Rublika: “Unutmağa haqqımız yox!”.       VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELÇİN HÜSEYNOVUN CƏNNƏTDƏKİ MÖVLUDU QEYD OLUNDU
6-09-2024, 19:00
204

Rublika: “Unutmağa haqqımız yox!”. VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELÇİN HÜSEYNOVUN CƏNNƏTDƏKİ MÖVLUDU QEYD OLUNDU

ONDERTV.ORG

​​​​2020-ci il, sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi tariximizin  Şanlı səhifələrindəndir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Tarixi Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünun bərpa olunması uğrunda Şəhidlik Zirvəsinə yüksələn Vətən övladları bu mərdlik savaşının əbədi olaraq qəlblərdə yaşayacaq Qəhrəmanlarıdır! Belə Qəhraman oğullardan biri də Vətən müharibəsi Şəhidi - kəşfiyyatçı Elçin Hüseynovdur!
Bu gün Şəhidimizin, Cənnətdəki yeni – 32 yaşının tamam olması münasibətilə,  əziz-doğmalarının, Şəhid ailələrinin, onun məktəb müəllimlərinin və sinif yoldaşlarının, həmçinin ədəbi caminin və media nümayəndələrinin iştirakı ilə, Sumqayıt Şəhidlər Xiyabanında xoş xatirəsi anıldı.  
Şəhidimizin anası Mətanət xanımın yanında olan Elçinsevərlər, Vətən oğlu ilə bağlı, ürək sözlərini söylədilər; həyat və döyüş yolu səhifələri vərəqləndi, xatirə şəkilləri çəkildi...
Şəhidimizin həyat və döyüş yolu ilə tanış olaq:
 
 
3-cü dərəcəli “Rəşadət” ordenli
HÜSEYNOV ELÇİN ZAMİN oğlu   
(MAHHXHQ, Çavuş)  
 
