
Gündəm
14-03-2025, 19:45
145
Eldar İsmayılovun “Azərbaycan dünyası” jurnalının 25, özünün isə 75 illik yubileyi keçirildi – FOTOLAR
ONDERTV.ORG
Martın 11-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Azərbaycan dünyası” beynəlxalq jurnalının yaranmasının 25, eyni zamanda jurnalın təsisçisi və baş redaktoru, “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti, ictimai xadim, xeyriyyəçi-mesenat, türkoloq, publisist Eldar İsmayılovun (Eldar İsmayıl) 75 illik yubileyinə həsr olunan gecə keçirildi.tədbirdə dövlət rəsmiləri, xarici diplomatlar, mədəniyyət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak edirdilər.
Haşiyə: Eldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk ali təhsilini Rusiyanın paytaxtı Moskva şəhərində – Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsində alıb. Daha sonra – 2001-2005-ci illərdə Dərbənd Humanitar Universitetinin Filologiya fakültəsində rus dili və ədəbiyyatı ixtisası üzrə ikinci ali təhsil alıb.
Keçmiş SSRİ-nin süqutundan sonra səhmdar cəmiyyətini yaradıb və Türkiyə, Ukrayna və İsveçrə ilə əməkdaşlıq edərək bizneslə məşğul olub. 1995-ci ildən o, heraldika müəllif şirkətini yaradıb. Azərbaycan üçün suvenirlər, mükafatlar, orden və medallar istehsal edən fabrikə rəhbərlik edir.
1998-ci ildə “Azərbaycan dünyası” beynəlxalq jurnalını yaradıb. Jurnalın Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İsrail, ABŞ, Moldova, Ukrayna, Rusiya, İsveçrə, Almaniya, Rumıniya və digər dünya ölkələrinə, həmçinin dünya azərbaycanlılarına həsr olunmuş bir çox layihələri var. 2013-cü ildən Azərbaycan Veteranlar Təşkilatı İdarə Heyətinin üzvüdür. 2016-cı ildən Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidentidir. 2010-cu ildən Dağıstan Respublikasının Dərbənd şəhərinin fəxri vətəndaşıdır. 2013-cü ildən Şimali Kipr Türk Respublikasının Demokrat Partiyasının Azərbaycandakı fəxri nümayəndəsidir.
- 2016-cı ildə “Azərbaycan Xalq Diplomatiyası” mükafatı ilə təltif olunub.
- 2017-ci ildən İstanbul “Yeditepe” Universitetinin Fəxri doktorudur.
- 2019-cu ildə BMT-nin nəzdində Beynəlxalq İctimai Fondunun – “Altın Kıran” ordeni (Qızıl Qartal) ilə təltif olunub.
- 2019 -cu ildə Əl-Farabi adına Qazax Xalq Universitetinin (KazNu) yubiley medalı ilə təltif olunub (Almatı).
- Bir çox Avropa və beynəlxalq universitetlərin fəxri professorudur.
- Qazaxıstan Respublikasının “El Ardaktysy” medalı (Millətin fəxri) (Türküstan şəhəri, Qazaxıstan) və mesenatlığına görə Ukrayna Pravoslav Kilsəsinin “II Müqəddəs Vladimir” ordeni ilə təltif olunub.
Eldar İsmayılov Qarabağ müharibəsi veteranları ilə sıx əlaqədədir. Azərbaycan veteranlarının göstərdiyi şücaət və qəhrəmanlığına görə təltif olunması üçün xüsusi diplomlar və döş nişanlarının təsisçisidir.
2013-cü ildə “Qayğıkeş” qızıl diplomunu təsis edib. Bu diplom ilk olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib. Belə ki, 9 may 2017-ci ildə Bakıda Həzi Aslanov heykəlinin qarşısında “Qayğıkeş” diplomu və qızıldan hazırlanmış veteran döş nişanı Prezident İlham Əliyevə təqdim olunub. 2018-ci ildə İstanbul şəhərində Zibeydə ananın (Atatürkün anası – red.) adına olan cəmiyyətə “Mehriban Ana” ordenini təqdim edib.
***
Tədbirdə dövlət himni səsləndirildikdən sonra “Azərbaycan dünyası” beynəlxalq jurnalı və “Dədə Qorqud” Milli Fondunun fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.
Moderatoru musiqişünas Nərgiz Kərimovanın olduğu tədbirdə açılış nitqi ilə çıxış edən BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə yubilyarı təbrik etdi, ona gələcək fəaliyyətində uğurlar arzuladı və BMM-nin təbrik məktubunu təqdim etdi.
Daha sonra Eldar İsmayılov çıxış etdi və sayəsində ərsəyə gəlmiş – 1998-ci ildə yaradılan və üç dildə – Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “Azərbaycan Dünyası” jurnalının yaranma tarixindən, jurnalın nəşrində əməyi keçənlərin zəhmətindən bəhs etdi. Jurnalın əsasən azərbaycanlıların xarici ölkələrdə sıx yaşadığı ərazilərdə yayıldığı vurğulandı.
Eldar İsmayılov qeyd etdi ki, “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” jurnalının məqsədi Türk dünyası xalqlarının birliyi, tarixi vətənimizdən kənarda yaşayan soydaşlarımızın həmrəyliyi, xalqlar və ölkələr arasında dostluq əlaqələrinə nail olmaqdır.
“Dədə Qorqud” Fondunun təsis etdiyi ordenlərə ölkəmizin rəsmi şəxsləri, ictimai xadimləri və ziyalıları layiq görülmüşlər. Jurnalın səhifələrində müstəqil Azərbaycanın, eyni zamanda, ölkədən kənarda yaşayan yurddaşlarımızın siyasi, iqtisadi və mədəni nailiyyətləri işıqlandırılır, təbliğ edilir. “Azərbaycan dünyası” diasporumuzun görən gözü, danışan sözüdür!”, – deyə qeyd etdi.
Eyni zamanda, diqqətə çatdırdı ki, “Dədə Qorqud” jurnalının idarə heyətinin fəxri üzvləri akademiklər, ziyalılar və görkəmli ictimai-siyasi xadimlərdir.
Yubilyarı təbrik üçün təşrif gətirənlər sırasında Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Yuri Qusyev də vardı. Səfir tədbir iştirakçılarını Azərbaycan dilində salamladıqdan, yubilyarı təbrik etdikdən sonra çıxışını ana dilində davam etdirdi. Təbrik üçün təşəkkür edən Eldar İsmayılov Yuri Qusyevi Fəxri Diplomla təltif etdi. Tədbirdə Əməkdar artist, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadəyə, musiqişünas Nərgiz Kərimovaya, “Azərbaycan dünyası” jurnalının əməkdaşları Sabir Dadaşov və Zarema Dadaşovaya, Əməkdar artist Tural Ağasıyevə və pianoçu Sevda İsgəndərovaya “Dədə Qorqud” Milli Fondunun təsis etdiyi ordenlər təqdim olundu.
Gecənin bədii hissəsində Xalq artisti Sərxan Sərxanın, Əməkdar artist Tural Ağasıyevin, pianoçu Fərəh İsmayılovanın, Əvəzağa Hacıyevin və digər sənətçilərin ifaları təqdim olundu.


