
Gündəm
3-10-2025, 16:16
214
3 OKTYABR: AZƏRBAYCANIN XİLASI VƏ HEYDƏR ƏLİYEVİN TARİXİ MİSSİYASI
ONDERTV.ORG
Azərbaycan xalqının taleyini dəyişən dönüm nöqtəsinə çevrulən günlərdən biri də 3 oktyabr 1993-cü ildir. Həmin gün Azərbaycan xalqı yekdilliklə öz taleyini Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyinə həvalə etdi. Bu hadisə yalnız bir seçki aktı deyil, həm də dövlətçiliyimizin, müstəqilliyimizin xilası idi. Tarixin sınaqları və dövlətin taleyi kimi qiymətləndirək bu dönəmi. Hamımıza bəllidir ki, ölkədə daxili qarşıdurmalar, siyasi çəkişmələr, hakimiyyət böhranı, iqtisadi çətinliklər hökm sürürdü. Qarabağda işğal davam edir, ərazi bütövlüyümüzə təhlükələr artmaqda idi. Xalq öz gələcəyinə inamını itirir, müstəqillik ideyası uçurumun kənarında dayanmışdı.Belə bir şəraitdə Azərbaycan xalqının xilası üçün güclü liderə, müdrik dövlət xadiminə, xalqın etimadını qazanmış tarixi şəxsiyyətə ehtiyac var idi. Bu şəxsiyyət yalnız və yalnız Heydər Əliyev ola bilərdi.
3 oktyabr seçkiləri xalqın yekdil iradəsinin görünən üzü oldu.
1993-cü ilin 3 oktyabrında keçirilən prezident seçkilərində 3 milyon 919 min 923 seçici yekdilliklə Heydər Əliyevə səs verdi. O, 98,84 faiz kimi misilsiz bir nəticə ilə Azərbaycanın Prezidenti seçildi. Bu fakt təkcə seçki statistikası deyildi. Bu, xalqın ümidsizlik içindən doğan ümidinin, çarəsizliyin içindən doğan inamının ifadəsi idi. Azərbaycan xalqı öz xilaskarını tanıyır, ona tarixinin ən ağır dönəmində etimad göstərirdi.
Heydər Əliyev sadəcə prezident deyil, xilaskar missiya sahibi idi.
Heydər Əliyev 3 oktyabrda prezident seçilməklə təkcə dövlət başçısı olmadı. O, xalqın ümidi, müstəqilliyimizin dayağı, gələcəyimizin memarı oldu. Azərbaycanın o vaxtkı vəziyyətini nəzərə alanda Heydər Əliyevin xilaskar missiyası daha aydın görünür:
Vətəndaş müharibəsinin qarşısı alındı;
Dövlət çevrilişi təhlükələri aradan qaldırıldı;
Ordu quruculuğu istiqamətində ciddi addımlar atıldı;
Azərbaycan beynəlxalq aləmdə tanındı, diplomatik əlaqələr genişləndi;
Ən əsası isə, müstəqilliyin əbədiliyi və dönməzliyi təmin olundu.
Bu səbəbdən xalq Heydər Əliyevi sadəcə prezident deyil, "dövlətçiliyimizin talismanı" adlandırdı.
Xalqın qəlbində yaşayan Liderə cevrildi.
Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Onun uzaqgörən siyasəti, dəmir iradəsi sayəsində Azərbaycan yalnız dövlət kimi qorunmadı, həm də gələcək inkişaf üçün möhkəm təməl qazandı. Bugünkü müstəqil, güclü, qalib Azərbaycan Heydər Əliyevin 3 oktyabrda xalqa bəxş etdiyi xilasedici qərarın bəhrəsidir.
Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev isə həmin yolun möhkəmləndirilməsi, müstəqilliyimizin daha da gücləndirilməsi üçün misilsiz işlər gördü. 2020-ci ildə qazanılan möhtəşəm Zəfər, torpaqlarımızın azad olunması da məhz Heydər Əliyevin qoyduğu dövlətçilik təməlinin nəticəsidir. Bu gün Azərbaycanın müstəqillik tarixində xilas günü, yenidən doğuluş günüdür. Əgər o vaxt xalq Heydər Əliyevə etimad göstərməsəydi, bu gün Azərbaycan adlı dövlətin olub-olmayacağı sual altında qala bilərdi.
Odur ki, hər bir azərbaycanlı üçün 3 oktyabr qürur və fəxarət günüdür. Bu tarix xalqın müdrikliyinin, birlik və həmrəyliyinin simvoludur. Ən əsası isə, bu gün bizə sübut etdi ki, xalqın sevgisinə, etimadına söykənən Lider milləti ən ağır fırtınalardan belə xilas edə bilir.
3 oktyabr 1993-cü ili, xilaskar Liderin xalq iradəsi ilə hakimiyyətə gəlişi, dövlətin müstəqilliyinin xilas olunması günü kimi qeyd edir və daim də edəcəyik. Bu gün bizim yaddaşımızda əbədi yaşayacaq və gələcək nəsillərə azadlıq, müstəqillik dərsi olacaq.
Bəli Azərbaycan tarixinə xalqın müdrik seçim günü, xilasa gedən yolun başlanğıcı kimi daxil olan və bu tarixin sinməz izi olan gündür. Bu gün biz bir daha dərk edirik ki, dövlətimizin mövcudluğu, xalqımızın birliyi və müstəqilliyimizin əbədiliyi məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi ilə mümkün olmuşdur.
Heydər Əliyevin tarixi missiyası təkcə bir dövrün xilası deyil, həm də gələcək nəsillərə möhkəm dövlətçilik irsinin bəxş olunmasıdır. Onun qoyduğu əsaslar üzərində bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni zirvələr fəth edir, güclü, qalib və nüfuzlu dövlət kimi dünya arenasında öz sözünü deyir. Bu tarix həm qürur, həm də məsuliyyət günümüzdür. Çünki biz bu müdrik seçimin, bu xilaskar yolun davamçılarıyıq. Müstəqilliyimizi qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha güclü Azərbaycan əmanət etmək hər birimizin vətəndaşlıq borcudur.
Bu gün biz fəxr edirik ki, Ulu Öndərin ideyaları və siyasi kursu yaşayır, müstəqilliyimiz isə dönməzdir. 3 oktyabr Azərbaycan xalqının yaddaşında əbədi olaraq Xilaskar Liderin günü, müstəqilliyimizin möhkəmləndiyi tarixi an kimi qalacaq.
🖊️ Nəhayət Şirinova
ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri
