdən onun xəbəri yox idi. 
 Elza addımlarını yavaşıdlb işarə ilə
mühavizəçilərdən birini yanına çağırmış:
 - Arxamca gələn adamı izləyin, hara gedəcəyini, kiminlə görüşəyini öyrənin. Ehtiyatlı olun ki, duyuq düşməsin! - deyə, tapşırıq vermişdi.
Axşam üstü mühavizəçi Elzaya Xasanın Qafqaz dağlarının ətəyində  Georginin adamları ilə görüşdüyünü  demişdi. 
 Elza barmağını dişləmiş, Zəfərdə qızıl saat olmasını Georgiyə Xasanın xəbər verdiyini yəqin etmişdi. Zərgərin hərəkətlərini gözləri önündə canlandıran Elzanın əli-ayağı əsmiş, ərinin qətlində erməni ustanın barmağı olduğuna şəkk-şübhəsi qalmamışdı. 
  Elza Cəbrayılı  yanına çağırıb Xasan usta haqqında onunla ətraflı danışmışdı. Atasının ölümündə erməni zərgərin əli olduğunu və bu gün onun özünü də izlədiyini söyləmişdi. 
  Üç gün sonra barmaqları kəsilmiş zərgərin meyitini  Qafqaz dağlarının ətəyindəki svanlılara məxsus ərazidən  tapmışdılar.    

Müəllif: RƏNA NƏCƏFQIZI

Oxşar xəbərlər