Bəzi Fransa siyasətçiləri mədəniyyət və incəsənətin xalqları birləşdirən etibarlı körpü olduğunu dərk edə bilmirlər
10-01-2024, 12:29
42

Bəzi Fransa siyasətçiləri mədəniyyət və incəsənətin xalqları birləşdirən etibarlı körpü olduğunu dərk edə bilmirlər

ÖNDERTV.ORG

İntibah dövrünün, çoxsaylı bədii və ədəbi cərəyanların beşiyi, dünya mədəni irsinin qalası, mədəniyyət mərkəzi hesab edilən Fransada XIX əsr Azərbaycan poeziyasının əsas simalarından olan, “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınmış, Qarabağ xanının nəvəsi Xurşidbanu Natəvanın heykəli vandalizm aktına məruz qalıb. XIX əsr Avropasında qadın yazıçıların kişi təxəllüslərindən istifadə etdikləri bir vaxtda Xurşidbanu Natəvan İslam Şərqində yerləşən bir ölkədə ədəbi məclisə sədrlik etmiş, mükəmməl təhsilə yiyələnmiş, azad qadın rəmzi olmuşdur. Fransada Natəvanın heykəlinin vandalizm aktına məruz qalması bu ölkənin hökumətinin mədəni irsin qorunub saxlanılmasına, eləcə də müxtəlif mədəniyyətlərə olan “hörməti”ni əks etdirir.
Azərbaycanın özünün ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini həzm edə bilməyən Fransa siyasətçilərinin gücü müsəlman ölkəsində azad qadın nümunəsi olan Natəvanın cansız heykəlinə çata bilər. Bu anti-Azərbaycan “siyasətçilər” siyasətlə mədəniyyəti ayırd edə bilmirlər. Məhz bunun nəticəsidir ki, fransız xalqının hökumətdən narazılığı getdikcə artır. Fransada özlərini “siyasətçi” adlandıranlar, müəyyən lobbi qruplarının əlində alətə çevrilən bəzi şəxslər mədəniyyət və incəsənətin xalqları, insanları və ölkələri birləşdirən etibarlı körpü olduğunu dərk edə bilmirlər. Yenidən seçilmək, rahat yaşamaq üçün səs toplamaq məqsədilə bir qrup terrorçunun əlində oyuncağa çevrilən fransız siyasətçiləri anlamalıdırlar ki, heç kim onlara xalqlar arasında körpünü sökmək səlahiyyəti verməyib.
Evian şəhərinin bələdiyyə şurasının müxalif partiyadan olan və Azərbaycanın güclənməsini həzm edə bilməyən üzvlərinin gücü daş lövhələrə və cansız heykələ çatıb. “Azərbaycan bağı” adlanan parkın hər tərəfindən Azərbaycanı xatırladan bütün lövhələr götürülüb, Natəvanın orada ucaldılmış heykəli isə vandalizm aktına məruz qalıb. Bu siyasətçilər belə mövqeləri ilə mədəni müxtəlifliyə necə yanaşdıqlarını göstərirlər. Son illər islamofobiya, antisemitizmin getdikcə artdığı Fransa bir qrup səriştəsiz siyasətçinin ucbatından nüfuzunu itirməkdə davam edir.
Adı UNESCO-nun siyahısına salınmış Xurşidbanu Natəvanın heykəlinə bu cür münasibət, həmçinin bu gün bütün dünyada narahatlıq doğuran mədəni irsin qorunması məsələsinə Fransanın yanaşmasını əks etdirir. Çünki Natəvan yaradıcılığı, onun əsərləri bəşəriyyətin mədəni irs nümunələridir.
Mədəni irsin qorunması qlobal narahatlıq doğuran bir məsələdir, çünki o, bütöv bir xalqın və ya ölkənin tarixini, dəyərlərini əks etdirir. Mədəni irsin qorunması qlobal miqyasda ortaq məsuliyyətdir. Mədəni irsin səmərəli qorunması hökumətlərdən tutmuş yerli icmalara, qeyri-hökumət təşkilatlarına və geniş ictimaiyyətə qədər bütün müvafiq aktorların öhdəliklərini yerinə yetirməsini və əməkdaşlığını tələb edir. Mədəni irsin qorunması təkcə maddi mühafizə məsələsi deyil, həm də mədəni müxtəlifliyin ümumbəşəri əhəmiyyətinin təsdiqidir. Fransa bu məsuliyyətini unutmamalıdır.
Demokratik ölkədə milli mənşəyindən asılı olmayaraq, bütün vətəndaşlar eyni hüquqlara malik olmalı və onların mədəniyyətlərinə bərabər yanaşma tətbiq edilməlidir. Fransa siyasətçilərinin hazırkı yanaşmalarına, eləcə də bu ölkə daxilində və digər xalqlar arasında nifaq salmaq əməllərinə son qoymalarının vaxtı çatıb.
 

Oxşar xəbərlər