Fəxriyyə Xələfova - Qadın gücünün uğur formulu
31-12-2025, 11:48
329

Fəxriyyə Xələfova - Qadın gücünün uğur formulu

ONDERTV.ORG

Fəxriyyə Xələfova Azərbaycan moda sənətində milli kimliyi müasir estetiklə ustalıqla birləşdirən nadir simalardandır. O, milli geyimlərin çağdaş dizaynla yenidən təqdim olunması və Azərbaycan mədəniyyətinin geyim dili vasitəsilə dünyaya tanıdılması istiqamətində mühüm xidmətlər göstərmiş sənətkardır. Yerli və beynəlxalq miqyaslı çoxsaylı tədbirlərdə iştirak edən Fəxriyyə Xələfova Azərbaycan mədəni irsinin qlobal miqyasda tanıdılmasına dəyərli töhfələr verib.
Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi olan sənətkar cəmiyyət içində xüsusi nüfuz qazanmış, xarakteri və mənəvi keyfiyyətləri ilə seçilən ziyalı xanımdır.
Onun şəxsiyyətinin əsasını millilik, dərinlik, diqqət və yüksək həssaslıq təşkil edir. Fəxriyyə Xələfovanın ürəyində valideyn həsrəti ilə yanaşı, minlərin və milyonların göz yaşına çevrilmiş dayısı - Ümummilli lider Heydər Əliyev böyüklüyünün də kövrək izləri yaşayır.
Deyirlər ki, göz yaşlarını gizlətməyi bacaran qadınlar güclü qadınlardır. Fəxriyyə Xələfova məhz zərif çiyinlərində böyük məsuliyyət daşıyan, hər məsələyə incə həssaslıqla yanaşan, milli modamızın “günəşi”, xalqımızın “Natəvanı” kimi dəyərləndirilən güclü qadınlardandır.
Səmimiliyi, sadəliyi və anlayışı ilə seçilən sənətkarın kökləri həm Ulu öndər Heydər Əliyevin ailəsinə, həm də Qarabağın məşhur Xələfovlar nəslinə bağlıdır. Peşəkar modelyer kimi fəaliyyət göstərən Fəxriyyə Xələfova “Sirr”, “Neft ilahəsi”, “Ays”, “Ümid ritmləri” və digər kolleksiyalarını dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirib.
Onun yaradıcılığının əsas xəttini Azərbaycan milli ornamentləri, xalça motivləri, ənənəvi naxışlar və zəngin rəng palitrası təşkil edir. Fəxriyyə Xələfovanın kolleksiyaları klassik milli elementlərlə müasir dəbin harmonik vəhdətini əks etdirir və bu xüsusiyyət onu moda dünyasında fərqləndirən əsas cəhətlərdən biridir.
Uzun illər ərzində beynəlxalq moda festivallarında, sərgilərdə və mədəni layihələrdə iştirak edən sənətkar Azərbaycan modasını və estetik düşüncəsini xarici auditoriyaya layiqincə təqdim edib. Onun yaradıcılığı milli dəyərlərə sədaqət, yüksək estetik zövq və peşəkar yanaşma ilə seçilir.
Fəxriyyə Xələfova eyni zamanda gənc dizaynerlərin yetişdirilməsində, milli moda məktəbinin formalaşmasında və inkişafında fəal rol oynayır, mədəniyyət və incəsənət sahəsində maarifləndirici fəaliyyət göstərir. Bu xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş və o, “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.
Bu gün də Fəxriyyə Xələfova Azərbaycan incəsənətinin və modasının inkişafına töhfə verən, milli-mədəni irsimizi müasir dünyaya peşəkar şəkildə təqdim edən nüfuzlu sənətkar olaraq fəaliyyətini davam etdirir.
Qeyd edək ki, bu gün Fəxriyyə Xələfovanın doğum günüdür. Bu münasibətlə onu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.
Gülşən BEHBUD
Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, “Tərəqqi” medalı laureatı




Oxşar xəbərlər