Elçin Hüseynov 6 sentyabr 1992-ci ildə  Bakı şəhərində anadan olub. 3-4 yaşlarında olanda Hüseynovlar ailəsi Bakıdan Sumqayıt şəhərinə köçüb. Balaca Elçinin sonrakı həyatı Sumqayıtla bağlı olub.O, 1999-2009-cu illərdə Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə, 2009-2012-ci illərdə  Sumqayıt Dövlət Texniki Kollecin “Ğömrük işi” fakültəsində təhsil alıb.
Təhsilini uğurla başa vuran E.Hüseynov 2012-2014-cü illərdə Naftalan şəhərində yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.
Xidməti dövründə ön cəbhəyə can atan E.Hüseynov 3 dəfə raportla hərbi hissə komandirinə müraciət edir:“Məni ön cəbhədə xidmət etməyə göndərin”. Komandiri isə hər dəfə bildirir ki, “oğlum, müharibə olanda nəinki sən, hamımız ön xəttə gedəcəyik”.
Elə xidməti dövründə gənc əsgər gələcək yolunu təyin edir. Belə ki, öz ixtisası üzrə deyil, məhz hərbçi kimi həyatına davam etməyə qərar verir. Bu məqsədlə,o, Müdafiə Nazirliyinə müraciət edir, razılıq aldıqdan sonra, 2014-2016-cı illərdə AR MN-nin Bakı korpuslarının birində - Sumqayıt şəhər Z.Tağıyev qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə xidmət edir. 
E.Hüseynov xidməti dövründə “Snayper” ixtisası üzrə tam kursu bitirir, MN-nin “İlk hərbi-ixtisas təhsili haqqında” Sertifakatına layiq görülür və ilk hərbi ixtisas üzrə 3-cü dərəcəni alır. 
E.Hüseynov 2016-cı ilin Aprel döyüşləri ərəfəsində,ön cəbhədə xidmət etmək istəyi ilə komandanlığa müraciət etdiyindən, Ağdam rayonunun Qaradağlı kəndində yerləşən hərbi hissəyə köçürülür. Gənc əsgər daha sonra Ağdam rayonunun müxtəlif kəndlərində müxtəlif hərbi hissələrin kəşfiyyat bölüyündə “kəşfiyyatçı-snayperçi” kimi xidmət göstərir. Aprel döyüşləri zamanı Elçin də şücaəti ilə seçilənlərdən olur...
E.Hüseynov 28.11.2016-cı il tarixdən 27.12.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Təlim və Tədris Mərkəzi”ndə fəaliyyət göstərən “Snayper” (7.62 mm SVD snayper tüfəngi üzrə) kursunu bitirir. O, 15.01.2018-ci il tarixdən 23.03.2018-ci il tarixədək isə “TTM”-də “Snayper hazırlığı kursunu” (12.7mm QSV-96 snayper tüfəngi üzrə) uğurla başa vurur.
Düşmənə qarşı amansız olan cəsur döyüşçü, hələ müharibənin başlanmasına bir neçə gün qalmış, işğal altında olan torpaqlarımıza, düşmən postlarına kəşfiyyata gedir, bir neçə əməliyyatda iştirak edir. Ağdam istiqamətində düşmən təxribatının qarşısını alarkən, düşmənin bir neçə hərbi qulluqçusunu – yüksək rütbəli zabitlərini snayper tüfəngi ilə məhv edir və geri dönən kəşfiyyatçını hərbi hissənin şəxsi heyəti təmtəraqla qarşılayır. 
Elçin hərbi paltarlarını çox sevər, qoruyar, səliqə ilə saxlayardı. Hətta fəsilə uyğun olaraq, paltarlara müxtəlif dizayn verərək özü tikərdi. Hər fəsillə bağlı geyimləri vardı: sarı yarpaq, ağ qar, yaşıl otlar... Görənlər onun bu qabiliyyətinə, bacarığına heyran qalardılar.
Elçin qeyrətli, vicdanlı, humanist, vətənpərvər gənc idi. Tam əminliklə demək olar ki, ona bu xüsusiyyətlər anasından keçmişdi. Mətanət xanım uzun illər hərbçi (MAXE) olub. Bu sənəti, qürurverici formanı daşımağı özü seçib. O da ayağına “batinka” geyinib, poliqonlarda olub, hərbinin çətinliklərini görüb. 17 il – 2000-2017-ci illərdə Sumqayıt Hərbi Hospitalında tibb işçisi kimi xidmət edib. Sonradan həmin hospital ləğv olunduğundan, hərbçilər diğər hərbi hissələrə və hərbi hospitallara köçürülüb. Ana isə hosbital ləğv olunmamışdan əvvəl, yaşa görə - 45 yaşda 25 illik əmək stajı ilə ehtiyata buraxılıb.
Mətanət xanım hər zaman Vətənə xidmət etməkdən qürur duyub. Onun xidmət etdiyi illərdə, Müdafiə nazirinin şəxsi imzası ilə təsdiq olunmuş medalları, Fəxri Fərmanları, Təşəkkürnamələri var. Gənc oğlana anasından keçmişdi Vətən, Torpaq sevgisi! O, hər zaman deyirdi: “Ana, mən səndən öyrəndim Vətəni necə sevmək lazımdır”.
27.09.2020-ci il tarixi kəşfiyyatçımızın səbisizliklə gözlədiyi gün oldu. Ağdam, Ağdərə, Tərtər bölgələrində xidmət edən igidimiz okrtyabrın  2-si Ağdərə-Tərtər istiqamətində, Suqovuşan uğrunda gedən qızğın döyüşlərdə düşmənə qarşı çəsarət və mərdliklə mübarizə aparır. Savaş meydanında o, iki dəfə yaralanır. Buna baxmayaraq, özündə güc toplayıb mübarizəsini davam etdirir. Komandirinin “geri qayıt!” əmrinə belə, tabe olmayaraq yenidən  irəli atılır. 
Düşmənin bir neçə postunun ələ keçirilməsində, çox sayda canlı qüvvəsinin məhv edilməsində xüsusi şücaət göstərən gənc döyüşçü qəfildən namərd gülləsinə tuş gəlir... 
Azərbaycan Ordusunun mübariz, qorxmaz cavuşuElçin Hüseynov 02.10.2020-ci il tarixdə Uca Allah tərəfindən seçilərək, Şəhidlik Zirvəsinə yüksəlir. İgid oğulun nəşi 2020-ci il oktyabr ayının 16-sı axşam saatlarında doğma şəhərinə gətirilir və oktyabr ayının 17-sində Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılır.
Azərbaycan Silahlı Qüvvələrinin igid döyüşçüsü, 44 günlük Vətən müharibəsində adını Azərbaycan Tarixinun Şanlı səhifələrinə yazan, snayperinə hədsiz bağlı olan sərrast atıcı, 28 yaşlı kəşfiyyatçı-snayper, çavuş Elçin Zamin oğlu Hüseynov ölümündən sonra, Azərbaycan  Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına əsasən, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunur. 
“Ruhun şad olsun, Cənnətməkan Şəhidimiz!”, - deyirik.
 
 
Bir gün Şəhidlərimizin canı, qanı bahasına, qazilərimizin və bütün Vətən oğullarının əzmkarlığı sayəsində geri alınmış yurd yerlərində yenidənqurma, abadlıq işləri aparılır,  insanların geri dönüşü başlanıb... Qəhrəmanlarımız hər zaman xoş xatirəylə yad ediləcək, onların şərəfli döyüş yolları, həyat hekayələri gələcək nəsillər üçün bir örnək olacaq...
 
 
Aygün Hacıyeva,
AJB, AYB, AAB-nin üzvü
 

Oxşar xəbərlər