Azərbaycan və Türkmənistan arasında mədəni əlaqələr möhkəmlənir
14-10-2025, 23:06
440

Azərbaycan və Türkmənistan arasında mədəni əlaqələr möhkəmlənir

ONDERTV.ORG

Heydər Əliyev Mərkəzində Türkmənistan Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Türkmənistanın mədəniyyət nazirinin müavini N. Şirimov Azərbaycan və Türkmənistan arasında mədəni əlaqələrin inkişafının böyük əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu kimi mədəni tədbirlər iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

13–15 oktyabr tarixlərini əhatə edən Türkmənistan Mədəniyyət Günləri çərçivəsində qardaş ölkənin zəngin mədəni irsini əks etdirən muzey eksponatları, türkmən kişi və qadınlarının milli geyimləri, xalça-palaz kimi toxuculuq və dekorativ sənət nümunələri nümayiş etdirilib. Eyni zamanda, Türkmənistanın tanınmış tarixi şəxsiyyətlərinə və qədim abidələrinə həsr olunmuş fotolar sərgilənib.

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı, eləcə də psixoloq, xaricdə təhsil almış, Vəhdət Partiyasının aktiv vəhdətçisi Aynurə Ələkbərova və vəhdətçi sahibkar xanım Atlas Əsədova da iştirak ediblər. Onlar Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvinin adından çıxış edərək belə tədbirlərin xalqlar arasında dostluğun və mədəni körpülərin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar.

Proqramın davamının Gəncə şəhərində keçirilməsi nəzərdə tutulur. Türkmənistan Mədəniyyət Günləri Azərbaycan və Türkmənistan arasında qardaşlıq və mədəni əməkdaşlığın daha da inkişafına xidmət edir.

ONDERTV.ORG Leyla Nur






Oxşar xəbərlər