Suverenliyini tam bərpa edən Azərbaycan bütün təzyiqlər fonunda milli hədəflərinə çatmaqdadır - Politoloq
13-01-2024, 19:31
170

Suverenliyini tam bərpa edən Azərbaycan bütün təzyiqlər fonunda milli hədəflərinə çatmaqdadır - Politoloq

ÖNDERTV.ORG


Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində gələcəyin də Lideri olduğunu bir daha sübut etdi və çox vacib məqamlara toxundu. Qeyd edə bilərik ki, əgər Prezident İlham Əliyev 2003-cü ildə seçilməsə, hakimiyyətə gəlməsə idi, ölkədəki vəziyyət heç də ürəkaçan olmazdı. Azərbaycan xalqı da anlayır ki, dövlətimizin başçısı hakimiyyətə gəldiyi andan Qarabağ və Şərqi Zəngəzuru azad etmək üçün hansı çətinliklərlə qarşılaşmışdı. Ümumiyyətlə, 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu xarici və daxili siyasət kursu ötən illərdə sistemli şəkildə davam etdirildi. Üzv olduğumuz təşkilatlarla, əməkdaşlıq etdiyimiz ölkələrlə Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi, Azərbaycanın xilası üçün konseptual əsaslı baxış bucağının formalaşdırılması olduqca vacib idi.
Bu sözləri  açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov söyləyib.
O bildirib ki, ölkəmizdə radikal müxalifətdəki bəzi dairələr çox böyük tamahla hakimiyyətə gəlmək istəyirdilər, lakin onlar xalqdan dəstək görmədilər. Oxşar düşüncəli şəxslər 10-15 il əvvəl də guya Azərbaycan hakimiyyətinin düzgün siyasət yürütmədiyini deyərək xarici münasibətlərlə bağlı uğursuz məsləhətlər verirdilər. Zaman baxımından dünyanın müxtəlif bölgələrində cərəyan edən proseslərin müqayisəsi də göstərdi ki, ən optimal yolu Azərbaycan tutub. Unutmamalıyıq ki, ölkəmizin yerləşdiyi mövqe geosiyasi cəhətdən əksər dövlətlərdən bir neçə dəfə çətindir. Belə ki, regionda Rusiya, ABŞ, İran, Avropa İttifaqı (Aİ), Çin və imperialist ambisiyaları olan bir çox subyektin maraqları kəsişir. Buna baxmayaraq, biz gördük ki, Azərbaycan nəinki inkişaf yoluna qədəm qoydu, hətta işğal altında olan torpaqlarını da azad edərək ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Coğrafi cəhətdən kiçik olan ölkələr daim hegemon dövlətlərin, beynəlxalq və regional dairələrin təsir dairəsinə düşməyin astanasında olurlar. Nəticədə isə bəzi dövlətlər siyasi müstəqilliyini itirir. Azərbaycan isə suverenliyini tam bərpa edərək, bütün təzyiqlər fonunda milli hədəflərini çatmaqdadır. Ölkəmiz BMT Təhlükəsizlik Şurasında yer almış dövlətlərdən biridir və yeni dünyanın siyasi proseslərində vacib rol oynayan subyektlərə qarşı öz prinsipial mövqeyini nümayiş etdirir.
Politoloqun sözlərinə görə, 2023-cü il sentyabrın 20-də Azərbaycan dövlətçilik tarixində yeni bir mərhələnin əsası qoyuldu və proseslər bu il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə davam edəcək. Seçkilər ilk dəfə olaraq 86,6 min kvadratkilometrlik Azərbaycan ərazisində keçiriləcək. Sözsüz ki, 200, 300 illik tarix ərzində qələbəyə ehtiyacı olan xalqımıza bu Zəfəri yaşadan Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarında özünəinamı, qələbə ruhunu qaytarması unudulmayacaq hadisələrdir.
“Beynəlxalq hüquqa əsaslanan Azərbaycan həqiqətləri dünya ictimaiyyəti tərəfindən də ədalətli şəkildə qəbul olunmalıdır. Bu kontekstdə Azərbaycanın Ermənistan ilə danışıqları, ölkəmizin beynəlxalq subyektlərlə münasibətləri və əməkdaşlığı çox vacib rol oynayır. Bütün bu aspektlərdən əlavə, Prezident İlham Əliyevin çıxışında anklavlarla, Zəngəzur dəhlizi ilə bağlı dedikləri onu göstərdi ki, bir qarış belə torpağımızı heç kimə güzəştə getməyəcəyik. Ötən il bunu Xankəndidə, Xocalıda və digər yerlərdə Azərbaycan Bayrağının ucaldılması, bizə qarşı hegemonluq iddiasında olan qüvvələrə qarşı ölkəmizin prinsipial münasibəti ilə gördük. Qarşımızda kimin dayanmasından asılı olmayaraq, Prezident İlham Əliyev sübut etdi ki, milli hədəf, xalqın mənafeyi, dövlətçiliyin qorunması, təhlükəsizlik onun üçün prioritetdir”, - deyə Z. Məmmədov vurğulayıb.

Oxşar xəbərlər