RİYAZİYYATIN ZƏRİF AHƏNGİ-SƏLIMƏ MÜZƏFFƏROVANIN ELM VƏ INSANLIQ YOLU
22-10-2025, 20:33
539

RİYAZİYYATIN ZƏRİF AHƏNGİ-SƏLIMƏ MÜZƏFFƏROVANIN ELM VƏ INSANLIQ YOLU

ONDERTV.ORG

​​​​Elm insanı ucaldan, təhsil isə nəsilləri birləşdirən ən ülvi dəyərlərdəndir. Hər bir müəllim öz həyatını bu ucalığın bir parçasına çevirir. Bu gün haqqında danışacağım şəxs də məhz belə bir ömür nümunəsidir – Müzəffərova Səlimə Kamal qızı, adı təkcə riyaziyyat dərslərində deyil, həm də insanlıq və fədakarlıq məktəbində qızıl hərflərlə yazılmış bir qadındır.
Kökləri torpaq kimi təmiz, ruhu elm kimi saf olan 
Səlimə xanım 1954-cü ilin 22 oktyabr tarixində Quba rayonunun səfalı Gültəpə kəndində dünyaya göz açıb. O kəndin sakit dağ havası, insanlarının zəhmətsevərliyi və səmimiyyəti onun xarakterinə hopub. Uşaqlıqdan oxumağa, öyrənməyə, riyazi düşüncənin dəqiqliyinə meyli onu elmin yollarına yönəldib.
Təhsil illəri onun formalaşmasının bünövrəsi oldu. 1961-1970-ci illərdə doğma Gültəpə kənd 8-illik məktəbində, daha sonra 1970-1972-ci illərdə Tüləkəran kənd orta məktəbində aldığı biliklər gənc qızın həyatında mühüm mərhələ yaratdı. Bu azimli gəncin növbəti addımı isə 1973-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olmaqla başladı. O, 1977-ci ildə bu elm ocağını riyaziyyat ixtisası üzrə bitirərək təhsil dünyasına addım atdı. 
Müəllim adının məsuliyyətini daşıyan ömür yolunun inkişaf xəritəsinə nəzər salaq. 
1977-ci ildə təyinatla doğma Gültəpə kənd məktəbinə dönən Səlimə xanımın müəllimlik ömrü də elə oradan başladı. İllər keçdikcə onun siniflərdə səslənən səsi yüzlərlə şagirdin yaddaşında iz buraxdı. O, təkcə riyaziyyatı öyrətmişdi, o, dürüst olmağı, düşünməyi, insan olmağı öyrədirdi.
1984-cü ildən Quba şəhər İnternat məktəbində tərbiyəçi-müəllim kimi çalışaraq gənclərin həyatına həm bilik, həm də qayğı qatdı. 1991-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında tədris ustası, baş laborant, eyni zamanda ictimai əsaslarla dekan müavini və dekan kimi fəaliyyət göstərdi. Bu illər onun idarəçilik və təşkilatçılıq bacarığının, liderlik keyfiyyətlərinin parladığı dövr idi.
2001-2009-cu illər onun yenidən pedaqogikanın dərin qatlarına enməsi ilə yadda qaldı. Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında baş laborant, riyaziyyat müəllimi, kabinet müdiri və metodist kimi çalışaraq həm müəllimlərə, həm tələbələrə elmi istiqamət verdi. 2009-2020-ci illər arasında isə pedaqoji təcrübə rəhbəri kimi yüzlərlə gənc müəllimin formalaşmasına kömək etdi. Hazırda ADPU-nun Quba filialında tam ştat riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirir və hər gün sinif otağında bir yeni sabahın işığını yandırır.
Elm və ailə dəyərlərinin harmoniyasını isə 
Səlimə müəllimə ailə həyatında da elm və mərhəmət kimi dəyərləri yaşadıb. O, bir ana, bir həyat yoldaşı kimi də nümunəvi qadındır  bir oğlu, iki qızı ilə qurduğu ailə onun təmkininin, fədakarlığının göstəricisidir.

