“Qarabağda hərbi cinayət törədən hər bir erməni cavab verəcək” - Ekspert
1-08-2023, 12:34
118

“Qarabağda hərbi cinayət törədən hər bir erməni cavab verəcək” - Ekspert

ÖNDERTV.ORG
Hərbi ekspert: “Dünyanın heç bir yerində terrorçu ilə müzakirə aparılmır”
Terrorçu Vaqif Xaçatryanın Laçın Sərhəd-Keçid Məntəqəsində (SKM) həbsi erməni hərbi cinayətkarların canına xof, kürkünə birə salıb. Bu həbs 30 il əvvəl Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə görə asudə gəzənlərə cavab vermək zamanını uzaqda olmadığını ən kəskin şəkildə xatırlatdı. 

Ələ keçən terrorçuya rəhbərlik etmiş, Xankəndidəki separatçıların keçmiş “tş katibi” Samvel Babayan da Vaqif Xaçatryanın həbsindən danışıb. Deyib ki, onun özü də sürücüsü Vaqif Xaçatryan kimi Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı törətdiyi cinayətlərə görə Azərbaycanın hüquq-mühafizə orqanlarının Qarabağ müharibəsi cinayətkarları siyahısındadır.

O, bu barədə erməni bloger Narek Kirakosyanın youtube kanalına müsahibəsində danışıb: “Mən də bu siyahıdayam. Siyahıda başqa kimlərin olduğunu dəqiq bilmirəm. Daha əvvəl də deyirdim ki, Azərbaycan 300-dən çox şəxsi müharibə cinayətlərinə görə axtarışa verib”.

Azərbaycanın əzəli torpağında yerləşən Arsax rejimə havadarlıq edənlərin səs-küyünə də əhəmiyyət verən yoxdur. Azərbaycan öz suveren ərazisində hərbi canini həbs edib.

Azərbaycan Hərbi Prokurorluğundan “Yeni Müsavat”a bildiriblər ki, erməni hərbi cinayətkarların beynəlxalq axtarışları davam edir. Eyni zamanda Azərbaycan ərazilərində yaşayan, vaxtilə Qarabağda azərbaycanlılara qarşı cinayət törətmiş hərbi canilərlə bağlı da əməliyyat-istintaq tədbirləri davam edir. Həmin cinayət işləri üzrə icraatın təzələnməsi üçün əsaslar yarandığı zaman bu addım da atılacaq. Azərbyacanlılara qarşı cinayət törədən heç bir hərbi cani milliyyətindən asılı olmayaraq törətdiyi hərbi cinayətlərə görə cəzasız qalmayacaq. Vaqif Xaçatryan onlarla azərbaycanlının qətlə yetirilməsində, işgəncələrə məruz qalmasında iştirak edib, ağır hərbi cinayətlər törədib. Onun sərhədçilərimiz tərəfindən saxlanılması, müvafiq qaydada istintaqa cəlb edilməsi də məhz bununla bağlıdır.

Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a deyib ki, azərbaycanlılara qarşı soyqırımda, doğma yurd-yuvalarından qovulmasında, əmlaklarının talan edilməsində və s. kimi cinayətlərdə iştirak edən erməni silahlıları, hərbi cinayətkar cəzadan yayına bilməyəcəklər: “Vaqif Xaçatryanın həbsi bir daha sübut etdi ki, Azərbaycan öz ərazisində söz sahibidir. Nə Rusiya, nə Fransa, nə İran, nə Beynəlxalq Qırmızı Xaç Komitəsi, nə də başqaları Azərbaycan ərazisində söz sahibi ola bilməzlər. Bəzilərinin Laçın SKM-də baş verənlərlə bağlı Azərbaycan hakimiyyətinə göstərdikləri təzyiqlər fonunda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının terrorçunun həbs etmələri qanunauyğundur. Kifayət qədər cəsarətli addımın atılması ilk növbədə Azərbaycanın Qarabağ məsələsindəki rəsmi və qəti mövqeyi növbəti dəfə dünyaya əyani şəkildə nümayiş etdirdi. Harada olmalarından asılı olmayaraq bu cinayətkarların hamısı layiqli cəzasını alacaqlar. Bu qətiyyətli addımla Ali Baş Komandan ”Qarabağ ermənilərinin hüquqlarından" danışanlara basa saldı ki, onlar həm də Bağanis Ayrım, Malıbəyli, Aşağı Quşçular, Yuxarı Quşçular, Qaradağlı, Meşəli, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel, Gəncə, Bərdə, Tərtər, Naftalan soyqırımı və faciələrinə göz yumurlar.

