GÖYÇAYDA GƏLƏCƏYİN İNSAN KAPİTALI YARADILIR...
16-01-2026, 23:50
423

GÖYÇAYDA GƏLƏCƏYİN İNSAN KAPİTALI YARADILIR...

ONDERTV.ORG

​​​​Göyçay rayonunda gələcəyin mühəndisləri yetişir.     Süni İntellekt və Robotexnika Akademiyası fəaliyyətə başlayır. 
Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə süni intellekt və robotexnika artıq gələcəyin deyil, bu günün reallığıdır. Dünyanın qabaqcıl ölkələrində bu sahələr təhsilin ayrılmaz hissəsinə çevrildiyi halda, Azərbaycanın bir çox bölgə məktəblərində, xüsusilə rayon və kəndlərdə bu istiqamətdə praktiki tədrisin olmaması ciddi boşluq yaradır. Məhz bu boşluğu doldurmaq məqsədilə Göyçayda “AI & Robotics Academy – Süni İntellekt və Robotexnika Akademiyası” adlı innovativ layihəyə start verilir.
   Problemdən həll yoluna aparılmış sorğular göstərir ki, rayon və kənd məktəblərində oxuyan şagirdlərin böyük əksəriyyətinin süni intellekt və robotexnika haqqında məlumatları çox məhduddur, ya da ümumiyyətlə yoxdur. Halbuki bu sahələr gələcəyin peşələrinin əsasını təşkil edir. Layihə rəhbərinin təşəbbüsü ilə həyata keçirilən bu akademiya, nəzəri biliklərlə kifayətlənməyərək, şagirdlərə real robotlar, proqramlaşdırma mühitləri və süni intellekt alətləri ilə işləmək imkanı yaradacaq.
   Layihənin əsas məqsədi məktəblilərdə
alqoritmik və məntiqi düşüncə tərzini formalaşdırmaq,
proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək,
yaradıcı və analitik yanaşmanı gücləndirmək,
şagirdləri “SAF-2025 Festivalı”, hakatonlar və robotexnika yarışlarına hazırlamaqdır.
   Bu akademiya uşaqlara təkcə kod yazmağı deyil, problem həll etməyi, komanda ilə işləməyi və innovativ düşünməyi də öyrədir.
   Layihə Göyçay şəhər M. Füzuli adına 6 nömrəli tam orta məktəbdə həyata keçiriləcək. Hədəf qrup 7–8-ci siniflərdə oxuyan, İKT-yə marağı olan 20 şagirddən ibarət olacaq. Seçim sorğu və ilkin qiymətləndirmə əsasında aparılacaq.
   Təlimlər 3 ay ərzində, həftədə 3 dəfə olmaqla ümumilikdə 72 saat davam edəcək. Tədris proqramına aşağıdakılar daxildir:
   Süni intellektin əsasları, 
VEX IQ təhsil robotlarının proqramlaşdırılması, 
Arduino mikrokontrollerləri ilə işləmə, 
Vizual və mətn əsaslı kodlaşdırma, 
GitHub Copilot və AI tədqiqat alətləri, 
Robot sensorları, motorlar və real layihələr. 
   Şagirdlər robotları özləri yığacaq, proqramlaşdıracaq və sonda yarışda təqdim edəcəklər.
   “Gənc İT Ulduzların Yarışı” layihənin ən maraqlı mərhələlərindən biri şagirdlərin hazırladıqları, robotların yarışacağı “Gənc İT Ulduzların Yarışı” olacaq. Qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaq, perspektivli şagirdlər isə respublika səviyyəli müsabiqələrə yönləndiriləcək.
  Əməkdaşlıq və dəstək layihə çərçivəsində:
Göyçay Gənclər Evi,
STEAM mərkəzləri,
SAF Festivalı komandaları,
yerli və milli KİV (o cümlədən “Azərbaycan müəllimi” qəzeti)
ilə əməkdaşlıq qurulacaq.
  Valideynlər, müəllimlər və təhsil ictimaiyyəti layihənin bütün mərhələlərini izləyə biləcək.
Davamlılıq və gələcək planlar
layihə bitdikdən sonra:
iştirakçı şagirdlər digər məktəblərdə mentor kimi çıxış edəcək,alınmış avadanlıqlar gələcək müsabiqələrdə istifadə olunacaq. 
  Akademiyanın sosial şəbəkə səhifələri fəaliyyətini davam etdirəcək.
  Gözlənilən nəticələr
layihənin sonunda şagirdlər süni intellekt və robotexnika üzrə praktiki biliklər əldə edəcəklər. 
Yaradıcı və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirəcək, 
gələcəyin texnoloji peşələrinə bir addım daha yaxınlaşacaqlar.
  AI & Robotics Academy Göyçaydan başlayaraq regionlarda texnoloji savadlı, innovativ düşüncəli gənclərin yetişməsinə mühüm töhfə verməyi hədəfləyir. Bu isə Azərbaycanın gələcək insan kapitalına yatırılan dəyərli bir sərmayədir.
  Layihə Elm və Təhsil Nazirliyinin təhsildə keyfiyyət və innovasiyalar üzrə 9- cu Qrant müsabiqəsinin qalibdir.
  Layihənin rəhbəri Göyçay şəhəri M. Füzuli adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Əliyevadır.
           _____________
          Abil İslam
Şair-jurnalist, Prezident mükafatçısı

Oxşar xəbərlər