Elmə və insana verilən dəyərin simvolu olan Səlimə Müzəffərovanın elmi fəaliyyəti və pedaqoji ustalığı təkcə tələbələrin deyil, rəhbərliyin də daim diqqət mərkəzində olub. Onun fədakarlığı, işinə məsuliyyətlə yanaşması və səmimiyyəti ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyevin də böyük hörmətinə  və böyük dəyərinə  səbəb olmuşdur.
Qürurverici məqamlardan biri də Səlimə Müzəffərovanın  filialda çoxşaxəli fəaliyyətini nəzərə alaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı ilə də təltif olunması oldu. 
Hörmətli direktor dəfələrlə Səlimə xanımı Fəxri Diplom və Fəxri Fərmanlarla təltif etmiş, onun universitetin elmi-mədəni həyatında rolunu xüsusi vurğulamışdır.
Yusif müəllim daim bildirir ki, “Səlimə Müzəffərova kimi müəllimlər universitetin tək dayağı deyil, həm də mənəvi sütunlarıdır.”

Bir qədər də sizi xatirələrin dərinliyində bir sevgiyə aparmaq istərdim, Atamın Səlimə müəllimə dərin hörmətimdən bəhs edəcəm, xatırladım ki onlar kolleqa idilər, eyni peşənin layiqli öyrədənləri olaraq illərin sınağından çıxan pedaqoqlarımızdırıar. 
Bu yazını yazarkən duyğularımı gizlətmək çətindir. Mənim üçün Səlimə müəllimə təkcə bir pedaqoq deyil, həm də atam  Məhəmməd müəllimin hər zaman dərin hörmətlə  danışdığı, dəyər verdiyi bir şəxsiyyətdir. Atam həmişə deyirdi:
Səlimə xanım bizim El arasında "Qart-dərə" adlanan yeddi  kəndin birləşməsindən ibarət inzibati ərazinin fəxr yeridir. 
O, bu sözləri sadəcə hörmət xatirinə demirdi. Bu, bir müəllimin başqa bir müəllimə olan səmimi ehtiramı idi. Atam Səlimə xanıma “bacı” deyə müraciət edərdi və bu, elə bir səmimiyyətin göstəricisi idi ki, bu gün də həmin xatirəni dərin sevgi ilə anıram.
Atam artıq aramızda deyil… Amma onun ruhu hər dəfə Səlimə müəllimənin dərs dediyi sinifdə, yetişdirdiyi gənclərdə, paylaşdığı bilikdə yaşayır. Mən bu yazı ilə həm Səlimə müəlliməyə minnətdarlığımı, həm də atamın dəyərlərini yaşatmaq istəklərimi ifadə edirəm.
Elm ömrünə dəyər qatan  Səlimə Müzəffərovanın  həyat yolu bir çox gənc qadın müəllimlər və mənim üçün də ilham mənbəyidir. 
İcazənizlə məndə öz səmimi təbriklərimi və qəlbimdən gələn  sözlərimi bu gözəl peşə sahibinə ünvanlamaq İstəyirəm.

Əziz və dəyərli Səlimə müəllimə!
Sizin 71 illik şərəfli ömür yolunuz, tükənməz zəhmət və zəka ilə işıqlanmış pedaqoji fəaliyyətiniz bu gün təkcə bir müəllimin deyil, bir ömür mücadiləsinin, bir qadın fədakarlığının rəmzidir. Siz illərin işığı, bilik yolunun mayakı, neçə-neçə nəsillərin yoluna nur səpən bir elm fədaisisiniz.
Bu şərəfli yolun hər səhifəsində səmimiyyət, mərhəmət, zəhmət və insana sevgi yazılıb. Bu gün 71 illik ömür mərhələniz təkcə bir yaş göstəricisi deyil, bu, 71 illik hikmət, 71 illik zəhmət və 71 illik insanlıq tarixidir.
Qoy Tanrı Sizə sağlamlıq, gümrahlıq, sevdiklərinizlə birgə uzun və bərəkətli ömür nəsib etsin. Hər yeni gününüzdə tələbələrinizin sevgisi, həmkarlarınızın hörməti, dostlarınızın təbəssümü Sizi əhatə etsin.
Siz elə bir qadınsınız ki, adınız çəkiləndə gözlərdə ehtiram, qəlblərdə minnətdarlıq oyanır.
Bu dəyərli yubiley münasibətilə Sizi böyük qürur, dərin sevgi və sonsuz ehtiramla təbrik edirəm!
Uğurlarınız, ömrünüz kimi, sabit, nurlu və təmkinli olsun!

Dərin hörmət və sonsuz sevgi hissi ilə Nəhayət Məhəmməd qızı Şirinova:

ADPU-nun Quba filialı
Heydər Əliyev Lektoriyasının müdiri

Oxşar xəbərlər