“AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT SUVERENLİYİ GÜNÜ: HÜQUQİ STATUS, TARİXİ ZƏRURƏT VƏ MİLLİ İDEOLOJİ MƏNA
20-09-2025, 19:43
194

“AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT SUVERENLİYİ GÜNÜ: HÜQUQİ STATUS, TARİXİ ZƏRURƏT VƏ MİLLİ İDEOLOJİ MƏNA

ONDERTV.ORG

​​​​20 Sentyabr-Dövlət Suverenliyi Günü. 
Hər bir xalqın tarixində elə günlər var ki, həmin günlər milli kimliyin, azadlıq əzminin və dövlətçilik iradəsinin parlaq təcəssümünə çevrilir. Azərbaycan xalqı üçün 20 Sentyabr belə günlərdən biridir. Bu tarix yalnız təqvimdə bir gün deyil, həm də mübarizə, fədakarlıq və milli birliyin zirvəsidir. Suverenliyin bərpası uğrunda çəkilən zəhmətlər, şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı, xalqın birliyi və dövlətin gücü bu günün mahiyyətində birləşir. Dövlət Suverenliyi Günü Azərbaycanın tarixi yolunun həm simvolu, həm də gələcəyə yönəlmiş mesajıdır. Bu gün biz yalnız keçmişi xatırlamırıq, həm də gələcək nəsillərə güclü dövlət, bölünməz ərazi, müstəqil siyasi iradə və qürurla dalğalanan bayraq əmanət edirik.
Gəlin bu şərəf dolu tarix və onun yaranma  yaranma zərurətinə səyahət edək. 
2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb.  Bu sərəncama əsasən, hər il 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir.  Sərəncamda həmçinin Nazirlər Kabinetinə bu bayramla bağlı tədbirlərin təşkilini, əlaqədar məsələlərin həllini təmin etmək tapşırılmışdır.
Sərəncamın mətninı nəzər salsaq görürük ki, işğal, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və son illərdə baş verən hərbi əməliyyatlar kimi tarixi hadisələrə işarə edilir. Məsələn, sənəddə qeyd olunur ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmiş, azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, Xocalı soyqırımı törədilmişdir.  Eyni zamanda, 2020-ci ilin Vətən Müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan əraziləri geri qaytarması və 2023-cü il sentyabrın 20-də antiterror əməliyyatının başa çatması kimi hadisələr suverenliyin bərpası kontekstində önəmli yerlər tutmuşdur. 
Beləliklə, Dövlət Suverenliyi Günü anlayışı Azərbaycanda yalnız dövlət hüquqi statusun təsdiq edilməsi deyil, suverenliyin faktiki bərpası və qorunması prosesinin ideoloji simvoludur
Suverenlik anlayışı: hüquqi və konseptual aspektlərinə nəzər salaq. 
Suverenlik termini beynəlxalq hüquqda dövlətin daxili və xarici işlərdə müstəqil qərarvermə səlahiyyətini, sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığını, resurslar vətəndaşları və dövlətin nəzarəti altına verilməsini, kənar hərbi təzyiqlərin olmamasını ehtiva edir. Bu xüsusiyyətlər suveren dövlətin əsas atributları sayılır.
Azərbaycanın suverenlik anlayışı tarixi, siyasi və hüquqi kontekstdə inkişaf etmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ideyası həmin inkişafın ilkin formalarından olub. Sovet dönəmi bu inkişafı məhdudlaşdırmış, ancaq 1991-ci ildə müstəqilliyin bərpası ilə dövlət hüququ baxımından yenidən dirçəliş baş vermişdir.
Yeni təsis edilmiş Dövlət Suverenliyi Günü hüquqi baxımdan iki əsas məqamı vurğulayır:
1. Suverenliyin qorunması və bərpası – 2020-ci ilin Vətən Müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları Azərbaycanın suveren statusunun yalnız hüquqi kağız üzərində deyil, faktiki olaraq qorunmasını təmin etmişdir. 
2. Dövlətin daxili idarəetmə və konstitusiya quruluşunun üstünlüyü – Sərəncama istinadla, 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən təxribatların qarşısının alınması və konstitusiya quruluşunun bərpası antiterror əməliyyatlarının başlaması göstərilir. Bu fakt dövlətin hüquqi və inzibati səlahiyyətlərinin bütün ərazi üzərində təmin edilməsinin göstəricisidir. Tarixi-mənəvi və ideoloji önəmi isə bundan ibarətdir. Tarix  olaraq, 20 sentyabr tarixi hadisələrə görə simvolik məna daşıyır. 2023-cü il sentyabrın 19-dan 20-yə keçən gecə antiterror əməliyyatının başa çatması və Azərbaycanın həmin əməliyyat vasitəsilə torpaqlarının bir hissəsində konstitusiya hakimiyyətini yenidən qurması bu günü suverenliyin praktiki bərpası günü kimi qəbul etməklə bağlıdır. Əslində bu  millətin identifikasiyası və milli birliyin təzahürüdür. 
