HEYDƏR ƏLİYEV VƏ  AZƏRBAYCAN DİLİ: MİLLİ İDEOLOGİYANIN STRATEJİ  PLATFORMASI.
3-08-2025, 17:55
332

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ: MİLLİ İDEOLOGİYANIN STRATEJİ PLATFORMASI.

ONDERTV.ORG

​​​​1 Avqust Azərbaycan Dili və Əlifbası Günüdür. 
Ana dilimiz , milli kimliyimizin sütunudur və düşünürəm ki, hər bir milli dəyər daşıyıcısı üçün bu günün əhəmiyyəti böyükdür, sözün əsil mənasında bu gün bayramdır. 
"Ana dili hər bir xalqın milli varlığının əsas əlamətlərindən biridir"  deyirdi ulu öndər Heydər Əliyev. Məhz bu uzaqgörən və dərin mənalı fikrin fonunda Azərbaycan xalqı 1 Avqust tarixini təkcə təqvimdə bir gün olaraq deyil, tarixi-mədəni yaddaşın, milli kimliyin, dövlətçilik şüurunun bayramı kimi qeyd edir. Bu gün  dilimizin, sözümüzün, milli mənəviyyatımızın təntənəsidir.
Əlifba yazımızın  ruhu, dilimizin  simasıdır. 
Əlifba xalqın tarixi yaddaşı, mədəni yaddaşı, estetik dünyagörüşü, informasiya daşıyıcısı və idarəetmə vasitəsidir. Heç kəsə sirr deyildir ki, qədim dövrlərdən bu günədək müxtəlif əlifbalardan istifadə etmiş Azərbaycan xalqı latın qrafikalı Azərbaycan əlifbasına keçid ilə milli-mədəni özünüdərkini tam şəkildə ifadə etməyə nail olmuşdur.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan latın qrafikasına keçid prosesi, sadəcə texniki dəyişiklik deyildi, bu, milli ideoloji və strateji bir akt, kökə qayıdış, türk dünyası ilə inteqrasiyanın simvolu idi. Ulu öndər bu prosesi belə izah edirdi:
“Biz latın qrafikasına keçməklə millətimizin, dilimizin, mədəniyyətimizin gələcək inkişafı üçün çox mühüm addım atmışıq. Bu, eyni zamanda türk dünyasına inteqrasiya yolunda böyük bir irəliləyişdir.”
(Heydər Əliyev, 2001 toplu. )
An dili – varlığımızın təməli, dövlətimizin dayağıdır
Dil bir xalqın ən güclü sosial institutu, kulturoloji pasportu, mentalitetinin daşıyıcısıdır. Azərbaycan dili isə bu xüsusda bizim üçün daha artıq mənalar daşıyır: müstəqilliyimizin simvoludur, vətəndaş həmrəyliyimizin bünövrəsidir, dünya azərbaycanlılarını birləşdirən müqəddəs bağdır.
Ümummilli lider Heydər Əliyev müstəqillikdən sonra dil siyasətini milli dövlət quruculuğunun mərkəzinə çevirdi. Onun səyləri nəticəsində Azərbaycan dili rəsmi dövlət statusu qazandı, Konstitusiyamızda təsbit olundu, tədris sisteminin və dövlət idarəçiliyinin əsas dili oldu.
Ümummili Lider belə qeyd edirdi:
“Azərbaycan dili bizim millətimizin qürur mənbəyidir. Onun saflığını, gözəlliyini və zənginliyini qorumaq hər bir vətəndaşın borcudur.”
Bu gün ölkəmizdə Azərbaycan dili yalnız gündəlik ünsiyyət vasitəsi deyil, həm də elmin, təhsilin, hüququn, texnologiyanın dili kimi inkişaf etməkdədir. Yeni dövrün çağırışlarına uyğun olaraq dövlət dili siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının sərəncamı ilə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dili kimi daha geniş tətbiqi” sahəsində ardıcıl işlər görülür.
1 Avqust – milli dil təfəkkürünün təntənəsi kimi ölkəmizdə yüksək səviyyədə  qeyd olunyr. 
