AZƏRBAYCANDA QEYD OLUNAN BAYRAMLAR SIRASINA KİŞİLƏR GÜNÜNÜN DƏ ƏLAVƏ EDİLMƏSİ HAQQINDA.
23-02-2026, 20:43
223

AZƏRBAYCANDA QEYD OLUNAN BAYRAMLAR SIRASINA KİŞİLƏR GÜNÜNÜN DƏ ƏLAVƏ EDİLMƏSİ HAQQINDA.

ONDERTV.ORG

​​​​Hər il fevralın 23-də kişilər günü məsələsi gündəmə gəlir və gəldiyi kimi də həllini tapmamış çıxıb gedir. Bilməyənlər üçün deyim ki, bu tarix Sovet Ordusunun yaranması ilə əlaqədar idi və həmin gün qeyri-rəsmi olsa da kişilər günü kimi bizdə də qəbul edilmişdi. Sovet Ordusu 20 Yanvarda əsl simasını göstərdikdən sonra Azərbaycanın gündəmindən bütün atribut və əlamətləri ilə birlikdə silinib getdi.

Getdi və özü ilə kişilər günü kimi qeyri-rəsmi olsa da cəmiyyətdə yeri olan tarixi də apardı. Onun yerinə yerli hökumət heç nə təklif etmədi. Bu isə artıq kişilərin gender problemidir və təəssüf ki, dünyaya ancaq maddiyyat gözü ilə baxanlar bunu guya 8 martda qadınlara alınan hədiyyələrin qarşılığı kimi cılız arqumentlə malalayib ört-basdır edirlər.

Əslinə qalsa, Azərbaycanda konkret olaraq “Kişilər günü” adlı bir şey yoxdur. 26 iyun Silahlı Qüvvələr günüdür və cəmiyyət bunu sırf kişilərin bayramı kimi qəbul etmir. Çünki Silahlı Qüvvələr tək kişilərdən ibarət deyil. Bəli, sırf əsgər və zabit heyəti arasında qadınlar azlıq təşkil etsə də, onların sayı şəxsi heyətə xidmət sahəsində, idarəetmədə, hərbi sənaye müəssisələrində, Baş Qərargahda və s. yerlərdə yetərincədir.

Mən hesab edirəm ki, il ərzində olan bayramlar siyahısına ayrıca və konkret olaraq “Kişilər günü” adlanan bayram günü də əlavə olunmalıdır. Bu günün əsaslandırılması səbəbini, yaxud hadisəsini dərhal deyə bilməyəcəyəm, buna cəmiyyətin müzakirəsindən keçdikdən sonra hökumət qərar verməlidir.

Yaxud da 19 noyabr Beynəlxalq Kişilər Günü bizdə də rəsmi tanınıb bayram günü kimi qeyd edilməlidir. Həmin gün 1999-cu ildən başlayaraq dünyanın 100-dən artıq ölkəsində qeyd olunur. Sonda bəziləri üçün bir də təkrar etmək istəyirəm, bu günün əsas məqsədi kişilərin cəmiyyətdə, ailədə və münasibətlərdəki töhfələrini qeyd etmək, gender bərabərliyinə və kişi sağlamlığı məsələlərinə diqqət çəkməkdir.

ETİBAR ƏLİYEV
23 fevral 2026.

Oxşar xəbərlər