Dövlət Suverenliyi Günü ideoloji cəhətdən Azərbaycanın dövlətçilik ənənələrini, milli kimliyi və milli birlik duyğusunu gücləndirir. İşğal, məhrumiyyət və müharibə illəri Azərbaycan xalqının taleyində dərindən iz qoymuşdur; Xocalı faciəsi, işğal dövrü – bunlar hələ də yaddaşlarda dərin yaralar olaraq qalır. Bununla yanaşı, Vətən Müharibəsi yüksək mənəvi qələbə olaraq qəbul edilir. Dövlət Suverenliyi Günü bu təcrübələrin xatirəsini yaşatmaqla, gələcək nəsillərin dövlətçilik və suverenlik dəyərlərinə bağlılığını artırmağa xidmət edir.
Dövlət Suverenliyi Günü və konstitutsiya hüququ. 
Sərəncama əsasən, Konstitusiyanın müvafiq maddələri (Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi kimi) rəhbər tutularaq bu günün təsis edilməsi həyata keçirilmişdir.  Konstitusiya hüququ baxımından bu, dövlətin suverenlik hüququnun qanunvericilik səviyyəsində tanınmasıdır, dövlət orqanlarının işində qanunun aliliyi və konstitusion statusun qorunması ideyasının təcəssümüdür.
Belə bir dövlət bayramının yaradılması, suverenliyin yalnız formal hüquq aktı deyil, həm də faktiki, praktik vəziyyət – dövlətin bütün ərazisində idarəetmə və nəzarət səlahiyyətinin bərpası – kontekstində qiymətləndirilir. Potensial təsirlər və gələcək inkişaf perspektivləri nələrdən ibarətdir? 
Dövlət quruculuğu və idarəetmədə güclənmə burda prioritet məsələdir. 
Dövlət Suverenliyi Gününün təsis edilməsi gələcəkdə dövlət quruculuğu proseslərini daha da sistemləşdirməyə, suverenlik hüququnun qorunmasına yönəlmiş strateji qərarların qəbuluna təkan verə bilər. Bu, qanunvericilik, icra, məhkəmə hakimiyyəti arasında balansın qorunmasını, dövlət orqanlarının funksiyalarının suverenlik çərçivəsində daha aydın müəyyənləşdirilməsini stimullaşdıra bilər.
Xarici siyasətdə də rolu əvızsizsizdir. 
Suverenlik dövlətin beynəlxalq əlaqələrində öz prinsiplərini qoruması, xaricdən gələn təsirlərə qarşı qətiyyətli mövqe tutması deməkdir. Dövlət Suverenliyi Günü Azərbaycanın səsi və mövqeyinin beynəlxalq arenada möhkəmlənməsinə bir simvol kimi xidmət edəcək,beynəlxalq müqavilələrdə, diplomatik münasibətlərdə, beynəlxalq hüquq normalarının müdafiəsində bu günün mənəvi dayaqları arxasında duran dəyər kimi istifadə edilə bilər. İctimai şüura və təhsilə inteqrasiyası da birmənalıdır. 
Bu cür bayramların yaradılması, xüsusilə gənclər arasında dövlətçilik və vətənpərvərlik ideyalarının təbliği, dövlət simvollarına, konstitusiyaya hörmətin artırılması istiqamətində əhəmiyyətlidir. Təhsil sistemi, mədəniyyət qurumları, media vasitələri Dövlət Suverenliyi Gününün tarixi, mahiyyəti və dəyəri barədə biliklərin geniş yayılmasına görə əsas rol oynayacaq.
Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi yalnız yeni bayramın yaradılması demək deyil; bu, dövlətin suveren hüquqlarının tam olaraq bərpa edilməsi, tarixi ədalətin tanınması, konstitusiyanın, qanuniyyəti qorumağın dövlət siyasətinin prioriteti olması, milli kimliyin yenidən güclənməsi və gələcək üçün vətənpərvərlik ideyalarının möhkəmləndirilməsi deməkdir.
Hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir, bu gün Azərbaycan xalqının öz taleyinə sahib olduğunu, dövlətçilik ideyalarının keçmişdən gələn və bugündən gələcəyə ötürülən səylərin nəticəsi olduğunu nümayiş etdirir. Dövlət suverenliyi yalnız formallıq deyil, xalqın, dövlətin və Azərbaycan Respublikasının konstitusional quruluşunun bütövlüyünün, azadlığının və müstəqilliyinin qorunmasıdır.
Suverenlik milli kimliyimizin, dövlət müstəqilliyimizin və azad gələcəyimizin əsas rəmzidir. Bu yolun hər addımı böyük fədakarlıqlar, əzm və vətən sevgisi ilə qazanılmışdır. Bu gün biz, keçmişin qəhrəmanlıq səhifələrindən güc alaraq, gələcəyə inamla addımlayırıq. Mən də 
20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan xalqının azadlıq iradəsini, müstəqil yaşamaq əzmini və dövlətçiliyimizi qorumaq əzmkarlığını ifadə edən tarixi bir gündür.
Arzu edirəm ki, dövlət suverenliyimiz daim uca və əbədi olsun. Qoy Vətənimizin bayrağı hər zaman müstəqilliyin, azadlığın və birlik rəmzi kimi dalğalansın.
Dövlət Suverenliyi Günümüz mübarək! 🇦🇿

Nəhayət Şirinova
ADPU-nun Quba filialı
Heydər Əliyev Lektoriyasının müdiri.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Oxşar xəbərlər