1993-cü ildən başlayaraq Azərbaycanda latın qrafikalı əlifbaya keçidə dair mühüm qərarlar qəbul edildi. Nəhayət, 2001-ci il avqustun 9-da Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında Dövlət Dilinin Tətbiqi İşinin Təkmilləşdirilməsi haqqında” fərman ilə bu proses hüquqi və ideoloji cəhətdən tamamlandı. Həmin fərmanda 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması qərara alındı. Bu, sadəcə bir tarix deyildi, xalqın öz dili, kimliyi və varlığı ilə qürur duyması üçün bir rəmz idi. 
Milli dilimiz eyni zamanda  ədəbiyyatın və publisistikanın ruhunun da talismanı oldu. 
Axı Azərbaycan dili yalnız sadə bir ünsiyyət vasitəsi deyildi, həm də milli ədəbiyyatın ilham mənbəyi idi. Nizami, Füzuli, Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi dahilərin yaradıcılığında Azərbaycan dili yalnız estetik deyil, həm də mənəvi azadlıq silahına çevrilmişdir. Elə publisistika da bu dildən güc alaraq xalqın maarifinə, mübarizəsinə, dirçəlişinə xidmət etmişdir.
Nə xoş ki, bu istiqamətin bir zərrəsi olaraq bizlər də nəsə etməyə çalışırıq. Mənim xüsusi olaraq qürurla qeyd edəcəyim məqam isə bütün fəaliyyətim boyu Ulu Öndər ideyalarına milli bağlılığım və hal hazırda da ümummilli Lider Heydər Əliyev ruhunun dolaşdığı ADPU-nun Quba Filialı Heydər Əliyev Lektoriyasında çalışmağımdır.  Fürsətdən istifadə edib bu etimada məni layiq gördüyü və daim öz dəstəyini əsirgəməyən ADPU-nun Quba filialınln direktoru, Qabaqcıl Təhsil İşçisi, Fizika Elmləri doktoru, professor, Ulu Öndər həyatını başdan - başa öyrənən və təbliğ edən, eyni zamanda öz ana dilinə sonsuz sayqı nümayiş etdirən Yusif Alıyevə sonsuz təşəkkürlərimi ifadə edirəm. 
Ulu öndər Heydər Əliyevin dilə və mətbuata yanaşması da publisistikanın dövlətçilik və milli şüur quruculuğundakı rolunu ön plana çıxarırdı: O, deyirdi:
> “Azərbaycan dili böyük inkişaf yolu keçmişdir. Bu dilin incəliklərini, gözəlliklərini qorumaq və gələcək nəsillərə ötürmək hər bir ziyalının, xüsusilə də mətbuat işçisinin mənəvi borcudur.”
Dilini sevən millət  özünü sevən millətdir. 
Əslində, bu gün 1 Avqustun təntənəsi yalnız bir rəmzi tarix deyil  mənəvi məsuliyyət günüdür. Hər bir azərbaycanlı bu tarixdə öz dilinə olan münasibətini düşünməli, bu dilin yaşaması və inkişafı naminə hansı işləri gördüyünü, hansı borcları yerinə yetirdiyini təhlil etməlidir. Dilə sahib çıxmaq məktəbdə, ailədə, televiziya və internetdə onu doğru və zəngin formada işlətməkdir. Bu gün biz təkcə ə, ö, ü, ç, ğ kimi hərfləri deyil, xalqın yaddaşını, söz mədəniyyətini, ruhunu qoruyuruq.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsində dil məsələsi sadəcə bir ünsiyyət kimi kifayətlənmir, milli müqavimətin, qürurun, azadlığın və müstəqilliyin simvoluna çevrilir. O, Azərbaycan dilini dövlətin dayağı, xalqın səsi, mədəniyyətin daşıyıcısı kimi təqdim edilən bu gün də bu dilə   yeni nəfəs verən böyük şəxsiyyətin şah əsəridir. 
Bu gün hər bir azərbaycanlıya düşən məsuliyyət budur ki, bu dili yaşatmaq, qorumaq və zənginləşdirmək üçün yorulmaz səy nümayiş etdirək. Çünki bu dil bizim kökümüzdür, kimliyimizdir, sabahımızdır. 
 “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”  deyən bir liderin mirasıdır bu dil. Onun ruhuna sədaqət – ana dilimizə olan sədaqətlə ölçülür.
Nəhayət Şirinova
ADPU Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Oxşar xəbərlər