“Qarabağ ermənilərinin hüquqlarının beynəlxalq təminatından” danışanlar eyni zamanda soyqırıma məruz qalan və ya yuxuda ikən qətlə yetirilən azərbaycanlıların hüquqlarından da söz açmalıdırlar! BQXK-nın qanunsuz Xankəndi ofisi qarşısında Azərbaycan tərəfindən saxlanılan Vaqif Xaçatryanın geri qaytarılmasını tələb edən fərarilər əslində terrorçubaşı Araik Arutunyanın iqamətgahı önündə kütləvi aksiya keçirməli idilər. Onları onillərdir aldadaraq istismar edən BQXK deyil, separatçı rejimdir".

Ədalət Verdiyev bildirib ki, Azərbaycan torpaqlarında yaşayan, birgəyaşayış qaydalarına uyğun davranan hər kəs, o cümlədən erməni mənşəlilərin bütün hüquqları qorunur: “1-ci və 2-ci Qarabağ müharibələri dövründə Azərbaycan insanına qarşı silah işlədən hər kəs əməlinə görə cavab verəcək. İnteqrasiya prosesi isə həmin şəxslərə aid deyil. Çünki dünyanın heç bir yerində terrorçu ilə müzakirə aparılmır. Bununla belə, Azərbaycan Prezidenti  ermənilər üçün amnistiya təklifini verib. Amnistiya isə o deməkdir ki, onların müəyyən günahları var, cinayətlər işlədiblər, lakin bu cinayətlər ağır cinayət deyil. Yəni silah işlədiblər, amma bunun nəticəsində kimsə həlak olmayıb, yaxud kiməsə işgəncə verməyiblər. Məhz belə şəxslərə amnistiya tətbiq oluna bilər. Amma bu, heç bir halda Vaqif Xaçatryana, Seyran Ohanyana, Robert Koçaryana, Samvel Babayana və digərlərinə aid edilə bilməz. Barələrində beynəlxalq axtarış işi olan, cinayət işi açılan hərbi canilər məsuliyyətə cəlb olunacaqlar. Onlar məsuliyyətə cəlb olunduqdan sonra isə başqa addımları, o cümlədən amnistiya addımları atıla bilər. Bəzi yüngül maddələrlə istintaqa cəlb olunanlar məhkəməyə çıxarılmadan əfv oluna bilirlər. Amma bu cinayət, azərbaycanlılara qarşı soyqırımı törədənlərə, əhalimizin doğma yurd-yuvasından qovulmasında iştirak edənlərə, onlara işgəncə verənlərə, əmlakımızı dağıdıb satanlara, dağıdanlara, yandıranla aid deyil. Bu cinayətləri törədənlərin bir yeri var - Azərbaycan həbsxanası”.

Ədalət Verdiyev bildirib  ki, Azərbaycan Qarabağda törədilən qətliam və soyqırım, o torpaqlarda yaşayanlar barədə məlumat bazasına malikdir: “Biz 680 nəfərin sərhəddən keçməyinə icazə veririk, amma onların içindən 1 nəfəri həbs edirik. Bu, okeanda zərərli bir damcını götürmək kimi bir şeydir. Belə olan halda kiminsə Azərbaycan dövlətini, hüquq-mühafizə orqanlarımızı yan keçməklə hansısa nəticələr əldə etməsi mümkün deyil. Kimsə səhv edibsə, bağışlanıla bilər, lakin bu, səhvin miqyasına və cinayətin maddəsinə baxır”.

Qeyd edək ki, “Laçın” sərhəd-keçid məntəqəsində keçmiş Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşayan, Azərbaycan əsirlərinə olmazın işgəncələr verən, 1955-ci il təvəllüdlü Xaçatryan Vaqif Çərkəzoviç saxlanılıb. O, Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edən dəstənin üzvü olub. Xaçatryan Vaqif Çərkəzoviç 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb.

Bundan başqa, Xaçatryan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.

Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. Onun  barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. 10 il sonra, 29 iyul 2023-cü ildə ələ keçdi.


ÖNDERTV.ORG

Oxşar xəbərlər