Fitri istedada malik olan Leylanı hamımız tanıyaq...
11-04-2025, 01:36
918

Fitri istedada malik olan Leylanı hamımız tanıyaq...

ONDERTV.ORG

Bu günlərdə “Kanal S”in tanınmış, peşəkar əməkdaşı - “Kim var, kim yox?” verilişinin müəllif və aparıcısı Laləxanım komandası ilə birlikdə Leylagilin qonağı oldu. Deyəcəksiz ki, “bu hansı Leyladır?”. Elə isə gəlin yaxından tanış olaq Leyla qızımızla.
Leyla Polad qızı Məmmədova Sumqayıt şəhərindəanadan olub.   Sumqayıt şəhər 24 saylı tam orta məktəbin 4d sinfində oxuyur.
Ağıllı, təlim-tərbiyəli, nizam-intizamlı, xoş xasiyyətli, mehriban, gülərüz, səliqə-sahmanı çox sevən Leyla dərs əlaçısıdır. Gözəl xasiyyətinə və dərslərinə müntəzəm olaraq hazırlıqlı olduğuna, məktəbin ictimai həyatında fəallığına görə, müəllimlərinin sevimlisidir o. Hətta sinif yoldaşları da ona xüsusi rəğbət bəsləyirlər.
Hər kəslə mehriban olan Leylanın ən gözəl keyfiyyəti onun pozitiv olması, həyata nikbin baxışıdır.Bütün fənnləri sevən Leylanın ədəbiyyata xüsusu marağı var. Digərlərindən fərqli olaraq, o, güclü yaddaşa malikdir. Tez bir zamanda şeiri əzbərləyir və xüsusi bir ustalıqla söyləyir. Bəli, doğru tapdız, Leyla gözəl qiraətçidir. Vətənə, tanınmış şəxsiyyətlərə, Şəhidlərimizə həsr olunmuş şeirlərə daha çox üstünlük verir. Leylanın bu istedadını artıq hamı bilir.
Cəmiyyətdə hər kəs onu “vətənpərvər Leyla” kimi tanıyır və sevir. Təkcə şəhər yox, respublika tədbirlərində, konsert proqramlarında iştirak etməklə yanaşı, dəfələrlə hərbi hissələrdə əsgər və zabitlərimizin qarşısında da çıxış edir kiçik məktəblimiz. Və bu çıxışlar hər zaman da sürəkli alqışlarla sonlanır. Bu, Leylanın bacarığına, istedadına olan ən böyük qiymət olur.Amma təkcə bununla iş bitmir. Leyla bir çox sahələrdə fitri istedada malikdir. Onun çəkdiyi rəsmlər hər kəsi heyran edir. Həyata, insanlara, heyvanlara, təbiətə... olan sonsuz sevgisi onun rənglər dünyasında əksini tapır. Leylanın dünyası gözəlliklə doludur, rəngarəngdir... –sonsuz üfüqlər kimi.Yenə də bitmədi. Leyla  rəqslə də məşğul olur. Elə gözəl də rəqs edir ki, sanki illərin rəqqasıdır. Və rəqs edərkən o, tamam başqa bir aləmin sehrinə düşür sanki. Bunu onun gözlərindən, üz cizgilərindən, əl hərəkətlərindən, bütün vücudunun tərpənişindən hiss etmək olur. Əsasən də milli rəqslərə üstünlük verir o. 
Musiqi duyumu güclü olan Leyla musiqi təhsili də alır, fortepiano üzrə.
Leylanın incəsənətə xüsusi marağı var. Hərdən soruşanda ki, ”bu qədər istedad sahibisən, böyüyəndə hansı sənəti seçərdin?”, cavab verir ki, “mədəniyyət, incəsənət sahəsini seçərəm”.
Leyla , həmçinin, bir çox uşaq tamaşalarında aparıcılıq etməklə yanaşı,  baş rolun ifaçısı kimi, aktyorluq məharətini də ustalıqla göstərir və uğura imza atır. O, aktyorluq üzrə kursa da yazılıb və istedadı ilə ustadlarınıheyran edir.
Tədbirlərdə, konsert pqroqramlarında, uşaq tamaşalarında... aparıcılığı ilə könülləri oxşayan Leylaya uca Allah tərəfindən bir vergi də verilib: onun gözəl səsi var. Nə bilmək olar, bəlkə bir gün öz şeirlərinə musiqi bəstələyərək və özü də ifa edərək, Leyla məşhur bir şair-bəstəkar-müğənni olacaq?! Bəlkə də, peşəkar aparıcı-jurnalist olacaq?! Çünki Leylanın həyata fərqli baxışları, düşüncələri, maraqlı, məntiqli sualları və cavabları... bunu deməyə əsas verir.
Beləliklə, siz də fitri istedada malik olan LEYLA qızımızı yaxından tanıdız.Onu da  qeyd edək ki, Leylanın bu il məktəbə qədəm qoyacaq bacısı Mədinə də ondan geri qalmır: şeir deyir, şəkil çəkir, mahnı oxuyur, rəqs edir...  Onun da zamanla, bacısı kimi, uğurlar qazanacağına əminik.
Leylanın uğularında valideynlərinin rolu əvəzsizdir. Ata – Polad bəy diqqət və qayğısını əsirgəməməklə yanaşı, işləyərək ailənin tələbatlarını ödəyir, övladlarının təhsilinin və bacarıqlarının daha da təkmilləşməsi üçün nə lazımdırsa edir. 
Leylanın hazırlıq, qiraət, rəsm, musiqi, aktyorluq, rəqs... kurslarına, məşqlərə vaxtı-vaxtında aparılması ananın üzərinə düşən bir məsuliyyətdir. Aynur  xanım, böyük sevgi və həvəslə, bu işlərin yükünü qaldırır vəöhdəsindən də layiqincə gəlir. Leylanın xalası Nailə xanım hər zaman bacısının yanında olmaqla, əsas dəstəkçisidir.   
Leyla valideynlərinin isti nəvazişi, adını daşıdığı nənəsinin, bütün qohum-əqrabalarının tükənməz məhəbbətilə dərslərini əla oxuyur, kurslara və məşqlərə həvəslə gedir və yeni arzularla irəli addımlayır...
Baxın, elə bu səbəbdəndir ki, Lalə xanım Leylanın sorağıyla Məmmədovlar ailəsinin qapısını döydü. Fərqli bir formatda olan verilişdə istedadlı uşaqların, yeniyetmə və gənclərin yer alması, onların daha geniş kütləyə tanıdılması alqışalayiqdir.Bizə qalır bircə demək: “Yolun açıq olsun, BİZİM LEYLAMIZ!”.
Aygün Hacıyeva,AJB, AYB və AAB-nin üzvü
​​​ 

Oxşar xəbərlər