O ŞUŞADAN, BU ŞUŞAYA…
30-07-2024, 20:20
298

O ŞUŞADAN, BU ŞUŞAYA…

ONDERTV.ORG

​​​​Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!
                                                                Əziz Şuşa, biz səni dirçəldəcəyik!  lham Əliyev
 
Şuşanın azad olunduğu ilk vaxtlarda Nərimanov Tibb Mərkəzinin direktoru, tibb üzrə fəlsəfə doktoru Fazil Alməmmədovun təşəbbüsü ilə, təcrübəli həkim qrupunun tərkibində Şuşa Modul Tipli Xəstəxanaya ezam olunduq. Bu səfərin əsas məqsədi dədə-baba torpaqlarından uzaq düşmüş vətəndaşlarımızın öz doğma yurdlarına qayıtması prosesində yaxından iştirak edən şəxslərə, hərbçilərimizə  tibbi yardım göstərmək idi. Lakin bizim üçün bir vətəndaş kimi bu missiya yalnız tibbi xidmətlə məhdudlaşmırdı. Bizim üçün daha önəmli olanı Qarabağın tacı, hər bir Azərbaycanlı üçün müqəddəs və əziz sayılan, 28 illik işğaldan sonra azad olunmuş Şuşanın günəşinə boylanmaq, havasını udub, suyunu içmək, hüsnünü seyr etmək ən boyük xoşbəxtlik idi.
İmkan düşdükcə Şuşanın hər daşını belə diqqətlə gözümüzə və könlümüzə yığırdıq. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan gözəl şəhərin hər tərəfində erməni vandalizminin izlərini gördük.Tarixi abidələrimiz, qədim məbədlərimiz, muzeylərimiz məhv edilmiş, şəhər viran qoyulmuşdu. Viran olmuş, əsir şəhərin ürəkağrıdan mənzərəsi erməni işğalı dövründə onun necə talan olunduğunun sözsüz ifadəsi idi. Bu dağıntılar yalnız fiziki məkanın məhv edilməsi deyildi; bu, həm də milli kimliyimizin və yaddaşımızın məhv edilməsinə yönəlmiş bir hücum idi.  Bu dağıntılar, insan ruhunun qaranlıq tərəflərinin təzahürü idi. Şuşa, o vaxtlar kədərli bir xatirə, keçmişin, mədəniyyətinin və tarixinin qırıntıları arasında yaşamağa, var olmağa çalışan bir şəhər idi. Şuşanın xatirələrə dönən o kədərli mənzərəsinin içindən sabaha inamla baxan bir işıq boylanırdı...
2020-ci il noyabr ayının ilk günlərini xatırlayıram. Cəbhədən bir birinin ardınca xoş xəbərlər gəlirdi. Hər bir yüksəkliyin, kənd və şəhərimizin azad olunma xəbərini xalqa Müzəffər Ali Baş Komandan İlham Əliyev özü çatdırırdı və sonda da “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyərək düşmənə dəmir yumruq göstərirdi. Sevincimizin həddi-hüdudu yox idi, uçmağa qanadımız çatmırdı. Hamının qulağı və gözü bütün günü xəbərlərdə idi.
Və nəhayət, 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından xalqa müracət edən Müzəffər Ali Baş Komandan İlham Əliyev: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir” deyərək 28 illik həsrətdən sonra Azərbaycan Ordusunun Qarabağın tacı olan Şuşa şəhərini azad etməsi xəbərini Azərbaycan xalqına və dünyaya bəyan elədi. 
Ermənistan kimi bir dövlətin 200 illik rəzil işğal siyasətinə son qoyuldu. Onun tarixi çıxışında hamını daha çox qürurlandıran və şərəfləndirən: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” kəlmələri həmin andan dillərdə dastan oldu, nəğmələrə çevrildi və Şuşa şəhərinin dirçəldilməsinin və yenidənqurmasının həm xeyir-duası, həm də böyük yaradıcılıq və quruculuq işlərinin təməli oldu. 
Cənab prezidentimiz İlham Əliyev söz verdiyi kimi Şuşa şəhərinə xüsusi qayğı göstərdi. İndi Şuşamızın hər bir küncündə onun böyük zəhməti və qayğısı özünü göstərməkdədir: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərancamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.
 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin   5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edildi. 
2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 noyabr 2023-cü il tarixli Sərəncamı imzaladı. 
Daha qürurvericisi isə 6 İyul 2024-cü ildə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsi imzalandı. 
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirildi. 
Ənənəyə çevrilən Vaqif Poeziya Günləri, "Xarıbülbül" festivalı və digər mötəbər tədbirlər Şuşamızı dünyanın ən tanınmış şəhərlərindən biri kimi tanıtdı, bununlada o hər bir azərbaycanlının şöhrət ünvanına çevrildi.
2024-cü ilin İyulunda yenə də bir qrup təcrübəli həkimlərlə birlikdə Şuşada xidmət göstərən şəxslərə və sakinlərə fasiləsiz tibbi xidmətin göstərilməsi üçün yenidən Şuşa şəhərinə ezam olundum. Şuşanın o vaxtdan bəri necə dəyişdiyini, necə abad olduğunu, göz və könül oxşayan başqa bir mənzərəyə çevrildiyini gördüm. Hər bir yeni tikilmiş bina, salınmış yol və abadlaşdırılmış məkan, insanın ümidinin və iradəsinin bir simvoludur. Şəhərin hər küncündə uşaqların oynaması, insanların gülüşü, ayrı düşmüş doğmaların bir araya gəlməsi, çox saylı turistlərin və qonaqların gözə dəyməsi Şuşanın daha əzəmətli olmasını, burada həyatın və inancın qələbəsini ifadə edir. Keçmiş Şuşa sakinləri yüksək zövqlə təmir olunmuş, daha abad olmuş evlərinə qayıdırlar, hər tərəfdə həyat yenidən canlanır və gözəlləşir. Şuşa artıq yalnız bir tarixi yer deyil, həm də gələcəyin parlaq bir simvoluna, etalonuna çevrilmiş bir şəhərdir. Şuşanın bu günkü vəziyyəti, keçmişin dağıntılarından gələcəyin ümidinə doğru bir səyahətdir. Bu dəyişiklik, yalnız fiziki bir bərpa deyil, həm də insan ruhunun və inancının bir qələbəsidir. Şuşa, tarixi və mədəni irsini bərpa edərək, gələcəyə doğru ümidlə baxan bir şəhərə çevrilmişdir. Bu, hər birimizin həyatında tətbiq edə biləcəyimiz dərin bir fəlsəfi dərsdir: keçmişin dağıntılarından qalxmaq və yenidən doğulmaq mümkündür. Şuşamız indi dünyanın hər yerində tanınınır..
Müasirliklə səsləşən bu şəhəri nə gəzməkdən, nə də baxmaqdan könül doymur. Sadəcə Ulu Öndər Heydər Əliyev dediyi kimi: “…fəxr edirəm ki, azərbaycanlıyam… ", qürurluyam, qalib və yeniləşən, dünyaya nümunə  olan bir ölkənin-Azərbaycanın Vətəndaşıyam! Qəlbim fərəhlə dolur, çünki o vaxtkı Şuşadan bu günkü Şuşaya qədər böyük bir inkişaf və irəliləyiş, başqa bir gözəllik, Yeni bir Azərbaycan var. Uca dağların ayna tutduğu gözəl Suşanı seyr etdikcə, böyük şairimiz Mikayıl Müşfiq düşür yadıma:
Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!
Nərimanov Tibb Mərkəzinin həkim- pediatrı Sevil Orucova

Oxşar xəbərlər